TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sualla müraciət etmək istəyirsinizsə, ilk növbədə, aşağıda göstərilən “Ən çox verilən suallar” bölməsi ilə tanış olun. Sizi maraqlandıran suala cavab bu bölmədə öz əksini tapmayıbsa, təqdim olunan formanı dolduraraq sayt vasitəsilə TQDK-ya öz sualınızı təqdim edə bilərsiniz. Sualınıza cavab e-mail ünvanınıza göndəriləcək. Azərbaycan Respublikası Prezidentinin «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» 10 fevral 2010-cu il tarixli 133 saylı fərmanının icrasını təmin etmək məqsədilə, bu il ilk dəfə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə eyni zamanda təhsili dövlət sifarişli və ödənişli əsaslarla olan yerlərə tələbə qəbulu aparılmışdır. Bu mexanizmin tətbiqi ilə bağlı abituriyentləri maraqlandıran bəzi suallara aydınlıq gətiririk: Nə üçün ali təhsil müəssisəsinin hər bir ixtisası üzrə dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan yerlərin sayı ixtisas seçimindən əvvəl müəyyən edilmir? Cavab: Ali təhsil müəssisələrində dövlət sifarişi əsasında adambaşına maliyyələşmə mexanizminin tətbiq edilməsinin əsas məqsədlərindən biri ondan ibarətdir ki, bu qayda üzrə təhsil almaq hüququnun ən bilikli abituriyentlərin qazanması təmin edilsin. Dövlət sifarişi əsasında yerlər ayrı-ayrılıqda hər hansı ali təhsil müəssisəsinə deyil, ümumilikdə ixtisasa, yəni bu ixtisasın mövcud olduğu bütün ali təhsil müəssisələrinə ayrılır. Bu yerlərin müsabiqəsindən keçən abituriyentlər təhsil alacaqları ali təhsil müəssisəsinin, eləcə də təhsil formasının seçimində sərbəstdirlər. Ali təhsil müəssisəsində bu ixtisas üzrə təhsili ödənişli əsaslarla olan yerlərin sayı isə həmin təhsil müəssisəsinə bu ixtisas üzrə dövlət sifarişi əsasında qəbul olunmuş abituriyentlərin sayından asılıdır. Beləliklə, ali təhsil müəssisəsinin hər hansı bir ixtisasına ayrılmış plan yerlərinin dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan yerləri üzrə bölgüsü dövlət sifarişi əsasında təhsil almaq hüququnu qazanmış abituriyentlərin balları və seçimləri əsasında müsabiqə nəticəsində formalaşır.


Ötən il mənə təqdim olunan “İmtahan nəticəsi haqqında məlumat”dan göründü ki, təhsili dövlət sifarişi əsasında olan bir neçə ixtisas kodu üzrə keçid balları eyni idi (misal üçün, müxtəlif regionlar üzrə “Regionşünaslıq” ixtisaslarının keçid balları – 544(4.00) idi. Bunu necə izah etmək olar? Cavab:İmtahan nəticənizə dair məlumatın 5-ci sütununda göstərilən keçid balı konkret ixtisas koduna aid deyil. Bu, bütün ali təhsil müəssisələrinin eyni adlı ixtisasının kodlarında dövlət sifarişi əsasında təhsil almaq üçün keçirilmiş müsabiqə nəticəsində formalaşmış keçid balıdır. “Abituriyent” jurnalının 2010-cu ildə çapdan çıxmış 3-cü sayına (səh.20) diqqət yetirsəydiniz görərdiniz ki, “Dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu”nda “Regionşünaslıq” ixtisasına yerlər ümumi şəkildə (regionlar üzrə bölgü aparılmadan) ayrılmışdır. Və bu ixtisasa dövlət sifarişi əsasında ən aşağı balla qəbul olan abituriyentin nəticəsi 544(4.00) bal olmuşdur.


