“Debrecen universiteti mərkəzi Avropada ən yaxşı araşdırma universitetlərindən biri kimi tanınır.”

 surxay - 3Bu dəfəki müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Debrecen Universitetində təhsil alan həmyerlimiz Surxay Novruzovdur. O, oxuduğu ixtisas, Macarıstanın təhsil sistemi, Debrecen universitetində tələbə həyatı və digər mövzularda  suallarımıza cavablar vermişdir. Həmin müsahibəni Sizə təqdim edirik.


 -Necə oldu ki, məhz Macarıstanda yerləşən Debrecen universitetini seçdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?


Mənim üçün hər zaman mərkəzi Avropa ölkələri həm tarixinə, həm memarlığına, həm də təhsil sisteminin özünə məxsusluğuna görə cəlbedici olub. Magistr təhsilimi almaq üçün xaricdə universitetlərə müraciət edən də əsas iki ölkəyə üstünlük vermişdim. Biri Avstraliya, digəri isə Macarıstan idi. Hər iki ölkədə yerləşən universitetlərdən müsbət cavab alsam da, həm reytinqinə görə, həm yerləşdiyi regionda təcrübə cəhətdən daha böyük prespektivlər əldə etmək mümkün olduğuna görə Debrecen Universitetini seçdim. Beləliklə seçim edərək Macarıstanda təhsil almağı Avstraliyaya universitetindən daha üstün tutdum.

 -Surxay bəy, Siz kifayət qədər maraqlı ixtisasda təhsil alırsınız: ətraf mühitin menecmenti (environmental  management). Bu ixtisasda oxuyan tələbə kimi ixtisasınız və onun gələcək perspektivini necə qiymətləndirirsiniz?Qohumlar, dostlar, tanışlar məndən soruşanda ki, ali təhsilini bitirib nə olacaqsan? Deyirəm ki, – “ətraf mühit üzrə idarəçi”! Hamı bir sözlə, – “o necə olur ?” – deyə soruşur (gülür…) Bəli, bu sahə kifayət qədər gənc və bir o qədər də bəşəriyyət üçün lazımlı sahədir. Mən bakalavr təhsilimi də ətraf mühitin mühafizəsi sahəsində almışam, iki il Azərbaycanda fəaliyyət göstərən böyük ekoloji təşkilatların birində işləmişəm. Nəzərə alsaq ki, bu gün dünyanı narahat edən ciddi və böyük problemlərin kökündə ətraf mühit məsələləri dayanır, onda bu ixtisasın vacibliyi haqqında artıq şərhə ehtiyac qalmır.

surxay - 2-Debercen universitetinin digər universitetlərdən əsas fərqi nədir?

Debrecen daha əvvəl qeyd etdiyim kimi mərkəzi Avropada və Macarıstanda ən yaxşı araşdırma universitetlərindən biri kimi tanınır. Mənim ixtisasım universitetin kənd təssərüfatı mərkəzində, təbiət qoynunda yerləşir. Burda siz hər addımda araşdırma və təcrübələrlə qarşılaşa bilərsiniz. Universitetin müəllim və professor heyyəti bu sahədə çox yüksək səviyyədə fəaliyyət göstərir. Kitabxana isə elə qurulmuşdur ki, məni evdən daha çox cəlb edir və bir çox ən müasir araşdırmaları Debrecen universitetinin kitabxanasında pulsuz oxumaq mümkündür.  Hansı ki, bunu unversitet xaricində etmək istəsəniz, onlayn olaraq bir araşdırma üçün azı 30 avro pul ödəməli olacaqsınız. Həmçinin bu təhsil ocağı Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramında yer almışdır.

– Hazırda orada oxuyan bir tələbə kimi sual verək istərdik ki, Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Bilirsiz,  Azərbaycanda bir çox tələbələr dərsə jurnala qayıb düşməsin deyə gedir. Debrecen universitetində isə fərq etmir gəlsən də olar, gəlməsən də. Yəni səni universitetə heç bir məcburiyyət aparmır. Əksinə dərs elə bir mühitdə təşkil olunur ki, o artıq özü səni səhər isti yerindən qalxıb universitetə getməyə vadar edir. Digər böyük üstünlüyü isə professorların yaşından və ixtisasından asılı olmayaraq sənə hər mərhələdə müstəqillik verməsi və səninlə səmimi ünsiyyət qurmasında görürəm. Sonuncu dəfə araşdırma metodologiyası fənnindən bir hissəni anlamamışdım və müəllimə e-mail yazaraq xahiş etdim ki, mənə kömək etsin. O isə təxminən 15 dəqiqə sonra mənə bunu skype vasitəsilə başa saldı.

 -İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatdı?

Mənim təhsil aldığım şəhər Macarıstanın ikinci böyük şəhəridir və qatarla Budapeştdən cəmi iki saatlıq məsafədə yerləşir. Bakı kimi səs-küylü şəhərdə yaşadıqdan sonra bu şəhər mənə əsl istirahət məkanı kimi görünür. Debrecen şəhəri çox sakit, yaşıllıqlarla əhatələnmiş əsl tələbə şəhəridir. Bu isə əlbəttə ki, bir ekoloq üçün əsl cənnətdir (gülür…)

– Macarıstanda tələbələr öz asüdə  vaxtlarını necə keçirirlər?

Boş vaxtını keçirmək üçün burda hər kəs öz arzusuna görə məkan tapa bilər. Mən əsasən boş vaxtımı kitabxanada, parkda gəzməklə və əsasən ayda bir dəfə təşkil olunan cazz konsertlərinə getməklə keçirirəm. Burada asüdə vaxt keçirmək sözün həqiqi mənasında  mənə zövq verir.

surxay - 4-Xaricdə təhsil almaq istəyən tələbələrə nə məsləhət görə bilərsiniz?

Məsləhətin o olardı ki, gənclərimiz arzu etdikləri ixtisasın arxasınca getsinlər, əks halda uğursuluqla üzləşə bilərlər. Çünki, xaricdə təhsil almaq günün böyük hissəsini oxumaq, araşdırmaqla keçirmək deməkdir. Və əgər siz öz ixtisasınızı sevmirsinizsə, bu sizə çox darıxdırıcı görsənə bilər. Həmçinin magistratura üzrə təhsil almaq istəyənlər maksimum dərəcədə oxumaq istədikləri universiteti tez seçib (Macarıstandakı universitetlərin siyahısına buradan baxa bilərsiniz: www.study-hungary.com), öz proqramların tapıb, müvafiq fənnlər üzrə proqrama başlamamış təməl bilikləri əldə etsinlər  ki, daha sonra magistr fənlərini rahat qavraya bilsinlər.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Mən də sizə çox sağ ol deyirəm göstərdiyiniz diqqətə görə.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group