Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Macarıstan haqqında dostlarımdan eşitdiyim müsbət fikirlər mənə digər proqramlar barədə çox fikirləşməməyə kömək elədi

BDD_3535  Macarıstan dövlətinin təqaüd proqramı ilə Korvinus Universitetində (Corvinus University) MBA üzrə təhsil alan Tural Babayev ilə müsahibəni təqdim edirik.  

 

 

 

 

– Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

– Açıq danışsam, Macarıstanda təhsili seçməyimə əsas səbəb təqaüd imkanı oldu. Azərbaycanla Macarıstan arasında yeni imzalanmış təqaüdlə bağlı olan müqavilə haqda KİV-lərdə eşitmişdim və elan olunmasını gözləyirdim. Müsabiqə ilə bağlı elanı görən kimi sənədlərimi göndərdim. Hətta deyərdim Macarıstan haqda dostlarımdan eşitdiyim müsbət fikirlər mənə digər proqramlar barədə çox fikirləşməməyə kömək elədi.

 -İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

  • Bilmirəm niyə, amma bura gələndə elə bil ki, heç nəyin məni təəccübləndirməməsinə hazırlaşmışdım. Bundan əvvəl Avropanın heç bir ölkəsində olmamışdım. Amma daha konkret cavab versəm, şəhərin səliqəsi və təmizliyi məndə ilk təəssuratın müsbət olmasına səbəb oldu. Hava limanından yataqxanaya çatana qədər diqqətimi məhz bu çəkdi.

 – İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? MBA təhsili üçün Korvinus Universitetini seçməyinizin əsas səbəbləri nə idi?

– İnternetdə araşdıranda məlum oldu ki, Korvinus universitetinin MBA proqramı Macarıstandakı ən keyfiyyətli MBA təhsilidir. Mənim təhsil aldığım full-time MBA proqramı Şərqi Avropada ən yaxşı 4-cü kimi qiymətləndirilir. İnternetdə universitet binasını, daxili təchizatını və s araşdırdıqdan sonra da seçimimin düzgün olduğuna inandım. Bu imkanı dəyərləndirməyə bilməzdim.

 – Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

  • Bizim təhsil sistemiylə istənilən Avropa ölkəsinin təhsil sistemi arasında böyük fərqlər tapmaq olar. Macarıstandakı ən böyük fərq internet üzərindən “Neptun” və “Moodle” sistemləriinin qurulmasıdır. Qısaca izah etsəm, hər bir tələbənin “Neptun” sistemində özünün onlayn hesabı olur və imtahanları üçün həmin sistem üzərindən qeydiyyatdan keçir, şəxsi məlumatlarını daxil edir, hətta təqaüdünün hesabına oturub-oturmadığını belə o sistemdən öyrənə bilir. Bu hələ həmin sistemin bir çox parametrlərindən sadəcə iki-üçüdür. “Moodle” sistemi isə müəllimlərlə tələbələri eyni online platformada birləşdirir. Müəllimlər mühazirə materiallarını və digər əlavə məlumatları “Moodle” sisteminə yükləyir, tələbələr ordan həmin məlumatı əldə edir. Siz quiz, mid-term, final imtahan qiymətlərinizi bu sistemdən öyrənə bilərsiniz. Yəni hər dəfə yol ölçüb universitetə getməyə heç bir ehtiyac qalmır. Bu nəticələr “Moodle”la bərabər həm də sizin elektron poçt ünvanınıza göndərilir. Macarıstan təhsil sistemində diqqətimi ən çox çəkən bu oldu.

– Siz Macarıstan dövlətinin büdcəsindən maliyyələşən təqaüd proqramı ilə təhsil alırsınız? Bu təqaüd proqramını qazanmaq çətin olmadı ki?

– Düzü, elə də çətin olmadı, çünki daha əvvəl bu təqaüd haqda elan verilməmişdən əvvəl başqa təqaüd proqramına sənədlərimi hazırlamışdım deyə, artıq bütün sənədləşmə işlərim hazır idi. Həm də proqramın müsahibəsinə dəvət edilməmişdən əvvəl universitetdən qəbul olunmağımla bağlı xəbər almışdım deyə içimdə əminlik var idi. Çətin olan yeganə şey müsbət cavabı gözləmək oldu =) İkinci il müraciət etmək istəyənlər üçün isə artıq indidən hansı sənədlərin lazım olduğunu göstərən siyahı var və onlar vaxt itirmədən sənədlərini hzır edib elanı gözləyə bilərlər.

 – Budapeştdəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən Budapeştə gələn digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər?

– Budapeştdə hələ yeniyəm demək olar. Amma həm öz qrup yoldaşlarımız, həm bizdən bir kurs yuxarı MBA tələbələri, həm yataqxana yoldaşlarımız ilə yaxşı şəbəkə yaratmışıq. Bəzən özümüz şəhərin hansısa turistik hissəsinə gəzinti təşkil edirik, hərdən olur ki, bizim öz MBA proqram koordinatorumuz özü bizimçün gəzinti proqramı hazırlayır və bizi dəvət edir. Gedib həmin yerləri gəzirik və sözsüz ki, fotosessiyasız keçinmirik, əsas xatirəmiz elə o şəkillərdi =)) Budapeştin məşhur Bikaş parkında basketbol oynayırıq, Marqaret adasında frizbi oynayırıq. Hələ vaxt edib futbol oynaya bilməmişəm, bu məni çox narahat edir =)) Budapeştin gecə həyatını da istisna eləmək olmaz =) Budapeşt turistlər və tələbələr arasında həm də gecə həyatına görə məşhurdur. Bura gələn hər kəs mütləq hansısa klub və ya barda əylənməmiş getməsin.

 – Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

– Bilirsiniz, 2015-ci ilə qədər xaricdə təhsil dövlət ptoqramı fəaliyyətdə olduğu üçün hamı arzusunda olduğu ölkəni və ya universiteti geniş universitet siyahısından seçmək sərbəstliyi var idi. Həmin proqramın davam edəcəyi barədə dəqiq bir məlumatım yoxdu deyə, məncə, tələbələr davam etməyəcəyi ehtmalını da nəzərə alıb artıq təqaüd ala biləcəkləri proqramları araşdırmalıdırlar. Bu səbəbdən tələbənin istədiyi ölkəni seçmək imkanı azalır. Məsləhətim odur ki, əvvəl təhsil almaq istədikləri ixtisas üzrə təqaüd proqramlarını araşdırsınlar. Sonra proqrama daxil olan universitetlərin yerləşdiyi ölkələrdəki yaşayış xərcləri ilə maraqlansınlar, internetdə bu tip məlumatlar çoxdu. Misal kimi deyə bilərəm ki, Macarıstan digər Avropa ölkələrinə nisbətdə daha ucuz ölkə olmasaydı, bizim aldığımız təqaüdlə (cib xərcliyi deyək) ac qalmaq olar. Həmçinin deyim ki, Macarıstanda universitetlərin əksəriyyəti müxtəlif sahələr üzrə ixtisaslaşıb deyə burada universitet seçmək daha asandır. Nəticədə siz Macarıstanda bu sahə üzrə ən yaxşı universitetdə oxuyacağınıza əmin olacaqsınız.

 – Macarıstanı, Budapeşti və universitetinizi hansı səbəblərə görə xoşlayırsınız?

-Bilmirəm niyə, amma burda özümü qəriblikdə kimi hiss eləmirəm. Macarıstanı sevmə səbəblərimə qərar vermək üçün hələ tezdir, çünki hələ 2 aydır burdayam. Amma hələ ki, qeyd edə biləcəyim yeganə şey şəhərsalması və ən əsası çox dəqiq nəqliyyat sistemidir. İstədiyiniz ünvanı Google Mapsdə rahatlıqla tapa bilərsiniz. Google sizə hansı nəqliyyat vasitəsilə neçə dəqiqəyə həmin ünvana gedə biləcəyinizi də deyir. Telefonunuzda GPS açıqdırsa, praktiki olaraq itmək ya azmaq ehtimalınız yoxdur. Budapeşti səliqəli küçələri, aktiv həyatı, gözəl binaları, körpülərinə görə xoşlayıram. Korvinus universitetini isə sevməmək üçün səbəb tapa bilmirəm. Həqiqətən bir tələbəyə lazım olan hər şer var burada. Universitetin yeni korpusundakı kitabxananı, onun şəraitini və imkanlarını görsəniz, siz də yəqin mənim kimi düşünərsiniz: “Bir tələbəyə bundan artıq nə lazım ola bilər ki?” Cavab verirəm ki, pəncərələri Dunay çayına və Azadlıq körpüsünə açılan dərs otağımız da daxil olmaqla heç nə =)

 – Maraqlı müsahibəyə görə təşəkkür edirik.

– Buyurun, dəvətiniz üçün mən də sizə öz minnətdarlığımı bildirirəm.

IMG_2454- IMG_2346--IMG_2559-

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button