Ötən il ali təhsil müəssisələrinin bəzi ixtisaslarına dövlət sifarişi əsasında heç bir tələbə qəbul olmamışdır. Bu nə ilə bağlıdır? Cavab:Dövlət sifarişli yerlər uğrunda müsabiqə konkret ali təhsil müəssisəsinin konkret ixtisas kodu üzrə deyil, bütün təhsil müəssisələrində mövcud olan eyni adlı ixtisasların hamısı üzrə birgə aparılır. Nəticədə belə hal ola bilir ki, hər hansı bir ixtisasda dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlər yalnız bir təhsil müəssisəsinin konkret ixtisas kodunu göstərir, digərlərini isə qeyd etmirlər. Abituriyentlərin istəyindəki belə qeyri-bərabər paylanma ali təhsil müəssisələrinin reytinqlərində olan fərqlə izah olunur.

Ali məktəblərə və 11-illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbul

—  Keçid balı ilə müsabiqə şərti anlayışları arasında fərq varmı? Cavab: Əlbəttə, var, bunlar fərqli anlayışlardır. Qəbul qaydalarına əsasən, hər hansı bir ixtisas qrupu üzrə, bəzi hallarda isə bu və ya digər ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin imtahan nəticələri TQDK tərəfindən müəyyən edilmiş tələblərə, yəni müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Tutaq ki, I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 210 bal toplayıb. Lakin onun riyaziyyat və fizika fənlərinin hər hansı birindən nisbi balı 10-dan azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq. Bu və ya digər ixtisasa keçid balı isə yalnız müsabiqə nəticəsində formalaşır. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 60 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 250 nəfər göstərib. Bu zaman həmin 250 nəfərdən ən yüksək bal toplayan 60 abituriyent bu ixtisasa qəbul edilir və 60-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış minimal keçid balı olur.


Mən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 320 bal toplamışam. İxtisas seçimi zamanı ərizəmdə hansı ixtisasları göstərim ki, hər hansı bir ixtisasa qəbul olunum? Cavab: Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil. Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.


Orta ixtisas məktəbini bu il bitirirəm. “Builki şagirdin kodu” bəndinə nəyi yazmalıyam? Cavab: Bu bənd yalnız bu il orta məktəbi bitirən abituriyentlərə aiddir. Digər abituriyentlər bu bəndə heç bir məlumat daxil etmir.


Mən keçən il mərkəzləşdirilmiş imtahandan kəsildiyimə görə attestat ala bilməmişəm. Mən bu il hansı şərtlərlə sənəd verə bilərəm? Cavab: Ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin 2011-ci ildə buraxılış imtahanına buraxılan abituriyentlər TQDK-nın internet saytında göstərilən müvafiq formada arayış təqdim etməklə sənəd verə bilərlər.


Hal-hazırda hərbi xidmətdəyəm. İyulun 1-i hərbi xidməti başa vuracağam. II qrupun imtahanı iyul ayında keçiriləcək. Sənədlərimi mənim əvəzimə valideynlərim təsdiq etdirə bilərlərmi? Cavab: Xeyr, sənəd qəbulu üçün ayrılmış müddətdə hərbi biletinizdə sizin ordudan tərxis olunmağınız və yaşayış yeri üzrə hərbi uçota alınmağınız haqqında müvafiq qeydlər olmalıdır. Yalnız bundan sonra sizin sənədləriniz təsdiq oluna bilər.


Mən Polis Akademiyasına sənədlərimi vermişəm. Bu ali məktəbdən başqa digər bir ixtisası seçə bilərəmmi? Cavab: Xüsusi təyinatlı ali məktəbləri seçən abituriyentlər (həmin ali məktəbin təşkil etdiyi komissiyadan uğurla keçdiyi təqdirdə) ixtisas seçimi zamanı bu ali məktəbin ixtisası ilə yanaşı mülki ali məktəblərin ixtisaslarını da seçə bilərlər. Bu zaman yadda saxlamaq lazımdır ki, hər hansı xüsusi təyinatlı ali məktəbi seçən abituriyent ilk növbədə bu ali məktəbin ixtisası üzrə müsabiqədə iştirak edir. Xüsusi təyinatlı ali məktəbə qəbul olunan abituriyent mülki ali məktəblərin müsabiqəsinə buraxılmır.


