Növbəti müsahibimiz Macarıstanın Dövlət Qulluğu Milli Universitetinin məzunu Hakim Ələsgərovdur. O bizim ənənəvi suallarımıza həvəslə cavab verib.

 – Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

İlk öncə müsahibə üçün Sizə təşəkkürümü bildirirəm. Bu imkanı yaratdığınız üçün çox sağolun. Açıq deyim ki, xaricdə təhsil almaq üçün gedəcəyim ölkə haqqında çox götür qoy elədim.  Bir çox faktorları nəzərə almalı oldum. Universitetin reytinqi, tədris olunacaq dərslər, həyat səviyyəsi, akademik heyətin təcrübəsi və sair kimi nüanslara diqqət yetirdim və sonda paytaxt Budapeştdə təhsil almağa qərar verdim. Ən cəlbedici cəhətlərdən biri çox az təhsil haqqı ilə yüksək keyfiyyətli Avropa təhsili almaq imkanı, o cümlədən yaşayış xərclərinin az olması Macarıstanı seçməyim üçün başlıca səbəb oldu.

 -İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

Macarıstana qədər bir çox Avropa ölkələrində olmuşdum, yalnız əminliklə deyə bilərəm ki Macarıstan başqa bir aləmdir J  Macarlar böyük tarixə malik xalqlardandır və bunu onlarla unisiyyətdə rahat şəkildə anlamaq olur. Açığını deyim ki, öz dillərinə bu qədər bağlı olduqlarını bilmirdim. Bütün həyatı boyu başqa bir dildə təhsil alan macarın başqa bir macarla o dildə danışması demək olar ki, mümkün deyil və öz aralarında macarca danışırlar.

 – Bu ölkədə qarşılaşdığınız gözlənilməz cəhət nə oldu?

Səmimi deyim ki, Macarıstan universitetlərində bu qədər keyfiyyətli təhsilin veriləcəyini gözləmirdim. Mənim üçün bu yaxşı mənada gözlənilməz oldu. Bundan başqa onu deyə bilərəm ki, Budapeştdə özümü evdəki kimi hiss edirdim. Adaptasiya prosesi gözlədiyimdən də asan oldu. Yerlilərin xarici görünüşlərində isə bizimlə o qədər də çox fərq yoxdur deyərdim. Bu da mənim üçün bir az gözlənilməz oldu.

 – Dövlət Qulluğu Milli Universitetini seçməyinizin əsas səbəbləri nə idi?

Macarıstanda yerləşən bu təhsil ocağı çox yeni qurulub və Avropada yeni bir model olaraq təklif olunub. Belə ki, əvəllər ayrı-ayrılıqda fəaliyyət göstərmiş Macarıstan Polis Akademiyası, Milli Müdafiə Akademiyası, Fövqəlada hallar və Dövlət İdarəçilik Ali Məktəbi birləşərək hazırda bir universitet kimi fəaliyyət göstərir. Univeristet yeni qurulsa da, akademik heyəti çox təcrübəlidir. Əksəriyyəti Avropanın aparıcı ölkələrində təhsil alıblar və çox iddialıdırlar. Az bir zamanda çox işlər görüblər və dövlət tərəfindən çox böyük dəstək alan ali məktəbir. Onu da qeyd edim ki, bu sahə üzrə yerləşdiyi regionda ən yaxşılarındandır.

 

– Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Müqayisə olunacaq dərəcədə çox fərqlər var. Heç bilmirəm hansından başlayıb, hansında bitirim.

