Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Təhsildə İnformasiya və Kommunikasiya Texnologiyalarından istifadə…

Müasir dövrdə İnformasiya Texnologiyaları dedikdə, biznes sahəsində və hal-hazırda təhsil sahəsində  kompüterlərdən və digər informasiya və kommunikasiya vasitələrindən istifadə etməklə məlumatların öyrənilməsi, göndərilməsi, alınması, saxlanılması və dəyişdirilməsi nəzərdə tutulur. Artıq bir çox Təhsil Sistemlərində İnformasiya Texnologiyalarından istifadə, şagirdlərə sinifdə və evdə tədris materiallarını daha dərindən qavramağa kömək edir. Təhsildə İnformasiya Texnologiyalarından istifadənin üstünlüklərini aşağıdakı kimi qruplaşdıra bilərik.

  1. İnformasiya texnologiyaları təlim-tədris prosesini asanlaşdırır: Siniflərdə və auditoriyalarda informasiya texnologiyalarından istifadə ənənəvi metodların uzun və darıxdırıcı mühazirələrini geridə qoydu. Müəllimlərin İT-dən istifadə edərək maraqlı səsli və vizual (görüntülü) təqdimatlar hazırlaması şagirdlərə dərs materiallarını daha dərindən anlamağa imkan verir. Bundan əlavə, belə metodika müəllimlərin məşğələləri interaktiv şəkildə keçirməsinə imkan yarada bilər. İnformasiya Texnologiyalarından istifadə etməklə bütün sinif otaqlarını rəqəmsallaşdıraraq tədris prosesini asanlaşdırmaq mümkündür.
  2. İnformasiya Texnologiyaları müəllimlərə və rəhbərliyə sinifdəki bütün şagird və tələbələri izləməyə (monitorinq) kömək edir: İnformasiya Texnologiyaları məktəb rəhbərliyi və müəllimlər tərəfindən şagirdlərin irəliləyişini fərdi şəkildə izləmək və həmçinin valideynlərin öz uşaqları haqqında gündəlik məlumatlandırılması üçün istifadə edilə bilən müxtəlif vasitələr və tətbiqləri ortaya çıxardı. Bu texnologiya vasitəsilə müəllimlər, əlavə vaxt ayıraraq şagirdlərin zəif olduqları mövzularda onlara kömək və onları əlavə materiallar ilə təmin edə bilərlər. Beləliklə, müəllimlər, şagird və tələbələri jurnal və kitablarda qeydiyyata almaq kimi köhnə metodlardan azad oldu.
  3. Rəqəmsal Kitablardan istifadə edərək təhsil: Artıq bir çox məktəb, şagirdləri test və ev tapşırıqlarını təqdim etmək üçün informasiya texnologiyalarından istifadə etməyə təşviq edərək siniflərini rəqəmsallaşdırır. Müəllimlər mühazirələri oxumaq üçün elektron kitabların istifadəsini də təbliğ edirlər. Bu rəqəmsal kitabları kafedə, qatarda və ya evdə oxuya bilərsiniz. Daha az kitab ağacların daha az kəsilməsi demək olduğundan bu irəliləyiş ətraf mühitin qorunmasında da mühüm rol oynayır.
  4. İnformasiya Texnologiyaları təhsili maraqlı və əyləncəli edir: Müasir dünyada hər bir şagird və ya tələbə kompüter, planşet və mobil telefonlardan istifadə etməyi bacarır. Beləliklə, İnformasiya texnologiyaları vasitəsilə mobil tətbiqetmənin inkişafı təhsili əyləncəli və maraqlı edir. Siniflərdə kompüter və planşetlərdən istifadə edərək interaktiv seanslar həyata keçirmək, müvafiq videoları izləmək, bilikləri paylaşmaq mümkündür. Ayrıca bəzi mobil tətbiqetmələrdən istifadə edərək onlayn qruplar təşkil edib sual və tapşırıqları distant şəkildə həll etmək olar. Bu texnologiyanın istifadəsi, tədris prosesini həm müəllimlər, həm də tələbələr üçün əyləncəli və maraqlı edəcəkdir.
  5. İnformasiya Texnologiyaları təhsili bütün tələbələr üçün əlçatan etdi: Virtual sinif otağının tətbiqi ənənəvi sinif metodologiyasını tamamilə sıradan çıxartdı. Sadəcə internet bağlantısı və şəxsi kompüterə sahib olmaqla artıq bu irəliləyiş sayəsində bir tələbə dünyanın istənilən yerindən mühazirələrə qatıla bilər. Bu texnologiya tələbəyə istədiyi vaxtda rahat şəkildə təhsil almağa imkan verir. Üstəlik, tələbələr əvvəllər dünya dövlətlərindən təcrid olunmuş bəzi dövlətlərdən informasiya texnologiyalarından istifadə edərək akademik sənədlərini də əldə edə bilərlər.
  6. İnformasiya Texnologiyaları tədqiqat və araşdırmalar üçün məlumat əldə etməyi asanlaşdırdı: Bir neçə il əvvəl tələbələr elmi iş və ya tapşırıqlar üçün lazım olan məlumatları toplamaq üçün kitabxanada saatlarla vaxt keçirməli olurdular. İnformasiya texnologiyaları sayəsində indi kompüterlərindən və ya mobil telefonlarından istifadə edərək istədikləri hər hansı bir məlumatı rahatlıqla əldə edə bilərlər. İnternet vasitəsilə axtarış səhifələrindən hər cür məqalə üçün ətraflı məlumat toplamaqla yazılarını daha əhatəli hazırlaya bilərlər.
  7. İnformasiya Texnologiyaları qrup çalışmalarını və tapşırıqları çox asanlaşdırdı: Ənənəvi siniflərdə müəllim şagirdlərdən evdə qrup çalışmaları hazırlamağı istədikdə, hər bir şagirdin öz müstəqil fikirləri olduğu üçün müzakirələr zamanı qarışıqlıq yaranacaqdır. Artıq informasiya texnologiyaları sayəsində müzakirələr sosial media forumlarında aparıla bilər, tapşırıqları mobil tətbiqetmələrə yükləməklə mükəmməl şəkildə bir-biri ilə əməkdaşlıq edərək hazırlaya bilərlər.

İnformasiya Texnologiyaları həm müəllimlərin özlərini və tədris bacarıqlarını inkişaf etdirməkdə, həm də şagirdlərin daha yaxşı anlamaq, öyrənmək və təhsil əldə etməkdə böyük rol oynayır.

Müəllif: Murad Ağalarov.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button