Ötən il peşə kurslarına cəlb edilənlərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ildə əvvəlki illə müqayisədə 209 nəfər və ya 5,6% çox olmaqla, 3 911 şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxslərdən 3 561 nəfər (o cümlədən 82 nəfər əlilliyi olan şəxs) üçün Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Hesabat dövründə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 350 gənc peşə təliminə qəbul edilib.

Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərdən 432 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub.

Kurslarda əməliyyatçı mühasib, inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, kompüter istifadəçisi, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər və s. peşələr öyrədilib. Peşələrin daha asan və optimal şəkildə öyrədilməsi üçün tədris prosesində modul təlim proqramlarından istifadəyə də geniş yer verilib.

Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə peşəyönümü tədbirləri ötən il də davam etdirilib. 2017-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilən peşəyönümü tədbirlərində 105,3 min nəfər əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group