Bu il ali məktəblərə keçirilən imtahanda açıq tipli test tapşırıqları olacaqmı? Cavab: Yeni (açıq) tipli test suallarının növbəti ildə – 2011/2012-ci tədris ili üçün keçiriləcək qəbul imtahanlarında istifadə olunması nəzərdə tutulubdur.


Mən texnikumda dövlət hesabına təhsil almışam. Ali məktəbə dövlət hesabına daxil ola bilərəmmi? Cavab: Bəli, sizin ali məktəbdə dövlət hesabına təhsil almaq hüququnuz var. Siz yenidən dövlət hesabına orta ixtisas təhsili ala bilməzsiniz.


— Mən bu il II ixtisas qrupu üzrə imtahan verəcəm. Xarici dil kimi rus dilini seçə bilərəmmi? Cavab: 2010-cu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil edilmişdir.


— Mənim oğlum ötən il keçirilən qəbul imtahanlarında iştirak edib lakin qəbul ola bilməyib. 2011-ci il iyulun 26-da onun 18 yaşı tamam olacaq. O, builki qəbul imtahanlarında iştirak edə bilərmi? Cavab: Qəbul qaydalarına əsasən 1993-cü il təvəllüdlü, iyul ayının 30-dək anadan olan gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Azərbaycan Respublikasının Hərbi komissarlığının müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır. Oğlunuz yalnız bu halda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verə bilər.


— Mən Polis Akademiyasında təhsil almaq istəyirəm. Həmin tədris müəssisəsinə sənədlərimi necə təqdim etməliyəm? Cavab: Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına, Dövlət Sərhəd Xidməti Akademiyasına, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisəsində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Bu barədə daha ətraflı məlumatı həmin tədris müəssisələrindən də ala bilərsiniz. Polis Akademiyasına qəbulla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 1-ci sayımda dərc edilmişdir.


— Mən bu il 11-ci sinfi bitirəcəm. Orta ixtisas məktəblərinə (texnikumlara) qəbul olmaq üçün ayrıca imtahan verməliyəm, yoxsa ali məktəblərə keçirilən imtahanda iştirak etməliyəm? Cavab: Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul olmaq istəyən abituriyentlər ali məktəblərə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə -ali məktəblərə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali məktəblərə qəbulun nəticələri elan olunduqdan sonra Siz orta ixtisas məktəbləri üzrə ixtisas seçimində iştirak edə bilərsiniz. İxtisas seçimi internet vasitəsilə yerinə yetirilməlidir. Orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür: I ixtisas qrupu – texniki, iqtisad, hüquq, pedaqoji ixtisaslar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları; II ixtisas qrupu – kimya-texnoloji və tibb ixtisasları; III ixtisas qrupu- humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları. Оrta ixtisas məktəblərinin I qrup ixtisaslarının müsabiqəsində ali məktəblərin I, II, III və IV qruplarının abituriyentləri, II qrup ixtisaslarının müsabiqəsində ali məktəblərin I və IV qruplarının abituriyentləri, III qrup ixtisaslarının müsabiqəsində ali məktəblərin III qrupunun abituriyentləri iştirak edə bilərlər.


İkinci dəfə ali təhsil almaq istəyirəm. Bununla bağlı qəbul qaydaları necədir? Cavab: İkinci ali təhsil almaq istəyən abituriyent ümumi qaydalarla TQDK-nın keçirdiyi qəbul imtahanlarında iştirak etməlidir. Belə abituriyent Sənəd Qəbulu Komissiyasına digər abituriyentlərdən fərqli olaraq tam orta təhsil haqqında sənədi deyil, ali təhsil haqqında sənədi (əslini), əvvəlki ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı və attestat qiymətləri haqqında arayışı təqdim etməlidir. Qəbul qaydalarına əsasən, dövlət hesabına ali təhsil almış abituriyentlər yenidən dövlət sifarişi əsasında ali təhsil ala bilməzlər.


