Zuleykha_Corvinus_photoÇoxsaylı xahişləri nəzərə alaraq Macarıstan dövlətinin maliyyələşdirdiyi təqaüd proqramı ilə təhsil alan daha bir həmyerlimizlə müsahibəni Sizə təqdim edirik. Züleyxa Şirinova bu ilin sentyabrından Korvinus Universitetində (Corvinus University) magistraturada təhsil alır və məmnuniyyətlə öz fikirlərini bizimlə bölüşməyə razılıq verdi.

– Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

Bu vaxtdək bir çox Avropa ölkələrində olsam da, Mərkəzi Avropa xüsusən də Vişeqrad qrupu ölkələri məni yüksək mədəniyyəti, mehriban mühiti və rəngarəng kontingenti ilə özünə cəlb edib. Ötən il Avstraliyanın prestijli universitetlərindən birindən qəbul alsam da, təqaüd şansının olmaması məni növbəti il ərzində bütün təqaüd proqramlarını aşkarlayıb müraciət etməyimə səbəb oldu. Nəhayət, hazırda oxuduğum universitetin reytinqi, Macarıstanda yaşayış səviyyəsinin münasibliyi və sosial-mədəni rifah səviyyəsini nəzərə alaraq bir çox imkanlar arasından məhz  Macarıstan hökumətinin ayırdığı təqaüd proqramını üstün tutdum.

 

 

 

 

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

Macarıstanla əyani tanışlığım akademik təhsil periodumdan öncəki illərə dayanır. Onu qeyd edə bilərəm ki, Budapeşt öz gözəlliyi ilə məni heyran etmişdi. Şəhər həyatı nə qədər dinamik görünsə də bir o qədər də sakitdir və tələbələr üçün olduqca əlverişli şəhərdir.

– İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? Magistr təhsili üçün Korvinus Universitetini seçməyinizin əsas səbəbləri nə idi?

Korvinus Universiteti Biznes, Sosial elmlər və İdarəetmə sahəsində Macarıstanın digər əksər universitetlərini təhsil sisteminin keyfiyyəti və keçirilmə texnikası ilə geridə qoyur. Bakalavr təhsilimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər üzrə başa vursam da, hazırda magistr təhsilimi Dövlət (İctimai) Siyasəti və İdarəetmə (Public Policy and Management) ixtisası ilə davam etdirirəm. Sözügedən ixtisas 2012-ci ildə Dövlət İdarəçiliyi Akkreditasiyası üzrə Avropa Assosiasiyası tərəfindən tanınıb ki, bu da təhsil səviyyəsinin beynəlxalq standartlara cavab verdiyini sübut edir.

– Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Ən başlıcası diqqətimi çəkən məqam hər kiçik detalın elektronlaşdırılması və kağız əsaslı hər hansı kitab və ya materiala ehtiyac duyulmamaısıdır. Tədris edilən bütün materialları universitetin özünəməxsus Moodle sistemində tapmaq olar, eyni zamanda həmin sistem vasitəsilə kolleqalarınız və professorlarla əlaqə saxlamaq, imtahan nəticələrinizi yoxlamaq və s. mümkündür. Bu da universitetin “yaşıl düşüncə”yə nə dərəcədə yüksək önəm verdiyininin göstəricisidir. Müəllim-tələbə münasibətləri isə Azərbaycanda müşahidə etdiyimiz kimi ierarxik deyil, üfüqi şəkildə inkişaf edir. Məsələn, professorla hər hansı elmi mövzunu müzakirə edə və eyni zamanda onunla yaşıdınız kimi dostluq da qura bilərsiniz.

– Siz Macarıstan dövlətinin büdcəsindən maliyyələşən təqaüd proqramı ilə təhsil alırsınız? Bu təqaüd proqramını qazanmaq çətin olmadı ki?

Sözügedən təqaüdü qazanmaq üçün tələbənin mütləq fərqləndirici xüsusiyyətləri, eləcə də yüksək akademik göstəriciləri olmalıdır. Ümumiyyətlə, təqaüdü qazanmaq seçdiyiniz universitet və ixtisasdan asılıdır. Hazırda təhsil aldığım ixtisas üzrə 2 imtahan verdikdən sonra müsbət cavab ala bildim. Digər universitetlərə gəldikdə isə bu bir qədər daha asan prosedurdur.

– Budapeştdəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən Budapeştə gələn digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər?

Növbəti illərdə bu şəhərdə yaşayacağımı nəzərə alaraq bacardığım qədər stabil rutin qurmağa çalışmışam. Həftəiçi Skandinav Mədəniyyət Evində müxtəlif tədbirlərdə könüllülük fəaliyyəti ilə, həftəsonu isə dağadırmanma idman növü ilə mütamadi məşğul olmağa çalışıram. Bundan əlavə dostlarımla bərabər şəhərin qədim hissələrinə kiçik turlar təşkil edir, müxtəlif sosial-mədəni tədbirlərdə, eləcə də konsertlərdə iştirak edirik. Ümumiyyətlə,  Budapeştdə tələbə həyatı olduqca maraqlı və koloritlidir, çünki istənilən növ hobbi üçün imkan var.

– Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Fikrimcə, ilk növbədə ixtisaslaşacağı sahəni dəqiqləşdirsələr faydalı olar. Müasir gənclərimizin böyük əksəriyyəti xaricdə təhsil almaq istəsələr də,  təəssüf ki dəqiqlik və işində peşəkarlıq istəyi olduqca aşağıdır. İkincisi, mütləq universitetin seçilən sahə üzrə tədris metodikasına və kurrikulumuna diqqət edilməlidir ki, gələcəkdə iş mühitində lazımlı informasiyanı istifadə edə bilsin. Üçüncüsü, ölkənin yaşayış və həyat səviyyəsinin nə dərəcədə münasib olmasını, beynəlxalq mühit olub olmamasını nəzərə almaq vacibdir. Sonda şəxsi təcrübəmə dayanaraq vurğulamaq istərdim ki, hər bir seçim imkanını dəyərləndirmək və ilk uğursuzluqda demotivasiya olmamaq lazımdır.

– Macarıstanı, Budapeşti və universitetinizi hansı səbəblərə görə xoşlayırsınız?

Avropalıların dediyi kimi Budapeşt Avropanın ürəyidir. Tarixi, mədəni baxımdan yüksk ənənələrə malik olan şəhərin infrastrukturu və modernliyinə də söz ola bilməz. Şəhər böyük olsa da, istənilən nöqtəyə vaxtında və rahatlıqla çatmaq olar. Nəqliyyat sistemi olduqca qənatbəxşdir. Hələ indiyədək burada hər hansı tıxacla qarşılaşmamışam. Digər tərəfdən, mənim üçün ən vacib faktor təhslükəsizlikdir. Budapeştin turistlər üçün beynəlxalq mərkəzlərdən biridir və olduqca təhlükəsiz mühitə sahibdir. Sonda, Korvinus universiteti barədə onu demək istərdim ki, Korvinusun əsl tələbə-müəllim mühitini hiss etmək üçün Korvinuslu olmaq və bunu müşahidə etmək lazımdır. J

– Maraqlı müsahibəyə görə təşəkkür edirik.

– Mən də öz növbəmdə Sizə təşəkkür edirəm.


Leave a Reply

Your email address will not be published.