İlk öncə akakdemik heyətin təcrübəsini götürək. Bizim əksər dövlət universitetlərində çalışan akademik və qeyri-akademik heyətin mütləq əksəriyyəti sovet dönəmində elə də nüfuzlu olmayan universitetlərdə təhsil alıblar. Özəl universitetlərin bəzilərində Avropa və Amerikanın qabaqcıl universitetlərində təhsil almış akademik heyətə az-çox rast gəlmək olar. Macarıstan universitetlərində vəziyyət isə tamam başqadır. Akademik heyətin əksəriyyəti dünyanın qabaqcıl universitetlərində təhsil alıb və o təcrübəni həvəslə öz ölkələrində tətbiq edirlər. Azərbaycanda Sovet dövründə təhsil almış və indi universitetlərdə dərs deyən müəllimlərin müasir dünyanın tələbləri ilə ayaqlaşması xeyli zaman alır və ya umimiyyətlə bir çox hallarda heç bacar bilmirlər. Əgər bu belə olmasaydı, Rusiyanın və ya digər post sovet ölkələrinin əksər universitetləri bu gün heç də arzu olunmayan reytinqdə olmazdılar. Mən özüm bakalavr təhsilimi Azərbaycanda dövlət universitetində bitirmişəm. Öz təcrübəmə görə deyə bilərəm ki, təhsilin keyfiyəttindən çox universiteti tələbələrin dərsə gəlməsi maraqlandırır. Əsasən də, davamiyyəti yoxlamaq məsələsi. Macarıstanda hər hansı dekan və ya tutor tələbənin dərsə gəlib-gəlməməsi ilə maraqlanmır. Ağlı başında olan tələbə seçdiyi dərsin önəmini anlayır və mühazirələrdə iştirak etməyə cəhd edir. Belə bir deyim var “İnsanların özləri deyil, maraqları idarə olunmalıdır”. Yəni bizim univeristetlər nə qədər ki, insanların özlərini idarə etməyə can atacaqlarsa, o qədər də müvəfəqiyyətsizliyə düçar olacaqlar (təbii ki, hamısına aid deyil). Tələbənin istəklərinə uyğun tədris təşkil olunmalıdır, universitet rəhbərliyinin deyil. Yəni çox təəsüf ki, hələ də bizdəki bir çox özəl universitetlərdə dekanatlığın və ya kafedranın öncədən təyin etdiyi dərslər məcburi şəkildə tələbələrə tədris olunur. Belə ki, tələbənin istəyindən asılı olmayaraq məcburi şəkildə o dərsi götürməsi tələb olunur. Burada isə qəti şəkildə elə bir şey yoxdur. Qısa olaraq izah edim. Deməli tələbə bir semestri 60 kreditlə başa vurmalıdır. Ona hər biri 10, 20 və ya 30 kredit şəklində əsas və seçməli dərslər təklif olunur. Buna uyğun olaraq tələbə 60 krediti tamamlamaq üçün ya iki dənə 30 (təbii ki, əgər elə dərslər varsa) kredit olan fənni (qərb təhsilində bu “modul” olaraq ifadə olunur) və ya 3 dənə 20 kredit olan fənni və ya 6 dənə 10 kredit olan fənn götürür. Beləliklə, yuxarıda deyildiyi kimi tələbənin istəkləri nəzərə alınır və onun idarə edilməsi daha effetktiv olur.

Başqa bir məsələ isə bizdə dövlət universitetlərində bakalavr və ya magistr dərəcəsində sırf ingilis dilində tədris olunan proqramlar çox azdır. Yəni bir mühənsdisin və ya iqtisadçının ingilis dilində bakalavr təhsili alması onun iş tapmaq imkanlarını, o cümlədən ixtisasına uyğun milyonlarla dərs vəsaitlərindən asanlıqla istifadə etməsinə imkan yaradır.