— Ali təhsil müəssisələrinə müsabiqə zamanı attestat qiymətləri nəzərə alınır, ya yox? Cavab:Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

  • Buraxılış imtahanına daxil olan fənlər üzrə orta attestat balı;
  • əsas fənlər üzrə nisbi balların cəmi;
  • əsas fənlər üzrə düzgün cavabların sayının cəmi;
  • fənlərin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
  • bütün fənlər üzrə bütövlükdə düzgün cavabların sayı;
  • fənlərin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda hə¬min fənlər üzrə düzgün cavabların sayı.

Göründüyü kimi, abituriyentin orta attestat balı nəzərə alınan göstəricilər ardıcıllığında birinci yerdə dayanır.

Magistraturaya qəbul

Bakalavr təhsilimi Fəlsəfə istiqaməti üzrə bitirmişəm. Magistratura səviyyəsində hansı ixtisaslaşmaları seçmək hüququm var? Cavab: Bakalavr ixtisaslarına uyğun gələn magistr ixtisaslaşmaları haqqında ətraflı məlumatı “Magistr” jurnalının 2010-cu il tarixli 3-cü sayında dərc edilən İxtisaslaşma seçimi cədvəlindən əldə edə bilərsiniz.


Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarının 1-ci mərhələsində iştirak edib müsabiqədən keçmişəm. Xarici dil fənnindən 18 bal toplamışam. MBA proqramını seçə bilərəmmi? Cavab: Siz MBA proqramına sənəd verə bilərsiniz. Ancaq xarici dil fənnindən topladığınız bal 20-dən az olduğuna görə, MBA proqramının tədrisi ingilis dilində olan ixtisaslaşmalarını deyil, Azərbaycan və ya rus dilində olan ixtisaslaşmalarını seçə bilərsiniz.


İxtisaslaşmalar üzrə qəbul planı haqqında necə məlumat əldə edə bilərik? Cavab: Qəbul planı “Magistr” jurnalının yaxın günlərdə çapdan çıxacaq 4-cü sayında dərc olunacaqdır.


Mən bakalavr təhsilimi Beynəlxalq hüquq ixtisası üzrə almışam. İxtisaslaşma seçərkən Hüquqşünaslıq istiqaməti üzrə olan ixtisaslaşmaları da seçmək hüququm varmı? Cavab: Bəli, bu ildən bakalavr təhsilini Beynəlxalq hüquq ixtisası üzrə bitirən bakalavrlar Hüquqşünaslıq, eləcədə Hüquqşünaslıq istiqaməti üzrə bitirənlər isə Beynəlxalq hüquq istiqamətinə aid ixtisaslaşmaları da seçə bilərlər.


Qəbul planında dövlət sifarişi əsasında maliyyələşməsi nəzərdə tutulan ixtisaslaşma yerlərinə qəbul olunmaq üçün hansı şərtlər tələb olunur? Cavab: Magistraturaya qəbul imtahanının 2-ci mərhələsi başa çatdıqdan sonra TQDK imtahan nəticələrinin statistik təhlilinə əsaslanaraq, dövlət sifarişi əsasında maliyyələşməsi nəzərdə tutulan ixtisaslaşma yerlərinə qəbul olunmaq istəyən bakalavrlar üçün müsabiqə şərtlərini elan edəcəkdir.


Həm ölkəmizin, həm də Türkiyənin ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları və proqramları haqqında məlumat əldə etmək istərdim. Cavab: Ölkəmizin ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları və proqramları ilə əlaqədar məlumatları “Magistr” jurnalının bu sayından və yaxın vaxtlarda çapdan çıxacaq növbəti sayından ala bilərsiniz. Türkiyə Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanlarla isə müvafiq məlumatlar TQDK-ya daxil olduqdan sonra jurnalımızda və Komissiyanın internet saytından tanış ola biləcəksiniz.


Mən 1-ci ixtisas qrupu üzrə bakalavr, sonra da uyğun istiqamət üzrə magistr təhsili almışam. Özüm riyaziyyatçıyam, indi isə iqtisadiyyat üzrə magistr təhsili almaq istəyirəm. Buna hüququm varmı? Cavab: Siz iqtisadiyyat yönümlü ixtisaslaşmalardan yalnız MBA proqramına daxil olanları seçə bilərsiniz.


