Seymur Teymurov ” Azərbaycan Çempionatı ölkədə intellektual oyunlar hərəkatının inkişafına xidmət edəcək “

Telebe.az saytı 25 noyabrda keçiriləcək Nə? Harada? Nə zaman? oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatı ərəfəsində turnirin Təşkilat komitəsinin sədri, Azərbaycan İntellektual Oyunlar Federasiyasının icraçl direktoru Seymur Teymurovdan müsahibə aldı.

İlk növbədə tədbirin kim tərəfindən təşkil olunması və maliyələşdiriılməsi barədə danışardınız

– Nə? Harada? Nə zaman? oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatı ölkədə oyunlarını ilk dəfə ana dilində təşkil edən Xəzər İntellektual Gənclər Klubu, intellektual oyunların Azərbaycanda ilk təşkilatçısı və ölkənin ən qədim QHT-si Atəşgah İntellektual Oyunlar Klubu, İrəli İctimai Birliyi və Turan İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunur. Çempionat Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilir. Xüsusilə qeyd etməliyəm ki, tələbələr arasında ilk dəfə keçirilən Azərbaycan Çempionatı Nə? Harada? Nə zaman? Klublarının Beynəlxalq Assosiasiyası tərəfindən lisenziyalaşdırılıb.

– Nə? Harada? Nə zaman? oyununda lisenziya nə üçün lazımdır?

– Nə? Harada? Nə zaman? oyunu üzrə yarışların təşkilinə lisenziyanı Nə? Harada? Nə zaman? Klublarının Beynəlxalq Assosiasiyası verir. Yarış təşkilatçıları həmin beynəlxalq quruma müraciət edərək turnirlərini lisenziyalaşdıra bilərlər. Ancaq ölkə çempionatlarını yalnız həmin beynəlxalq qurumun üzvü olan təşkilatlar keçirə bilərlər. Sadə bir misal deyim. Məsələn futbol oynamağı heç kəsə qadağan etmək olmaz. Ancaq ölkədə rəsmi futbol çempionatını AFFA-ya daxil olan müvafiq struktur keçirir və nəticələri UEFA-ya göndərir. Nə? Harada? Nə zaman? oyunu da buna bənzərdir. Azərbaycanda rəsmi ölkə çempionatı keçirmək hüququ Nə? Harada? Nə zaman? Klublarının Beynəlxalq Assosiasiyası tərəfindən həmin beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndələri olan klublara (Atəşgah, Xəzər və Turan) məxsusdur.

– Çempionat hansı mərhələlərdən ibarət idi? Regionlar nə dərəcədə aktiv iştirak ediblər?

– Azərbaycan Çempionatı 2 seçim turu və final oyunundan ibarətdir. Seçim turları 10 və 12 noyabrda Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Salyan, Naxçıvan, Quba, Ağcabədi və Abşeronda, 17 noyabrda isə Bakıda keçirildi. Bakı seçim turunda 270-dən çox komanda iştirak etdi. Əgər Bakıda da xeyli regiondan olan gəncin iştirakçılar arasında olduğunu nəzərə alsaq tədbirin doğrudan da bütün Azərbaycanı əhatə etdiyini söyləmək olar. Regionlar seçim turunda çox aktiv iştirak etdilər. Onlar arasında ən aktivi Salyan oldu. Regional seçim turunda 100-dən çox komandada 800-dən çox tələbə iştirak etdi. Nəticədə, Bakıda keçiriləcək finala 16 komanda vəsiqə qazandı. Ümumilikdə yarışda 2800-dən çox tələbə iştirak etdi.

– Yəqin ki, belə böyük tədbirlərin keçirilməsi zamanı problemlər də yaşanır. Hansı problemlərlə üzləşdiniz?

– Düzdür problemlər oldu. Bəzi alı təhsil ocaqları bizim məktublarımıza reaksiya göstərmədi, bəziləri isə işlərinin çox olduğunu əsas gətirdilər. Baxmayaraq ki, biz onların rəhbərliyini bilik yarışına yox, tələbələri dəvət edirdik. Bir çox universitetlərdən tələbələr özləri müstəqil şəkildə yarışda onlayn qeydiyyatdan keçdi. Fürsətdən istifadə edib Sizə turnirə informasiya dəstəyi verdiyiniz üçün minnətdarlığımı bildirirəm. Amma ən maraqlısı “Azərbaycan” Universitetinin tələbə təşkilatının mövqeyi oldu. Bu universitetin rəhbərliyi bizim elanları universitetdə lövhəyə vursa da tələbə təşkilatı elanı cırıb atdı.

– Keçək müsbət tərəflərə… Çempionatda ən aktiv ali təhsil ocaqları hansılar oldu?

– Həm təşkilatçılıq baxımından, həm də iştrakçıların aktivliyi baxımından BDU, ADİU, BSU və Azərbaycan Müəllimlər İnstututu çox aktiv oldular. Onlar ADA və ADU ilə yanaşı Çempionatın seçim turlarının keçirilməsi üçün yerlər də təşkil etdilər ki, bu da çox təqdirəlayiq haldır. Biz buna görə həmin universitetin rektorları, tələbə təşkilatları və intellektual klubların rəhbərlərinə minnətdarlığımızı bildiririk.

– Bazar günü keçiriələcək çempionatdan nə gözləyirsiniz?

– Bazar günü böyük bir intellekt bayramının şahidi olacağıq. Azərbaycan tarixində miqyasına görə ən böyük turnir baş tutacaq. Mən inanıram ki, bu turnir bir çox gənc üçün təcrübə toplamaq baxımdan xüsusi əhəmiyyətli yarış olacaq. Tələbələrarası Azərbaycan Çempionatı ölkədə intellektual oyunlar hərəkatının inkişafına xidmət edəcək.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button