Macarıstanın təqaüd proqramı azərbaycanlı tələbələr üçün əla fürsətdir

Bugünkü müsahibimiz Macarıstan hökümətinin “200 nəfər azərbaycanlıya təqaüdün ayrılması barədə” proqramına uyğun olaraq Macarıstanda təhsil alan Vüsal Paşalıdır. O, hazırda Karoly Robert Kollecində Menecment və liderlik üzrə magistr təhsili alır. Vüsal bəydən aldığımız müsahibəni Sizə təqdim edirik.

 Necə oldu ki məhz, Macarıstanda təhsil almağa qərar verdiniz ?

Daha öncədən Macarıstan Respublikasında təhsil səviyyəsinin yüksək olduğu barədə məlumatlı idim. Stipendium Hungaricum təqaüdünü qazandıqdan sonra buraya gəlməyi qərara aldım.

Macarıstana gəməzdən qabaq hansı təəssuratlarınız var idi və gəldikdən sonra bu ölkə sizdə hansı fikirləri formalaşdırdı ?

Düzü, bu ölkəyə gəlmədən öncə tarix və coğrafiya dərslərindən bura haqqında kifayət qədər məlumatım var idi. Gəldikdən sonra da təssəvvürümdən ele də fərqli deyildi. Tarixi və gözəl şəhərlər, orta əsr Avropasına aid arxitektura, tarixi qədimlərə gedən mədəniyyət ənənələri və yüksək təhsil verən universitetlər Macarıstanı digər ölkədən fərqləndirir.

İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz ? Menecment və liderlik üzrə magistr təhsili Karoly Robert Kollecində necə keçirilir?

Birincisi onu demək istərdim ki, bu univeristetdə kifayət qədər ixtsaslaşmış müəllim və professorlar var. Onlardan bəziləri hətta Macarıstan və Avropa səviyyəsində tanınan şəxslərdir. Dərs prosesi isə digər metodlardan fərqlidir. Belə ki dərslər digər universitetlərdə olduğu kimi bir semestr boyu keçirilmir. Fənnlərin hər biri üzrə ayrı-ayrı bir ay ərzində intensiv kurslar şəklində keçirilir. Bu metod bu Universitetdə bəlkə də Macarıstanda ilk dəfədir ki, tətbiq olunur və məncə dərsləri daha yaxşı anlamaq və mənimsəmək üçün əla metoddur.

Siz Azərbaycanda bakalavr təhsili almısınız, Macarıstanda isə magistr təhsili almaqdasınız. Hər iki ölkənin təhsil sistemi ilə Azərbaycandakı təhsil sistemi arasında hansı fərqlər və üstünlüklər var ?

Ən səmimi halımla qəbul etməliyəm ki, burada məllim və tələbə münasibəti təhsil mühiti, təhsil ənənəsi və keyfiyyəti ümumi olaraq Azərbaycanda olandan irəlidədir.

Siz Macarıstan dövlətinin büdcəsindən formalaşan təqaüd proqramı hesabına təhsil alırsıznız. Bu təqaüd proqramını necə qazandınız ?

Bildiyim qədəri ilə bu proqram Azərbaycanlı tələbələrə son zamanlarda şamil olunmuşdur. Bu ölkəyə gəlmədən öncə Litva Respublikasında öz hesabıma təhsil alırdım. Bunun ailəmə maliyyə baxımından çətinliklər yaratdığını hiss edirdim. Bu zamanlarda dostlarımın birini məni belə bir proqramın varlığından xəbərdar etdi. (Eyni zamanda Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan STUDY in HUNGARY (www.study-hungary.com, office@study-hungary.com və 050 257 11 41) layihəsi də fəaliyyət göstərir.) Bu ölkənin təhsil səviyyəsinin də kifayət qədər yüksək olduğunu nəzərə alaraq sənədlərimi təqdim etdim və iki mərhələli seçim prosesindən uğurla keçərək bu təqaüdü qazandım. Beləliklə, Macarıstanda təqaüdlə təhsil almağa başladım.

Gyöngyöş şəhərindəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən sizin ali məktəbə gələn digər əcnəbi tələbələr asudə vaxtlarını necə keçirirlər ?