Sonuncu olaraq, tələbə və müəllim münasibətlərinə də diqqət vermək istərdim. Tələbə ilə müəllim arasında qarşılıqlı hörmət var. Nə tələbə, nə də müəllim qırmızı xətti keçir və ya ona can atır. Professor heyətini tələbənin sırf onun dərsinə olan marağı və ya diqqəti maraqlandırır. Əgər mühazirə zamanı tələbə çantasını götürüb otaqdan çıxırsa, bu qətiyyən hörmətsizlik kimi qəbul olunmur və olunmamalıdır. Bu o deməkdir ki, ya müəllim dərsi maraqsız tədris edir (müəllim bundan özünə nəticə çıxarır öz səhvlərini analiz edir) və ya tələbə artıq o mövzunu bilir və bunun üçün mühazirə otağını tərk edir. Bundan başqa hər hansı bir tələbə qısa müddətə mühazirə zalını tərk edib geri gelirsə, bunun üçün hər hansı bir icazəyə ehtiyac yoxdur. Sonuncu və ən önəmli məsələni qeyd etmək istərdim. Tədrisin sonunda bütün tələbələrə onlayn və anonim anket təqdim olunur ki, tələbələr burada götürdükləri modullar və onu tədris edən professor heyəti haqqında öz fikirlərini bildirirlər. Bu anketin nəticələrinə uyğun olaraq o modulun gələcəkdə tədris olunub-olunmaması və həmin professorun o modulu gələcəkdə tədris edib- etməməsinə qərar verilir.

 – Budapeşt şəhərindəki asudə vaxtı məşğuliyyətiniz nədən ibarət olur? O cümlədən eyni şəhərə gələn digər əcnəbi tələbələr öz boş vaxtlarını necə keçirirlər?

Budapeşt şəhəri çox unikal bir yerdə yerləşir. Avropanın mərkəzində və böyük nəqliyyat qovşaqlarının arasında yerləşdiyinə görə buraya gələn turistlər Slovakiya, Avstriya, Çexiya və Sloveniya kimi qonşu Avropa ölkələrinədə səfər etmək imkanları əldə edirlər. J   Macarıstanın özünə məxsus tarixi, coğrafiyası və ən önəmlisi mehriban insanları var. Macarların əcnəbilərə qarşı qonaqpərvərliyi yüksəkdir və xaricilərin öz vaxtlarnını səmərəli keçirmələri üçün bir çox imkanlar yaradılıb. Paytaxt Budapeştin küçələrində gəzişərkən fərqli dillərdə danışan xalqların nümayəndələrini görmək olar.  Budapeştin füsünkar gözəlliyinə valeh olmaq mümkün deyil. Şəhər öz tarixi gözəlliyini hələ də qoruyub saxlayır.

 – Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

 Xaricdə təhil almaq üçün universitet seçimi etmək çətin və həssas prosesdir. Sonradan təəssüf hissi keçirməmək üçün bütün xırdalıqları nəzərə almaq lazımdır.  Bunlara seçdiyiniz universitetdə oxuyacağınız ixtisasın keyfiyyəti, akademik heyət, o cümlədən keçiriləcək dərslər barədə əvvəlcədən məlumatlı olmaq daxildir. Bundan başqa universitetin reytinqi, məzunlarının hazırki vəziyyəti, universitetin maddi-texniki bazası, yataqxanası, kampus həyatını da nəzərə almaq lazımdır. Mən təhsil aldığım müddətdə universitet tərəfindən yataqxana ilə təmin olunmuşdum və bu mənim yerli mühitə daha tez uyğunlaşmağıma, başqa ölkələrdən olan tələbələrlə ünsiyyət qurmağa köməklik edirdi. Bundan başqa mən Macarıstanda təhsil almağa hazırlaşan gəncləri birmənalı olaraq “Study in Hungary” (www.study-hungary.com) şirkəti ilə məsləhətləşməyə səsləyirəm. Şəxsən mənim özüm bir çox suallarla onlara müraciət edib ətraflı məlumat almışam.

 – Təhsilinizi bitirdikdən sonra hansı planlarınız var?

Bunun üçün bir neçə plan üzərində işləyirəm.  Hələ ki, dəqiq deyəcəyim elə bir şey yoxdur.

 – Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Bu şəraiti yaratdığınız üçün mən təşəkkür edirəm. İşlərinizdə uğurlar.

11164653_1072087312806811_1023934643085292345_n

Hakim_Alasgarov_6

Hakim_Alasgarov_1

Hakim_Alasgarov_2

Hakim_Alasgarov_4

Hakim_Alasgarov_3

Leave a Reply

Your email address will not be published.