Tələbə adı qazananlar online sistemlə qeydiyyatdan keçə bilərlərmi?

Bir müddət əvvəl Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Artıq tələbə adını qazananların kimliyi bəllidir.

Hazırda ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyat prosesi davam edir. Amma qeydiyyat prosesində müəyyən problemlərin ortaya çıxdığı bildirilir. Məsələn, ali məktəbə qəbul olunan tələbənin şəxsən qeydiyyat prosesində iştirak etməsi qəbul edilmir. Əsasən qeydiyyat prosesinin online olması təklif edilir.

Əslində, ali məktəbə qəbul olunan tələbənin qeydiyyat prosesi necə aparılmalıdır?

Tələbə mütləq daxil olduğu universitetə getməlidir, yoxsa online sistem tətbiq oluna bilər?

Modern.az saytı məsələyə münasibət öyrənmək üçün təhsil eksperti Kamran Əsədova müraciət edib.

Ekspert bildirib ki, əslində belə təcrübə mövcuddur.

“İlk növbədə qeyd edim ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanın da vətəndaşların orta və ali təhsil müəssisələrində qeydiyyatı elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Hazırda Təhsil Nazirliyində I sinfə şagird qəbulunun , məktəbə hazırlıq qruplarına şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Deməli, ölkədə bu praktika mövcuddur. Sadəcə olaraq, ali təhsil müəssisələri ödənişli əsaslarla təhsil verdiyinə görə, burda vəsaitin təhlükəsizliyi məsələsi var”.

Kamran Əsədov məsələnin aktuallığını nəzərə alaraq təklif də səsləndirib.

“Təklif edirəm ki, ali məktəblərə sənəd təqdim edən hər bir abituriyentə elektron imza verilsin və onların şəxsi bank hesabları açılsın. Onlar qəbul olunduqdan sonra əgər universitetə qeydiyyatdan keçməyə vaxt və əlavə xərc ödəmədən keçmək istəsələr, o zaman elektron imza ilə bu prosesi təsdiq edib, şəxsi bank hesablarından təhsil haqqını ödəməklə prosesi yerinə yetirmək mümkündür. Hazırda Avropa və Amerikanın bir sıra ölkələrində bu sistemdən istifadə olunur”.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group