“Mən BDU məzunuyam, istər-istəməz Türkiyə təhsilini Azərbaycan təhsili ilə müqayisə etməli oluram. Yerlə göy qədər fərq var”

Telebe.az saytı Türkiyənin Kadir Has Universitetində təhsil alan Səbinə Vaqifqızı ilə müsahibəni təqdim edir.

Zəhmət olmasa özünü təqdim et?

-Səbinə Vaqifqızı, 24 yaşım var. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsini 2009-cu ildə bitirmişəm. Tələbə vaxtından müxtəlif qəzet və jurnallarda müxbir olaraq təcrübə keçmişəm, əməkdaşlıq etmişəm. Eyni zamanda jurnalistikanın müxtəlif sahələri ilə bağlı çoxsaylı yerli və beynəlxalq seminarlara qatılmışam. Bir müddət Azadlıq Radiosunda Qaynar Xətt verilişində ştatdan kənar müxbir olaraq çalışmışam. Hazırda Türkiyənin İstanbul şəhərində Kadir Has Universitetində Yeni Media üzrə magistr təhsili alıram. Eyni zamanda Markakod Agentliyində sosial media meneceri olaraq təcrübə keçirəm.

Hansı proqram əsasında sən indi bu universitetdə təhsil alırsan?

-Kadir Has Universitetinə fərdi baş vurmuşam. Gərəkli prosedurları keçdikdən sonra burada magistr təhsili almaq haqqını qazanmışam.

Niyə məhz Türkiyədə təhsil?

-Öncə hansı sahə üzrə təhsilimi davam etdirmək istəyirəm, ona qərara verdim. Yeni Mediada dayandım. Sonra harada bu təhsili yüksək səviyyədə ala bilərəm deyə araşdırdım. Daha çox Amerika və Türkiyə üzərində fokuslandım. Amerikada təhsil üçün bir-iki proqrama baş vurdum, uğursuz oldu. O dönəm çalışdığım yerdən İstanbula təhsil ziyarətinə getdim. Orada bir neçə universitet gəzdim, Kadir Has Universiteti diqqətimi çəkdi. Sonra Bakıya qayıtdıqda daha da incələdim, məlum oldu ki, Türkiyədə mənim oxumaq istədiyim Yeni Media təhsili yalnız bu universitetdə verilir. Amerikada bu sahə üzrə təhsil alan müəllimlər dərs deyir, Amerika universitetləri ilə ortaq çalışmaları var və.s və ilaxır bu kimi üstünlüklərini gördüm.  Ona görə, heç digər universitetləri araşdırmadan fərdi olaraq sənədlərimi verdim. Hazırda təhsilimdən və tələbəlik həyatımdan razıyam.

Türkiyədəki təhsil səviyyəsini necə qiymətləndirirsən?

-Mən Bakı Dövlət Universiteti (BDU) məzunuyam, istər-istəməz Türkiyə təhsilini Azərbaycan təhsili ilə müqayisə etməli oluram. Yerlə göy qədər fərq var. Birincisi, təhsildə rüşvət görmürəm, tələbəyə inanılmaz hörmət var. Bunu tələbəyə verilən yol endirim kartından, muzeylərə pulsuz girişdən, pullu tədbirlərə endirimdən tutmuş, müəllimlə tələbə münasibətinə kimi hiss etmək olur. Burada birincisi, universitetlər bir-biri ilə yarışır, rəqibdirlər. Ona görə də inkişaf var. Universitet həyatı yalnızca dərs otaqlarında keçmir, tələbələrin universitet daxilində və kənarda az qala hər gün bir tədbirə qatılma şansı var. Özəl universitetlərdə bu, daha yayğındır. Xarici professorlarla görüşlər keçirilir, universitet aktual mövzularla bağlı tədbirlərə ev sahibliyi edir. Mənim təhsil aldığım universitetdə 42 tələbə klubu var, bu klublara qatılaraq dünyagörüşünü, ictimai fəallığını artıra bilirsən. Və bu klublar hər hansı tədbir təşkil etdikdə bir çox tanınmış şirkətlər könüllü sponsorluq edir, tələbə fəaliyyətinə dəstək olur. İkincisi, təhsil şəffafdır, dərslər interaktiv keçir, kredit sistemi olduğu üçün dərsdə iştirak da sənin seçiminə bağlıdır. Və ən əsası oxu materialları ingiliscə olmaqla yanaşı az qala əksəriyyətinin türkcəyə tərcüməsi mövcuddur, ya da türkcə alternativləri var. Bu da öz dilində resurs bazanın olması deməkdir.  Qısacası, burada təhsil alan tələbələr sözün həqiqi mənasında iş həyatına hazırlanmış olurlar. Tələbə ikən karyera qurmaq, imkanları böyükdür.