Burda tələbə təşkilatı tərəfindən maliyyələşən məşğuliyyətlər və digər ölkələrdə və ya ölkədaxili təşkil olunan tədbirlərə cəlb olunuruq. Ən son vaxtlarda Polşaya və Çex Respublikasına səyahətlərdə iştirak etmişdik. Səyahət etməyi sevən insan kimi bu məni çox məmnun etmişdi.

Macarıstanı, şəhərinizi və universitetinizi hansı səbəblərə görə sevirsiniz ?

Əvvəldə vurğuladığım kimi bu Macarıstan öz təhsil ənənəsi ilə seçilən ölkədir. Bu səbəbdən bu ölkəni sevirəm və təhsil üçün buranı seçdim. Gyöngyöş şəhəri bildiyim qədəri ilə öz ekologiyası baxımından Macarıstanda ən təmiz şəhərdir. Şəhər Matra dağları ilə əhatə olunub.Təsadüfü deyil ki, ölkənin ən yüksək zirvəsi də elə burada yerləşir. Bura yerli və xarici turistlər tərəfindən tez-tez ziyarət olunur. Universitetimi sevməyim üçün təkcə yataqxana şəraitinin mükəmməlliyi və müasir texnologiya ilə təchiz olunması kifayətdir. Bundan əlavə burada ölkə və Avropa səviyyəsində tanınan müəllimlər dərs keçir.

Macarıstanın yerli, əhalisi, mətbəxi və iqlimi necədir? Əcnəbi tələbələrə çətinlik yaratmır ki ?

Yerli əhali çox mehribandır. Xüsusi ilə xarici tələbələrə rəğbət var. Ölkə mətbəxi digər Avropa ölkələri ilə müqayisədə Azərbaycan və Türk mətbəxinə daha yaxındır məncə. Azərbaycanın və Macarıstanın iqlim arasında da çox böyük fərq yoxdur. Sadəcə yerli əhalinin dediyinə görə qışın ən soyuq dövründə müəyyən qədər kontinental iqlim hiss olunur. Amma, biz buraya yeni gəldiyimiz üçün hələki bu dərəcə bir soyuqla qarşılaşmamışıq.

Bir neçə il öncə Sizin yaşadığınız Gyöngyöş şəhəri bizim Şuşa şəhəri ilə qardaş şəhər elan olundu, bu faktı yerli macarlar xatırlayırlarmı ?

Bu barədə yerli macarların bir qismi ilə söhbət etdim. Onlar bunu çox yaxşı xatırlayırlar və bu münasibətlə təşkil olunmuş tədbirdə Azərbaycan mədəniyyəti ilə tanış olmuşlar. Xüsusi ilə bizim milli rəqsimizi çox bəyənmişlər.

Son olaraq hazırda təqaüd proqramı ilə Macarıstanda təhsil alan şəxs kimi oxucularımıza tövsiyələrinizi almaq istərdik. Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz ?

Bu gözəl suala görə təşəkkür edirəm, həqiqətən. Bütün gənclərə, xüsusi ilə də azərbaycanlı gənclərə məsləhətim ondan ibarətdir ki, seçəcəyiniz ixtisas sizin gələcəyinizi müəyyən edən vacib bir amildir. Bir ixtisası və ya peşəni seçərkən bu ixtisası həqiqətən sevdiyinizə əmin olun ki, gələcək kariyeranız sağlam təməl üzərində dayansın. İkinci məsləhətim ondan ibarətdir ki, ölkəmiz üçün prioritet ixtisaslara üstünlük verin. Mühəndislik, dəqiq elmlər və ölkəmizdə hələ mövcud olmayan və ya kifayət qədər inkişaf etməmiş sahələr buna misal ola bilər. Gedəcəyiniz ölkələrdə istədiyiniz sahəyə görə ixtisaslaşmış universitetlərin olmasına fikir verin və mümkün qədər təqaüd proqramlarından istifadə etməyə cəhd göstərin. Bu mənamda “200 nəfər azərbaycanlıya təqaüdün ayrılması barədə” Macarıstan hökümətinin təqaüd proqramı bizim tələbələr üçün əla fürsətdir.

Maraqlı müsahibəyə görə təşəkkürlər.

Vusal Pashali - 2

Vusal Pashali - 3

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan