“Son 3 ildə 600-dən çox bal yığanların sayı 30% artıb”

Son 3 ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında 500-dən çox bal yığan məzunların sayı 19%, 600-dən çox bal yığanların sayı 30% artıb.

Modern.az-ın görə, bunu təhsil naziri Mikayıl Cabbarov dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması ilə bağlı mərasimdə deyib.

Nazir qeyd edib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50%-i müsbət qiymət alırdısa, 2016-cı ildə 67% təşkil edib:

“Əgər hər bir sinifdə 3 şagirddən 1-i uğurla buraxılış imtahanından keçirdisə, bu il 3 şagirddən 2-si yaxşı nəticə əldə edib. Amma yenə də biz təhsil sisteminin fəaliyyəti və keyfiyyəti yalnız buraxılış imtahanlarında əldə edilən nəticələrlə ölçmək istəmirik. Hər bir təhsil müəssisəsinin gücü orada çalışan müəllimlərin gücü ilə ölçülür.

Son illər təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu var. Təhsil sisteminin gücü, bu sahəyə ayrılan diqqət, resursların bu işə yönəldilməsi və digər səbəblər bizim üçün imkan verir ki, gələcək fəaliyyətdə daha yüksək nəticələrə nail olaq”.

Nazir qeyd edib ki, bu müəllimlər cari ildən yeni dərs yükü və əmək haqqı sistemi ilə çalışırlar. M.Cabbarov bildirib ki, 2017-ci ildə də proses davam etdiriləcək: “Azərbaycanda 60 minə yaxın müəllim yeni sistemlə fəaliyyət göstərir. Gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq. Bu gün yaşadığımız dövr şərəfli müəllim peşəsinin daşıyıcıları üçün daha önəmli və məsuliyyətlidir.

Müəllim sinif otağında, ali məktəb auditoriyasında yeganə bilik mənbəyi deyil. Məlumatın çox qısa və asan şəkildə əldə edilməsi hər bir fərdin, şəxsin, müəllimin, tədris sistemində işləyənlərin fəaliyyətinin diqqət mərkəzində olması imkanlarını xeyli dəyişdirib. Əminliklə deyə bilərik ki, təhsil sistemində çalışan müəllimlər bu günün tələblərini yaxşı anlayır və qarşıda duran məsələlərin həlli üçün lazımi gücə malikdirlər”.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group