“Xaricdəki tələbəmiz” – “Bakım və anamın yeməkləri üçün darıxıram” –

Budəfəki müsahibimiz İsveçin Umea Universitetində magistr təhsili alan Cavid Abdullayevdir.

– 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində bakalavr təhsili  almışam. 2010-cu ildən İsveçin Umea Universitetində iqtisadi və sosial coğrafiya fakültəsində turizm ixtisası üzrə magistr təhsili alıram. Umea kiçik, sakit, təbiətli çox gözəl yerdir. Əhalisi da çox mehribandır. Kiçik olmağına baxmayaraq, təhsil aldığım universitet İsveçdə ən çox tələbəsi olan universitetlərdən biridir.   

– Xaricdə təhsil almağı fikri necə yarandı?

– Hələ BDU-da təhsil aldığım ilk illərdə xaricdə təhsil almaq arzum idi. Universiteti bitirdikdən dərhal sonra xarici dil imtahanı verdim, amma əsgərliyə getmə zamanım yetişdiyi üçün bu arzuma birillik fasilə verdim. Əsgərlikdən qayıdan kimi axtarışımı başladım və sonda istədiyimə nail oldum. Mən dövlət proqramı əsasında təhsil alıram. Mənə 3 ölkədən – İsveç, Almaniya və İngiltərədən təklif gəldi. Dostlarımla müzakirələrdən sonra qərara gəldim ki, İsveçdə oxuyum. Daha sonda isə bütün sənədləri Təhsil Nazirliyinə təqdim etdim.  

– Yad ölkəyə necə uyğunlaşa bildin?

– Mən təbiətcə getdiyim yerə tez adaptasiya olan bir insanam. 2007-ci ildə ABŞ-da keçdiyim iş təcrübəsi yad yerə uyğunlaşma qabiliyyətimi daha da artırdı. Düzdür, bura Amerikadan çox fərqlidir. Amma buraya alışmağıma İsveçdəki azərbaycanlı tələbələrin çox köməyi oldu.

– Azərbaycanlı tələbələr neçə nəfərdir? Onlarla əlaqələrin necədir?

– İndi cəmi iki nəfərik. Bura ilk gələndə artıq 2-ci ilini oxuyan üç tələbə var idi. Onlar təhsilini başa vurub artıq Azərbaycana qayıdıblar. Münasibətlərimiz həmişə mehriban olub və başqa millətlərdən çoxlu dostumuz olsa da, boş vaxtlarımızı birlikdə keçiririk. Bundan başqa, burada türk tələbələr də çoxdur.   

– Asudə vaxtınızı necə keçirirsiz?

– Boş vaxtımız o qədər də çox olmur, amma yenə də əlimdən gələn qədər səmərəli istifadə etməyə çalışıram. 2011-ci ildə azərbaycanlı tələbələrlə birlikdə SAYU (Sweden Azerbaijan Youth Union) adlı təşkilat təsis etdik. Azərbaycana aid əlamətdar günlərdə tədbirlər keçiririk və bacardığımız qədər ölkəmizi pozitiv tərəfdən təmsil etməyə çalışırıq. Bundan başqa, burada həvəskar futbol komandamız var. Müxtəlif həvəskar turnirlərdə iştirak edirik. 

– Bir az da təhsildən danışaq, bizim təhsildən buradakının fərqi nələrdir?

– Düzü, fərqlər çoxdur. Məsələn, burada müəyyən vaxt ərzində proqram daxilində olan bir kursu seçirsən və kurs bitdikdən sonra digər kurs başlayır. 2 illik proqram içində bəzi kurslar (özək kurslar) məcburidir, bəzilərini isə gələcək karyera planlarına görə, sevdiyin istiqamətə görə və s. özün seçirsən. Bundan başqa, əsas fərqlərdən biri budur ki, kursların çoxunda dərslərdə iştirak tam könüllüdür. Qayıb yoxdur, amma bəzi kurslarda (nadir hallarda) tələbənin dərslərdə iştirakının labüdlüyü vurgulanır. 

– Bəs  müəllimlər tələbələrlə münasibəti necədir?

– Müəlimlərlə tələbələrin münasibəti məni İsveçdə ən təəcübləndirən şeylərdən biri oldu. Onlar özlərini çox səmimi aparır, hətta bəzən arada olan yaş fərqini də unutdururlar. Azərbaycanlı tələbələrə isə münasibət əladır. Ümumiyyətlə, heç kimə fərq qoyulmur. Müəllimlər əsasən cavandır, amma yaşlı müəllimlərin təcrübəsi də öz sözünü deyir. 

– Səncə, İsveçdə təhsil almaq çətindirmi?

