Sumqayıtda yoxlamalar başladı, bir direktor işdən çıxarıldı

Sumqayıt şəhər Təhsil Şöbəsinin monitorinq qrupu Sumqayıt məktəblərində monitorinqlərə başlayıb. Modern.az-ın məlumatına görə, hazırda Sumqayıt məktəblərində ciddi yoxlamalara başlanılıb. Başda Sumqayıt şəhər Təhsil Şöbəsinin yeni müdiri Mahal Əliyev olmaqla, bir neçə nəfərdən ibarət yoxlama qrupu şəxsən məktəblərə baş çəkərək oradakı vəziyyətlə tanış olublar.

Belə yoxlamalardan biri dünən Sumqayıt şəhərindəki 17-ci mikrarayonda yerləşən 4 saylı məktəbdə olub. Məktəbi yoxlayan qrup dərslərdə iştirak edib və şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb. Daha sonra məktəbdə müəllimlərin iştirakı ilə geniş iclas keçirilib. İclasda 4 saylı orta məktəbin direktoru Məmmədov İlham Sabir oğlu vəzifəsindən azad olunub.

Sumqayıt şəhər Təhsil Şöbəsindən əldə etdiyimiz məlumata görə, artıq bir neçə digər orta məktəbin direktoruna da nöqsanların aradan qaldırılması üçün ciddi xəbərdarlıq olunub.

Qeyd edək ki, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyev bu il oktyabrın 22-də bu vəzifəyə təyin olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  Təhsil şöbəsinin müdiri Vidadi Bağırovu tutduğu vəzifədən azad edərək əvəzinə öz kadrını gətirib. Mahal Əliyev 2009-cu ilin martından 2012-ci ilin fevralına kimi Gəncə şəhər Təhsil İdarəsinə rəhbərlik edib. Həmin vaxt Gəncəyə Eldar Əzizov rəhbərlik edib.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button