MakGill Universiteti

MakGill Universiteti (McGill University) — Kanadanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsidir.

Universitet Kanadanın Kvebek əyalətinin Monreal şəhərində yerləşir. Böyük Britaniyanın həftəlik dərc olunan “Times Higher Education Supplement – QS World Universities Rankings” jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə MakGill Universiteti 100 ən yaxşı ali məktəb arasında 18-ci yerdədir.

Büdcə xərcləri və təhsil haqqı

2007-2008-ci illərin nəticələrinə əsasən MakGill Universitetinin ümumi gəlirlərinin məbləği 1 074 061 000 Kanada dolları təşkil edib. Bu gəlirin 318840000 dolları Kvebek hökumətinin qrantlarından, 19158000 dolları federal hökumətin tədqiqatlara ayırdığı vəsaitdən, 292411000 dolları tədqiqat qrantlarından, 160334000 dolları təhsil haqqından, 105713000 dolları ianə və yardımlardan, 87694000 dolları investisiya və faiz gəlirlərindən, 89881000 dolları isə əlavə gəlirlərdən ibarət olub.

MakGill Universitetində 2009-2010-cu tədris ilində təhsil haqqı Kvebek sakinləri üçün 1868 dollar, Kanadanın müxtəlif bölgələrindən gələn tələbələr üçün 5378, əcnəbilər üçün isə 15000-dən başlayaraq seçilmiş proqram çərçivəsində artır.

MakGill Universiteti dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Qabaqcıl elmi-tədqiqat mərkəzi olaraq bu ali məktəb dünya elminin inkişafında böyük rol oynayır. Xüsusilə tibb elmi üzrə ali təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlər danılmazdır. Universitetin 8 məzunu Nobel mükafatına layiq görülüb.

Hazırda MakGill Universitetində ümumilikdə 35 300 tələbə təhsil alır. Onların 7 975-ni magistr və doktorant, qalanlarını isə bakalavrlar təşkil edirlər. Universitetdə oxuyan əcnəbi tələbələrin sayı 6829 nəfərdir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində MakGill Universitetində azərbaycanlı tələbə təhsil almır. ümid edirik ki, tezliklə bu universitetin tələbələri sırazında azərbaycanlı gənclər də olacaqlar.

MakGill Universitetinin məşhur məzunları:

  1. Vayra Vike-Freyberq – Latviya Respublikasının 6-cı prezidenti
  2. Daniel Oduber Quiros – Kosta-Rikanın sabiq prezidenti
  3. Əhməd Nazif – Misirin Baş naziri
  4. Jonn Abbott – Kanadanın üçüncü Baş naziri
  5. Uilfrid Laurier – Kanadanın yeddinci Baş naziri
  6. Zbiqnev Bjezinski – ABŞ-ın sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə məsləhətçisi
  7. Ceyms Neysmit – basketbol oyununun yaradıcısı
  8. Ernest Rezerford – kimya üzrə Nobel mükafatı laureatı
  9. Frederik Soddi – kimya üzrə Nobel mükafatı laureatı
  10. Rudolf Markus – kimya üzrə Nobel mükafatı laureatı
  11. Uillard Boyl – fizika üzrə Nobel mükafatı laureatı
  12. Val Fitç – fizika üzrə Nobel mükafatı laureatı
  13. Robert Mandell – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  14. Cek Szostak – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
  15. Endryu Viktor Şalli – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
  16. Devid Hanter Hyubel – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı
  17. J. Payette – Kanadanın tanınmış astronavtı
  18. D. Uilliams – Kanadanın tanınmış astronavtı
  19. R. Thirsk – Kanadanın tanınmış astronavtı
Daha çox göstər

Oxşar xəbərlər

Back to top button