– İlk semestri başlayanda bir qədər çətin gəldi. Məncə, bu, İsveç və Azərbaycan təhsil sistemindəki əsaslı fərqlərdən irəli gəlirdi. Amma tezlilklə hər şey öz qaydasına düşdü. 

– Azərbaycandakı tələbə həyatınla oradakı tələbə həyatı arasında hansı fərqlər var?

– Burada tələbəlik istənilən cəhətdən Azərbaycandan qatqat çətindir. Həftə içi hamı gününü yalnız və yalnız oxumağa ayırır. Bəzən kitabxanada yer tapmaq üçün səhər lap tezden getməli oluruq. Kitabxana sistemi İsveç Universtetlərində ən sevdiyim tərəflərdəndir. Hər şey –  kitab götürmə, qaytarma, axtarış elektronlaşdırılıb və istər online, istərsə də çap versiyada istənilən kitab, məqalə və jurnalı tapmaq, pulsuz istifadə etmək mümkündür.

– İsveçli tələbələrin, ümumiyyətlə, insanların əsas məşğuliyyəti nələrdir?

– İsveçlilər səyahəti sevir. Bundan başqa, uşaqdan böyüyə hamı, hər hansı bir idman növü ilə istər peşəkar, istərsə də həvəskar səviyyədə məşğul olurlar. Yeri gəlmişkən, Şimali Avropanın ən böyük idman kompleksi hazırda yaşadığım Umea şəhərindədir. Həftə sonları isə bar, gecə klubu və ya təbiət qoynunda istirahətə üstünlük verirlər. 

– Xaricdə təhsil sənə nə verir, səndə nələri dəyişə bilib?

– Bura mənə öz ixtisasıma dair daha dərin biliklərə sahib olmağa ve bunu birbaşa praktikada necə həyata keçirməyi öyrətdi. İsveçdən əvvəl də başqa xarici ölkədə uzun müddət qalmışam və fikrimcə, fərqli mədəniyyətlərə baxışımın və dünyagörüşümün formalaşmasında o daha böyük rol oynayıb. İsveç isə daha çox akademik sahədə təkmilləşməyimə və öz üzərimdə daha da çox işləməyimə bir töhvə olub. 

– Xaricdə təhsil alan bir tələbə kimi necə düşünürsən, Azərbaycanlı gənclərin xaricdə təhsil almasına ehtiyac varmı? Bu Azərbaycanın gələcəyinə nə verir?

– Əlbəttə, ehtiyac var. Amma burada hansı ixtisasdan və həmin ixtisasın hansı ölkədə tədris edilməsini, zənnimcə, diqqətlə araşdırmaq lazımdır. Ölkəmizdə də kifayət qədər təcrübəli müəllimlər və xaricdə təhsil görməyən savadlı gənclərimiz var. 

– Azərbaycan haqqında düşünəndə, əsas nələr üçün darıxırsan?

– Ailəm, dostlarım, Bakım və anamın yeməkləri üçün darıxıram. 

– Yemək bişirə bilirsən?

– Az da olsa bişirə bilirdim, amma burada bir az da təkmilləşdirdim. Bəzən həftə sonları beynəlxalq nahar tədbirləri keçiririk. Hər millət öz mətbəxindən hər hansı yeməyi bişirir. Biz də bacardıqca bizim milli xörəkləri yaxşı formada təqdim etməyə çalışırıq. Tələbələr dolma, aş, kabab və s. yeməkleri çox bəyənirlər. Xüsusilə 28 may günü tədbirindən sonra hazırladığımız kabab məclisi bütün universitetin dilinə düşdü, məşhurlaşdı. 

– Bu ölkəyə gəlməzdən əvvəl ora haqqında məlumatın var idi?

– Düzü, bu ölkə, mədəniyyəti haqqında məlumatım çox az idi.  Bircə insanlarının soyuq olduğunu eşitmişdim. O da buraya gəldikdən sonra bu fikrin tamamilə səhv olduğunu gördüm. Çünki insanları çox mehriban və hər an kömək etməyə hazırdırlar. 

– Təqaüdün nə qədərdir? Bu məbləğ sənə bəs edirmi?

– Aylıq 1000 eurodan bir qədər çoxdur. Dəqiq hesablamamışam, amma ödənilən pul kifayət edir. Burada ev bahadır bir az, Avropa ölkələri ilə müqayisədə, ümumiyyətlə, ərzaq və s. daha bahalıdır. Ayda 300 avronu yataqxanaya verirəm. 

– Üzləşdiyin proeblemlər nələrdir?  

– Burada hava çox soyuq olur. Bu cür havanı hər adam sevməz. Bir də xəstəxanada xidmət çox çətindir, xeyli uzun müddət (bir gün, bəzən bir həftə) gözləməli oluruq. Məsələn, adicə diş həkiminə getmək çox bahadır.

Modern.az

Daha çox göstər

Oxşar xəbərlər