Baytarlıq ixtisasını bitirən bakalavr magistraturada başqa bir ixtisaslaşmaya imtahan verə bilərmi? Cavab: Siz ya bakalavr ixtisasınıza uyğun gələn magistratura ixtisaslaşmalarını, ya da MBA və TEMPUS beynəlxalq proqramlarına aid olan ixtisaslaşmaları seçə bilərsiniz.


Mən BDU-nun kitabxanaşünaslıq ixtisasını bitirmişəm. İndi Azərbaycan Dillər Universitetinin ingilis dili ixtisaslaşması üzrə magistraturaya sənəd vermək istəyirəm. Bu, mümkündürmü? Cavab: Qeyd etdiyiniz ixtisası bitirən bakalavr xarici dil ixtisaslaşmalarını seçə bilməz. Siz ancaq ixtisasınıza uyğun olan və ya MBA proqramına daxil olan magistratura ixtisaslaşmalarını seçə bilərsiniz. Azərbaycan Dillər Universitetinin magistraturasının ingilis dili ixtisaslaşmasını seçmək üçün Siz gərək həmin ixtisas üzrə ikinci bakalavr təhsili alasınız.


Mən Azərbaycan Texnologiya Universitetinin menecment ixtisasının III kurs tələbəsiyəm. Birinci və ikinci kurslarda təhsil alarkən mən seçmə fənlərdən “3” qiymət, yəni 70 baldan aşağı qiymət almışam. Bilmək istərdim ki, Türkiyənin ali məktəblərində magistr təhsili ala bilərəmmi? Cavab: 2009-cu ilin qəbul qaydalarına görə, Türkiyə Respublikası universitetlərinin magistraturalarına qəbul olunmaq üçün müraciət edən şəxsin bakalavr pilləsi üzrə orta balı 5 ballı qiymət şkalasında 4-dən (100 ballı şkalada – 70-dən) az olmamalı idi. Builki qəbul qaydalarında həmin məsələ ilə bağlı dəyişikliyin olub-olmaması barədə məlumat veriləcəkdir.


Mən ABU-nun dekorativ – tətbiqi incəsənət və xalq sənəti ixtisasının 4-cü kurs tələbəsiyəm. Bilmək istəyirəm ki, təhsilimi başa vurduqdan sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının uyğun ixtisaslaşmasında magistr təhsili ala bilərəmmi? Cavab: Hər bir bakalavr, hansı ali təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq, ixtisasına uyğun magistratura təhsili aparılan istənilən universitetin ixtisaslaşmalarını seçə bilər.


Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsini bitirmişəm. İxtisasım informatikadır. Bilmək istərdim ki, imtahanda suallar informatika üzrə, yoxsa riyaziyyat üzrə olacaqdır? Cavab: Bakalavrın magistraturaya qəbul imtahanının ikinci mərhələsində imtahan verəcəyi ixtisas fənni onun seçəcəyi proqramdan asılıdır. İxtisaslar üzrə qəbul proqramları və ixtisaslaşma seçimi cədvəli isə “Magistr” jurnalının 3-ci sayında dərc edilmişdir.


İkinci mərhələdə ixtisaslaşma üzrə imtahan suallarına yazılı formada cavab verənlərin balı necə hesablanır? Cavab: İmtahan suallarını yazılı şəkildə cavablandıran bakalavrların yazı işləri TQDK-ya dəvət edilən müstəqil ekspertlər tərəfindən yoxlanılır. Bu zaman hər sualın cavabı 0-5 arasında balla qiymətləndirilir. Daha sonra bu qiymət xüsusi düsturla 50 ballı şkalaya çevrilir.


Mən Azərbaycan Dövlət İqtisad Universitetinin qiymətin əmələ gəlməsi ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Bilmək istəyirəm ki, magistraturaya qəbul imtahanında ingilis dilindən suallar bu ixtisasın profilinə uyğun olacaq, yoxsa ümumi xarakterli? Cavab: Magistraturaya qəbul imtahanının birinci mərhələsində bütün bakalavrların xarici dili bilmə səviyyəsini yoxlayan test tapşırıqları bitirdikləri ixtisasdan asılı olmayaraq ümumi olacaqdır.