Sənin oxuduğun fakültənin hansı prespektivləri var?

-Məncə, oxuduğum bölüm elə başdan ayağa perspektivdir. Yeni Media əgər Türkiyə təhsilinə hələ 2004-cü ildə daxil olubsa demək çox yenidir. Azərbaycanda isə bu ildən Bakı Slavyan Universitetində (BSU) tədris olunmağa başlandı. BSU-da artıq Yeni Media ve Kommunikasiya Tecnologiyalari kafedrası var.  Kafedranın müdiri Aynur Bəşirli hələ 2009-cu ildən BSU-da Avropa Şurasının dəstəyi ilə “Azərbaycanda Jurnalistika Tədrisinin İnkişafına Dəstək” layihəsini BBC Dünya Xidməti Trust-la başlatmışdı. Mən də bu layihədə çalışırdım. Azərbaycanda ilk dəfə olaraq bu layihənin təşəbbüsü ilə Yeni Media modulunu hazırladıq. O zaman insanlar bizə gülürdü, amma indi az qala hər kəs “Yeni Media nədir?” sualına cavab axtarır. O vaxt layihə çərçivəsində İngiltərədən və Türkiyədən gələn peşəkarlarla çalışdıq. İndi mükəmməl modullarımız var, sadəcə Azərbaycanda bu sahənin tədrisini verə biləcək kadrlar azdır. Ona görə də düşünürəm ki, Türkiyədə Yeni Media təhsilimi bitirdikdən sonra ölkəyə qayıdacam. Görüləcək işlər çoxdur. İlk işim BSU-da bu sahənin tədrisini etmək olacaq. Düşünürəm ki, Azərbaycanda Yeni Media anlayışı hələ də düzgün oturuşmayıb, ya da önəminin fərqində olanlar azdır. Halbuki istər jurnalistika, istərsə də digər sahələr, hamısı Yeni Mediada qovuşur və qovuşacaq. Bundan qaçış yoxdur.

Türkiyədə təhsilin mənfi cəhətləri nədir?

-Mən yalnız öz təcrübəm və müşahidələrimi paylaşa bilərəm. Burada təhsil aldığım müddətdə elə bir ciddi mənfi cəhətlə rastlaşmamışam. Ən əsası rüşvət yoxdur. Qəribədir, BDU-dakı müəllimim Zeynal Məmmədlinin mənə dediyi sözü xatırladım: “Səbinə, sən ən pisini görmüsən, bundan pisini görməyəcəksən deyə heç nə səni heyrətləndirməyəcək”.
Mənfi cəhət olaraq bəlkə onu deyə bilərəm ki, bəzən müəllimlər düzgün seçilməyə bilir. Amma tələbənin də hər zaman müəllim dəyişdirmə tələbində olmaq kimi hüquq var. Bir də daha çox dövlət universitetlərində siyasi və dini, ideoloji düşüncə fərqləri təhsil prosesinə təsir edə bilir. Bu yaxşı hal deyil. Amma bu diskriminasiya artıq az qala Türkiyənin hər bölgəsinə bulaşıb.

Sirr deyilsə deyərdin gündəlik və ya aylıq xərclərin nə qədərdir? Bunlar əsasən hansı xərclərdir?

-Qətiyyən kommersiya sirri deyil  Mən Kadir Has Universitetinin təqaüdünü qazandığım üçün, təhsil haqqı ödəmirəm. Belə ki, Yeni Media magistr təhsili illik təxminən 8-9 min dollardır. Tələbə yataqxanasında qalıram, aylıq olaraq təxminən 200 AZN pul verirəm. Bundan əlavə, aylıq yol xərcim təxminən 35 AZN-dir. Yemək və digər xərclər də aylıq təxminən 200 AZN edir. Toplam aylıq hardasa 400-450 AZN-ə yaxın xərcim çıxır.

Türkiyədə təhsil almaqla bərabər digər ölkələrdə təcrübə keçmək imkanı varmı?

-Əlbəttə ki, var. Erasmus deyilən bir proqram var. Bura müraciət edə bilirsən. Proqramı qazandığında bir semestrlik təhsilini Avropanın fərqli universitetlərinin birində davam etdirə bilirsən. Bu da bir təcrübədir. Amma konkret staj keçmək istəyirsənsə bildiyim qədəriylə özün xərcləri qarşılamaq şərtilə fərdi olaraq bunu edə bilərsən. Amma çoxsaylı xarici təlimçilər universitetlərə dəvət olunur, orada pulsuz olaraq təlim ala bilirsən, eləcə də kurslara yazıla bilirsən.

Müsahibə üçün təşəkkürlər

Telebe.az / Fərid Elçinoğlu

Comments are closed.