Osman Xaliyev: “Azərbaycandan fərqli olaraq ABŞ-da dərslər praktik biliklər üzərində qurulur…”

DCFulbright Proqramı çərçivəsində ABŞ-ın Brandies Universitetində magistr təhsili alan Osman Xaliyevlə müsahibəni təqdim edirik…

1.Zəhmət olmasa özünüzü təqdim edin. Hansı təhsil ocaqlarında təhsil almısınız?

 

Mən, Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi Sumqayıt Şəhər 36 saylı məktəbdə bitirdikdən sonra 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi İqtisadiyyat istiqaməti üzrə bakalavr təhsili almışam. Bir illik hərbi xidməti başa vurduqdan sonra 2008-2010-cu illərdə eyni universitetin Magistr Hazırlıq Mərkəzində magistr dərəcəsinə yiyələnmişəm.

 

2. Hansı Proqram əsasında ABŞ-da təhsil alırsınız?Bunun üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda ABŞ-ın Massaçusetts ştatında yerləşən Brandeis Universitetində Fulbright Tələbə Proqramı çərçivəsində Biznes İdarəçiliyi üzrə magistr təhsili alıram. Proqrama müraciət etmək üçün online müraciət forması doldurulmalı, təhsil almaqda məqsədi əks etdirən və təhsil proqramını əks etdirən esse-lər, bakalavr diplomu, qiymət cədvəli, üç tövsiyyə məktubu, ingilis dili bilgilərini əks etdirən sertifikat (TOEFL və ya İELTS), müraciət olunan magistr proqramından asılı olaraq GMAT və ya GRE sertifikatı, tərcümeyi-hal və passport təqdim edilməlidir (hazırki şərtlərlə tam tanış deyiləm).

3. Niyə məhz Amerika?

Xaricdə təhsil haqqında düşünməyə başlayan zaman hədəfimdə ABŞ və Böyük Britaniya var idi. Əsas səbəb hər iki ölkə universitetlərinin daha keyfiyyətli və üstün təhsil imkanlarının olması və dünyanın reytinqli universitetləri arasında çoxluq təşkil etmələri idi. İlk öncə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə Böyük Britaniyanın Glasgow Universitetində təhsil almaq şansı qazandım, lakin təhsil proqramı istəyimə tam uyğun olmadığından və eyni zamanda müxtəlif xarici ölkələrin universitetlərində artıq təhsil almış bir neçə tələbə ilə ünsiyyətdən sonra təqaüddən imtina etdim və bütün diqqətimi ABŞ universitetlərinə yönəltdim.

4.Məlumdur ki, digər xarici ölkələrlə müqayisədə ABŞ-da təhsilin şərtləri olduqca çətindir, amma siz buna nail olmusunuz…Nəzərə alsaq ki, sizin yerinizdə olmaq istəyən yüzlərlə insan var,onda  zəhmət olmasa buna necə nail olmağınız haqqında danışın

Deyərdim ki, mənim nailiyyətim bir sıra uğursuzluqlardan keçib. Təqaüdü qazanmamışdan öncə iki cəhdim uğursuz olmuşdur. Hər iki uğursuzluğun səbəbini araşdırıb daha yaxşı olmağa çalışdım.  Bu, test nəticələrinin yaxşılaşdırılması, şəxsi keyfiyyətlərin təkmilləşdirilməsi, müsahibəyə daha ciddi hazırlıq və s.-ni əhatə edirdi. Qısa olaraq vurğulayardım ki, mənim uğurumun ən böyük açarı inadkarlıq və səbr olub.

5.Bu yolda kimlərə borclusunuz?

İlk öncə, mənin fikirlərimə hər zaman hörmətlə yanaşan valideynlərimə, daha sonra daima öz mənəvi dəstəyini əsirgəməyən bütün dost, həmkar və tabeliklərində çalışdığım rəhbərlərimə.

6. Bəs xaricdə təhsil almaq üçün hansı keyfiyyətlərin olmalıdır?

Deyərdim ki, maddi təminat xaricdə təhsil almaq üçün ilk meyardır. Lakin müxtəlif təqaüd proqramları təhsil almaq arzusunda olan tələbələri digər xüsusiyyətlərinə – ictimai fəallıq, öz ölkəsinə verə biləcəyi töhvə, əvvəlki illərdə qazanılmış nailiyyətlər, və s. kriteriyalara uyğun seçirlər.

7. Bir çox ölkələr xarici tələbələrin təhsil alarkən eyni zamanda tələbə bileti ilə tam, ya da yarımştat işlərdə işləməsinə imkan yaradırlar.Bəs Amerikada necə?

Bəli, xarici tələbələr ABŞ-da həftədə 20 saatdan çox olmayaraq universitet daxilində və ya müxtəlif müəssisə və təşkilatlarda çalışmaq imkanına malikdirlər.