Qəbul imtahanının 1-ci mərhələsində məntiq sualları ixtisaslaşma yönümlü olacaq, yoxsa ümumi? Cavab: Magistraturaya qəbul imtahanının 1-ci mərhələsində məntiq blokunda təqdim olunacaq suallar bütün ixtisaslardan olan bakalavrlar üçün ümumi olacaqdır.


Sənəd qəbulu zamanı bakalavrlardan ali məktəbə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayış tələb olunur. Bu sənədi haradan əldə etmək olar? Cavab: Magistraturaya qəbul üçün sənəd verən hər bir bakalavr bitirdiyi ali təhsil müəssisəsindən təhsil aldığı ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən müəyyən edilmiş formada arayış (forma 60_2M) almalı və onu digər sənədlərlə birlikdə Sənəd Qəbulu Komissiyasına təqdim etməlidir.


Universitetin bakalavr səviyyəsini 10 il əvvəl bitirən şəxs magistraturaya sənəd verə bilərmi? Əlavə hansı sənədlər tələb olunur? Cavab: Bakalavriat səviyyəsini hansı ildə bitirməsindən asılı olmayaraq, hər bir ali təhsilli şəxsin öz təhsilini magistraturada davam etdirmək hüququ vardır. Bunun üçün qəbul qaydalarında göstərilənlərdən əlavə heç bir sənəd tələb olunmur.


Mən 2002-ci ildə özəl universiteti bitirmişəm. Magistraturaya daxil olmaq istərdim. Hansı sənədləri təqdim etməliyəm? Bir də bilmək istərdim ki, magistraturada ödənişsiz əsaslarla təhsil ala bilərəmmi? Cavab: Magistraturaya qəbul üçün tələb olunan sənədlər “Magistr” xüsusi buraxılışının 1-ci sayında göstərilmişdir. Təhsilini hansı formada və hansı ali təhsil müəssisəsində almasından asılı olmayaraq hər bir bakalavr magistraturada dövlət sifarişi əsasında bir dəfə təhsil ala bilər.


Məni “Qafqaz” Universitetinin magistraturasına MBA proqramı üzrə qəbul şərtləri maraqlandırır. Həmin proqrama qəbul şərtlərində fərqli cəhətlər vardırmı? Cavab: Magistraturaya qəbul qaydaları, o cümlədən MBA proqramı üzrə qəbul qaydaları ölkəmizin bütün ali təhsil müəssisələri üçün eynidir.


Qızım Azərbaycan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr təhsili alır. O, bu ixtisaslaşma üzrə magistratura təhsilini Türkiyədə ala bilərmi? Cavab: Türkiyə Respublikası universitetlərinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaları Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini müvafiq istiqamət və ixtisaslar üzrə bitirən, təhsil və imtahan göstəriciləri müəyyən olunmuş tələblərə cavab verən bütün şəxslər seçə bilərlər. Ancaq Türkiyə universitetlərinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların siyahısı Türkiyə tərəfindən müəyyənləşdirilir. Həmin ixtisaslaşmaların siyahısı TQDK-ya daxil olduqdan sonra onlar haqqında ictimaiyyətə məlumat veriləcəkdir.


Mən Türkiyə ali məktəblərində ödənişsiz əsaslarla magistratura təhsili almaq istəyirəm. Bunun üçün nə etməliyəm? Sənəd qəbulu nə zaman olacaq? Cavab: Bunun üçün Siz hər şeydən əvvəl magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etməli və elan edilən müsabiqə şərtlərini yerinə yetirib, imtahanın ikinci mərhələsinə buraxılmalısınız. Dövlət xətti ilə Türkiyə Respublikası universitetlərinin magistraturalarına qəbulla əlaqədar məlumatlar Türkiyə tərəfindən TQDK-ya təqdim olunduqdan sonra, Siz elan ediləcək qəbul qaydaları və müsabiqə şərtlərinə uyğun olaraq seçiminizi edə bilərsiniz.


