“Mən inanmıram ki, tələbələrin Fransada Azərbaycan dövləti hesabına təhsil almalarına bir qadağa olsun”

Fransanın Sarbonna universitetində  magistr təhsili alan Aqil Xəlil bu ölkənin qəbul etdiyi “erməni soyqırımını inkar” qanunu və tələbələrin buna münasibəti, iqtisadi böhran, hicab qadağası və bir çox başqa məsələlər barədə Telebe.az–a danışdı.

Zəhmət olmasa, bildirərdin, hal-hazırda dünyada və Fransada davam edən iqtisadi böhran xarici, xüsusilə də, Azərbaycanlı tələbələrin bu ölkədəki vəziyyətinə necə təsir edib?

Mən deməzdim ki, böhranın bu ölkəyə təsiri böyük olub. Düzdür, müəyyən sahələrdə və əsasən gənclərin vəziyyətinə təsiri olub, amma, bu o qədər də çox deyil. Azərbaycanlı tələbələrin vəziyyətinə gəldikdə isə, onu qeyd etməliyəm ki, burada olan həmvətənlilərimizin bir çoxu dövlət proqramı çərçivəsində təhsil alırlar. Bu sahədə gənclərə verilən vəsait onların şəraitlərinin normal qurulmasına köməklik edir. Düzdür, tələbəlik hər yerdə tələbəlikdir. Yəni, müəyyən şeylərdən özünü çəkindirməli olursan. Amma ümumilikdə götürsək, vəziyyət hələ ki, qənaətbəxşdir.  
Səncə, indiki məqamda, məlum qondarma erməni soyqırımını inkar qanununun qəbulundan sonra Azərbaycan tələbələrinin Fransada təhsilə marağının azalması tendensiyası müşahidə oluna bilərmi?
Bu məsələ ilə  bağlı mən qeyd etməliyəm ki, Fransanın təhsil sistemi dünyanın  ən güclülərindən sayılır. Buradakı universitetlərin yüzlərlə  əsirlik tarixi var. Bir çox azərbaycanlı gənclərinin də  Fransada oxumaq arzusu olduğunu bilirik. Tələbələr Bakıda aktiv olaraq fransız dilini öyrənməyə çalışırlar. Bu və  bir çox başqa səbəbləri əsas gətirərək qeyd etməliyəm ki, gənclərin Fransada təhsil əvəzində digər ölkələrdə  təhsili seçəcəklərini inanmıram. 

Bayaq Dövlət proqramından danışdın. Bəs səncə, Azərbaycan dövləti bu məsələdə necə reaksiya verə bilər. Məsələn, Fransa yerinə gələcəkdə tələbələri fransızdilli Kanadaya göndərə bilərmi?

Mən inanmıram ki, tələbələrin Fransada Azərbaycan dövləti hesabına təhsil almalarına bir qadağa olsun. Çünki hazırkı məqamda baş verənlər onu deməyə  əsas verir ki, bu sahədə heç bir radikal addım atılmayacaq.   
Məlum ermənipərəst qanunun qəbulundan sonra Azərbaycan icmasının türk icması ilə birgə hər hansı bir aksiyalar təşkil etdiyini və ümumiyyətlə, bu məsələdə diasporumuzun fəaliyyətlərini necə qiymətləndirirsən?
Qeyd edim ki, bu hadisələr başlayandan mən bir neçə dəfə müxtəlif aksiyalarda iştirak etmişdim. Əlbəttə, türk icması xüsusilə də, tələbələri bu sahədə daha aktivdirlər. Aksiyalara digər şəhər və hətta ölkələrdən belə insanlar cəlb olunur. Amma təəssüflə qeyd etməliyəm ki, Azərbaycan icması ilə türk icması arasında koordinasiya yoxdur. Hətta mən deyərdim ki, bizim icma bu ölkədə çox passivdir. Və əsasən mədəni tədbirlərin keçirilməsinə üstünlük verir. Bunlar da əsasən musiqi,  milli yeməklərlə bağlı tədbirlərdir. Hətta bu tədbirlərdə də çox az sayda insan iştirak edir. 

Fransada bir sıra radikal qərarlar verilmişdi. Onlardan hicab qadağasını və immiqrantlarla bağlı olan qərarlar idi. Həmçinin bir çox ekspertlərin Fransada digər millətlərə qarşı bir qorxunun olmasını da qeyd edirlər. Səncə, bu nə dərəcədə realdır və tələbələrin həyatına bu hər hansı bir formada təsir edirmi? 

Hicab məsələsinə toxunaraq bildirməliyəm ki, Fransada hicab yox, niqab qadağan edilib. İnsanlar küçələrdə hicabla gəzə bilirlər, bu məsələdə heç bir problem yoxdur. Niqab isə insanın üzünü bağladığı üçün qadağan edilmişdi. Milliyyətçilik məsələsinə gəldikdə isə, başqa ölkələrdən fərqli olaraq, Fransaya gələnlərə onların hansı ölkədən olmaları, milli mənsubiyyətləri ilə bağlı çox suallar verilir. Tanış olduğun bir insan bir neçə sualdan sonra səndən milliyyətini soruşur. Məncə, bu çox az ölkəyə xas olan xüsusiyyətdir.   
Siyasəti kənara qoyum, təhsilə qayıdaq. Ümumiyyətlə, Fransada tələbələrin təhsili üçün hansı şərait yaradılıb?

Bu məsələdə Fransada təhsilin çox üstünlükləri var. Dövlət və müxtəlif fondlardan verilən təqaüdlərdən başqa, tələbə kartı olan hər kəs restoranlarda, kafelərdə, müxtəlif kütləvi tədbirlərdə 50%-ə qədər endirim əldə edə bilir. Bundan başqa tələbə bileti ilə ictimai nəqliyyatda da güzəştlər nəzərdə tutulur. Bu da tələbələrin güzəranına müsbət təsir göstərir. 

Müsahibə  üçün sənə təşəkkür edirik.

Siz sağ olun.

5 Comments

  1. Kamran says:

    salam Fransada tibb tehsili ve ya neft sahesinde hasi universitetler daha yaxsidir.11-ci sinifi qutarib bu universitetlere girmek ucun hansi imtahanlarini vermeliyem

  2. Kamran says:

    salam Fransada tibb tehsili ve ya neft sahesinde hasi universitetler daha yaxsidir

  3. Araz says:

    Fransada magistr derecesinde oxumag ucun hara muraciet etmek lazimdi?

  4. araz says:

    fransada bakalavr tehsili almag ucun tcf dap a2 sertifikstiyla her hansi universitete daxil olmag olarmi?

  5. Huseyn says:

    Her bir telebenin istediyi bir weydir ki,xaricde tehsil alsin. Xususilede, Fransa,Almaniya,ABS ve s. Kimi boyuk olkelerde. Fransanin qebul etdiyi bu qerar menim fikrimce butun telebelere oz tesirini bildirib. Eger bu qerar qaldirilmasa yeqin edirem ki, butun bu isler mutesekkil forma alacaqdir ve menim fikrimce buna artiq son qoyulmalidir!!!
    Diqqetiniz ucun tesekkur edirem!
    SAG Olun.

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group