8. Belə bir imkanınız varmı? İşləyirsinizsə harada və nə qədər əmək haqqı ilə?

Universitet daxilində müəllim assistenti işləmək imkanı olub, lakin təhsil haqqım və yaşam xərclərim tam olaraq Amerika Dövləti tərəfindən ödənildiyi üçün diqqətimi daha çox təhsilimə yönləndirmişəm.

9. ABŞ-Azərbaycan hər ikisi demokratik ölkədir…ABŞ-dakı demokratiya ilə Azərbaycandakı demokratiyanın fərqi nədədir?

Siyasət? Bu mövzuda danışmaq mənə çətin olacaq. Lakin vətəndaş mövqeyindən çıxış edərək deyə bilərəm ki, ABŞ-da demokratiya həm real həyat, həm də rəsmi sənədlərdə öz əksini tapır. Burada fikir azadlığı tam təmin olunur və dinlənilir, maneələr minimum səviyyədədir, dövlət bir sistem olaraq yüksək səviyyədə funksionallıq nümayiş etdirir. Lakin Azərbaycanda demokratiya sənəd üzərində öz əksini tapsa da, real həyatda ondan uzaqdadır. Azərbaycanda demokratiya istər dövlət səviyyəsində, istərsə də xalq səviyyəsində tam mənimsənilməyib və bu istiqamətdə hələ çox işlər görülməlidir.

10. Azərbaycan-ABŞ…Hər ikisində ail təhsil almısınız…Bu təhsillərdəki fərq nədədir?(dərs metodu, müəllimlərin fərqi)?

Mən çalışardım fərq yox, oxşarlıq axtarım, amma əfsuslar tapmaq çətindir. İlk öncə qeyd edərdim ki, ali təhsil müəssisələri vahid mərkəzdən idarəetmə yox, sərbəst idarəetmə sisteminə malikdirlər. Bu, universitetlərin rəqabət qabiliyyətini artırmaqla yanaşı, keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yol açır. Burada professorlar daha liberaldırlar və tələbələrin fikirlərinə hər zaman hörmətlə yanaşırlar.Problemlər qısa bir zamanda həllini tapır. Universitetlər hər cür avadanlıqvə ən son texnologiyalarla təmin olunublar. Deyərdim ki, Azərbaycandan fərqli olaraq dərslər daha praktik biliklər üzərində qurulur.

11. Sirr deyil ki,Yaxın Şərqdə gedən proseslərlə əlaqədar olaraq Qərbdə müsəlman ölkələrinə yanaşma tərzi başqadır…Bəs Azərbaycan haqqında necə bir fikir formalaşıb?

Təmasda olduğum yerli tələbələrin davranışından deyə bilərəm ki, İslam dünyası haqqında fikirlər birmənalı deyil. Lakin onlar eyni zamanda ABŞ-ın Yaxın Şərqdə gedən proseslərdə oynadığı rolu da çox güzəl anlayırlar. O üzdən bu mövzu ətrafında müzakirələr minimum səviyyədədir.

12. Ölkəmizi necə tanıyırlar orada?

Azərbaycan ərazicə kiçik və uzun müddət Sovet İmperiyası tərkibində olduğundan ölkə haqda çox az məlumatlıdırlar. Ötən il yay tətilinə qayıdan zaman mənimlə 26 tələbə də Bakıya səfər etmiş və xoş təəssüratlarla ayrılmışdırlar. Yaxın çevrəmdə olan insanların Azərbaycan haqda fikirləri müsbətdir.

 

13. Nədənsə ABŞ-a gedən tələbələrin əksəriyyəti təhsili başa vurduqdan sonra ölkəyə qayıtmırlar.Buna görə də vətəndaşlıq alanadək qaçaq həyatı yaşayırlar..Səncə niyə?

ABŞ-da alınan təhsil ilə ABŞ-da qalıb işləmək Azərbaycana qayıdıb işləməkdən maddi baxımdan daha çox fayda verir. Eyni zamanda həyat səviyyəsi daha yüksək olması və formalaşmış vətəndaş cəmiyyətinin mövcudluğu daha yaxşı yaşayış vəd edir. O üzdən bir çox tələbələr yaşayış üçün daha yaxşı olanı seçirlər.

14. Bəs siz necə? Qayıtmaq fikriniz varmı?

Təhsil aldığım proqramın tələbinə uyğun olaraq təhsilimi başa vurduqdan sonra Azərbaycanda iki il müddətində yaşamalıyam. Lakin, ABŞ-da qısa müddətə qalıb iş təcrübəsi qazanmaq imkanı da mövcuddur.Hazırki seçimim isə Vətənə qayıtmaqdır.

15.Təşəkkür edirəm.

Siz sağolun.

NY

In Class

DC

 

 

 

 

Müəllif: Aytən Güləliyeva

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button