Magistraturaya müsabiqədə iştirak etmək üçün bakalavriat səviyyəsi üzrə orta qiymət balının (diploma əlavədə olan qiymətlərin) hər hansı rolu varmı? Cavab: Ölkəmizin ali təhsil müəssisələrinin magistraturalarına sənəd verərkən diplom üzrə orta qiymət balına məhdudiyyət qoyulmur. Magistraturaya müsabiqə zamanı isə ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır: – ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) toplanılan bal; – bakalavriat səviyyəsi üzrə orta qiymət balı; – məntiqi təfəkkürü yoxlayan testdən toplanılan bal; – xarici dil üzrə testdən toplanılan bal.


Mən bu il bakalavriat səviyyəsini texniki elmlər ixtisası üzrə bitirirəm və magistraturaya daxil olmağı planlaşdırıram. Magistraturada təhsilimi sosial və ya humanitar ixtisaslaşmalar üzrə davam etdirmək hüququm varmı? Cavab: Qəbul qaydalarına əsasən, Siz ancaq bakalavr ixtisasınıza uyğun olan magistr ixtisaslaşmalarını seçə bilərsiniz. Bununla əlaqədar Sizə “Magistr” jurnalının 2-ci sayında dərc olunmuş ixtisaslaşma seçimi cədvəli ilə diqqətlə tanış olmağı məsləhət görürük. Humanitar sahədə magistr təhsili almaq üçün isə Sizin bu sahəyə müvafiq bakalavr təhsiliniz olmalıdır.


Bilmək istərdim ki, ölkə başçısının ali təhsil müəssisələrində yeni maliyyələşmə qaydaları ilə bağlı son fərmanında əks olunan müddəalar magistratura təhsilinə də şamil olunurmu? Cavab: Bəli, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanı magistratura təhsilinə də aiddir. Prezident fərmanına uyğun olaraq, TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarında müvafiq dəyişikliklər etmişdir. Həmin qaydalar “Magistr” jurnalının 1-ci sayında dərc olunmuşdur. Hazırda TQDK-da həmin fərmanın yerinə yetirilməsi istiqamətində digər zəruri tədbirlər görülür.

9-illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbul

— 9 illik təhsil bazasından texnikumlara qəbul imtahanı hansı fənlərdən olur? Cavab: 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanında abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənni bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur.


— Mən 11-ci sinfi bitirib attestat almışam. Ancaq istəyirəm ki, 9 illik şəhadətnamə ilə orta ixtisas məktəblərindən birinə daxil olum. Mən 11 illik orta təhsil aldığım halda 9 illik təhsil bazasından texnikuma sənəd verə bilərəm? Cavab: Tam orta təhsilli şəxslərin, yəni 11-illik təhsilini başa vuraraq attestat almış abituriyentlərin ümumi orta təhsil (9 illik) bazasından orta ixtisas məktəblərinə keçirilən imtahanda iştirak etməsinə icazə verilmir. Siz yalnız 11-illik təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən müsabiqədə iştirak edə bilərsiniz. Bunun üçün isə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib elan olunan müsabiqə şərtlərini yerinə yetirməlisiniz.

Qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları

— Mən ali məktəbin qabiliyyət tələb ixtisaslarından birinə qəbul olmaq istəyirəm. Sənədlərimi hansı qaydaya uyğun təqdim etməliyəm ? Cavab: Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.


— Abituriyentin xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək və ərizəsində onların kodlarını qeyd etmək hüququnu qazanması üçün hansı tələblər yerinə yetirilməlidir? Cavab: Abituriyentin xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək və ərizəsində onların kodlarını qeyd etmək hüququnu qazanması üçün onun qabiliyyət imtahanları üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Test imtahanı fənləri üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur.


Bilmək istəyirəm, qabiliyyət imtahanında müvəffəq qiymət almayanlar, həmin il başqa ixtisasları seçə bilərlərmi? Cavab: Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir. Abituriyentin test imtahanında topladığı bal qabiliyyət tələb etməyən ixtisaslar üzrə müsabiqə şərtlərini ödəyirsə, o həmin ixtisas qrupu daxilində bu ixtisasları seçə bilər.

