Macarıstanda təhsil maddi imkanı orta olan istənilən insan üçün əla seçimdir

 fidan abdullayeva 4Bugünkü müsahibimiz Macarıstanın paytaxtı Budapeşt şəhərində təhsil alan həmyerlimiz Fidan Abdullayevadır. Biz onunla Macarıstanda təhsil almaq yolları, oradakı təhsilin üstünlükləri, tələbə həyatı ilə bağlı söhbətləşdik. Həmin  müsahibəni sizə təqdim edirik.

-Təhsil aldığınız univeristet və ixtisasınız haqqında oxuculara məlumat verə bilərsinizmi?

Mən, Fidan Abdullayeva Macarıstanın ən böyük dövlət universiteti olan ELTE-də, magistraturada  təhsil alıram. İxtisasım isə İngilis dili və ədəbiyyatıdır. Məlumat üçün deyim ki, ELTE Macarıstanın ən tanınmış universitetlərindən biridir və bu universitetdə bir sıra Nobel mükafatçıları dərs deyir. Bu ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxildir.

-Necə oldu ki, məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə sizi nə cəlb etdi?

Avropada təhsil almaq ən böyük arzum olub. İllərlə məhz bu arzu uğrunda dayanmadan çalışmışam. Amma digər ən böyük arzum ədəbiyyat sahəsində söz sahibi ola bilmək idi. İxtisasımın seçilməsinin səbəbi məhz budur. Niyə məhz Macarıstan sualına gəldikdə isə bunun da öz cavabı var. Bir anlıq düşünün ki, Avropanın mərkəzindəsiniz, amma buna rəğmən çox uyğun maddi şərtlərlə yaşayırsınız. Dünyanın dörd bir yanından gəlmiş insanlarla əhatə olunmuşsunuz. Başqa sözlə Macarıstanda təhsil maddi imkanı orta olan istənilən insan üçün  əla seçimdir

-Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Məncə cavabım standart olacaq: – Avropa təhsili öz sözünü deyir. İlk növbədə tələbənin dərslərdə dominant fiqur olması, heç bir vəchlə onun şəxsiyyətinə toxunulmaması, fikirlərinə dərin hörmət edilməsi, qiymətlərinin kəsiləcəyi ilə hədələnməməsi, kredit sisteminin bütün şərtlərinə əməl edilməsi xüsusilə qeyd edilməlidir. Daha sonra müxtəlif millətlərdən olan insanlarla tanış və dost olmaq o cümlədən, onların vasitəsi ilə bir neçə dil öyrənə bilmək şansı. Necə ki, indi mən dərslərimdən əlavə bir neçə dil də öyrənmək şansına malikəm. Bu da öz növbəsində gələcəkdə uğurlu bir karyera qura bilmək deməkdir.

fidan abdullayeva 5-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatdı?

Macarıstan, tarixi abidələr, yaşıllıqlar və əcnəbilər ölkəsi… – ilk təəssüratım məhz bu oldu. Çoxlarından fərqli olaraq “mədəniyyət şoku” cəmi bir neçə gün çəkdi. Sonra Macarıstanın gözəlliyindən zövq almaga başladım və hətta bu qədər gözəlliyə görə yerli sakinlərə qibtə edirəm hələ də… Mənə görə Bakı ilə Budapeşt arasındaki ən asas fərq buranın yaşıllığa bürünməsidir və sanki, şəhər hər fəsli öz rəngində yaşayır. İndi payızdır və hər yer sarı yarpaqlarla örtülüdür. İnsan özünü nağıllar aləmində hiss edir.

Nəqliyyat sisteminin rahatlığı, küçələrin təmizliyi və təbii olaraq hər kəsin bir digərinin mədəniyyətinə, kimliyinə, dininə, dilinə və şəxsi həyatına hörmətlə yanaşması məni bu şəhərə aşiq etdi. Bir faktı da qeyd edim ki, Macarıstanda ərzaq və bir çox malların qiyməti kifayət qədər  əlverişlidir, yəni Bakıdan daha ucuzdur. Öz hesabi ilə oxuyan və maddi durumu mənim qədər heç də yüksək olmayan bir tələbəyə daha nə lazımdır ki?

 -Tələbə həyatı barədə məlumat verə bilərsinizmi? Məsələn, Macarıstanda tələbələr öz asüdə  vaxtlarını necə keçirirlər?

Boş vaxtda əylənmək və dincəlmək üçün hər şərait vardır. Qeyd etdiyim kimi Macarıstan maddi cəhətdən bütün arzuların həyata keçməsi üçün ən uyğun məkandır. Amma mən hələki ağaclarla zəngin olan parklarda başımı itirmişəm. (gülür…) Təmiz və oksigen dolu hava, küçələrdə, parklarda təmizlik… Ədəbiyyat adamı üçün yazıb yaratmağa bu bəs edir.

 -Xaricdə təhsil almaq istəyən tələbələrə nə məsləhət görə bilərsiniz?

Onlara arzum budur ki, vaxt itirmədən arzularının arxasınca getsinlər və əgər öz hesabı ilə oxumağı planlaşdırırlarsa, mütləq Macarıstan qədər  ucuz, əlverişli və keyfiyyətli bir ölkə seçsinlər. Çox əfsus ki, bakalavr təhsilim burada olmayib. Kaş ki, Çingiz və Rəşad Mehbaliyev qardaşlarını daha əvvəl tanıyardım. Mənim Budapeştdə təhsil almağımda onların böyük köməyi olub. Onların “Study in Hungary” layihəsi (www.study-hungary.com) digər xaricdə təhsil şirkətlərindən işinin keyfiyyərinə görə əsaslı şəkildə fərqlənir. Onlar sadəcə olaraq e-maillərə cavab yazmaqla və ya telefon zənglərinə cavab verməklə öz işlərini bitmiş hesab etmirlər. Mehbaliyev qardaşları Macarıstana göndərdikləri hər bir tələbənin sənədlərini xüsusi diqqətdə saxlayırlar və lazım gələrsə Budapeştdəki universitetə şəxsən gedərək, yaranan problemləri yerindəcə araşdıraraq onları tələbənin xeyrinə həll edirlər. Bu isə azərbaycanlı tələbənin Macar universitetinə qəbul olmasında böyük rol oynayır.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group