Rusiya ali məktəblərinə qəbul

— Rusiya Federasiyası ali məktəblərinə qəbul imtahanları nə vaxt keçiriləcək? Cavab:Azərbaycan vətəndaşları üçün Rusiya ali məktəblərində ayrılan yerlər barədə məlumat Rusiya tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunduqdan sonra (aprel-may ayları) ixtisasların siyahısı və qəbul haqqında elan KİV-də və TQDK-nın internet saytında yerləşdiriləcək.

Sınaq imtahanları

Mənim 16 yaşım tamam olmayıb. Şəxsiyyət vəsiqəsi olmadan sınaq imtahanında iştirak edə bilərəmmi? Cavab: Sınaq imtahanına yazılış yalnız şəxsiyyət vəsiqəsi ilə mümkündür. Müvafiq qanunvericiliyə əsasən bütün vətəndaşlar şəxsiyyət vəsiqəsi (16 yaşı tamam olmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi) ala bilərlər .


Mən Rusiya vətəndaşıyam, sınaq imtanlarında iştirak etmək üçün necə və hansı formada qeydiyyatdan keçməliyəm? Cavab: Sınaq imtahanlarına qeydiyyat internet vasitəsilə, abituriyentin şəxsiyyət vəsiqəsindən istifadə edilməklə aparılır. Xarici ölkə vətəndaşları isə Azərbaycan Respublikasında müvəqqəti qeydiyyata alınmalı, yəni ölkəmizin Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikasında yaşamaq hüququnun (immiqrant statusu) verilməsi haqqında vəsiqə almalıdırlar. Yalnız həmin sənədlə TQDK tərəfindən keçirilən sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyata alınmaq və buraxılış vərəqi əldə etmək olar.

Ümumi suallar

— Orta məktəbin rus bölməsini bitirirəm. Amma ali məktəbə qəbul zamanı ərizəmdə Azərbaycan bölməsinin ixtisas kodlarını göstərmək istəyirəm. Bu mümkündürmü? Cavab: Orta təhsil müəssisəsində hansı dildə təhsil almağınızdan asılı olmayaraq Siz ali təhsil müəssisəsinə sənəd verərkən istədiyiniz bölməni (tədris dilini) seçə bilərsiniz. Bu zaman Siz seçdiyiniz bölmədə qəbul imtahanlarında iştirak etməli və ixtisas seçimi ərizənizdə həmin bölməyə aid olan ixtisasların kodlarını qeyd etməlisiniz.


— Mən orta məktəbdə xarici dil kimi alman dili keçmişəm. Bu, attestatda da göstərilib. Ancaq ingilis dilini daha yaxşı bilirəm. Qəbul imtahanında xarici dil kimi ingilis dilini seçə bilərəm, yoxsa mütləq attestatımda göstərilən xarici dil fənni üzrə imtahan verməliyəm? Cavab: Abituriyent orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq seçdiyi ixtisas qrupuna uyğun olaraq qəbul elanında göstərilən bu və ya digər xarici dildən imtahan verə bilər. Bir şərtlə ki, abituriyent ərizə formasını doldurarkən onda imtahan vermək istədiyi xarici dili qeyd etmiş olsun.


— Mən ali təhsil almaq istəyirəm. Özüm müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Bunun nəzərə alınması sayəsində mən ali məktəbə və ya texnikuma müsabiqədənkənar qəbul oluna bilərəmmi? Cavab: Ali və orta ixtisas məktəblərinə tələbə qəbulu TQDK tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə uyğun olaraq müsabiqə əsasında aparılır. Tələbə Qəbulu Qaydalarına əsasən ali və orta ixtisas məktəblərinə qəbulda heç bir imtiyaz nəzərdə tutulmur. Odur ki, Sizin döyüş bölgəsində hərbi xidmət keçməyiniz ali məktəbə müsabiqədənkənar qəbul üçün əsas ola bilməz. Siz ümumi qaydada qəbul imtahanı verib müsabiqədə iştirak etməlisiniz. TQDK