Könlündən könüllülük keçirsə könüllü ol

Volonterİnsanların sayı artdıqca, özlərinə yetə bilməyəcəyi bir hala gəlirlər və bu vəziyyət insanların bir-birilərinə ehtiyac duymalarına səbəb olur. Bu ehtiyac hissi insanların bir–birinə bağlanmasına vadar edir. İnsanların bir–birinə ehtiyac duymaları və bağlanmaları könüllülük hərəkatlarının başlanmasına səbəb olur. Könüllülük sahib olduğu fiziki güc, vaxt, məlumat, bacarıq və təcrübə xüsusiyyətlərindən birini və ya bir neçəsini hər hansı bir işdə, heç bir maddiyat güdmədən edilən bir işdir.  Könüllülük dediyimiz zaman ağlımıza gələn ilk şeylərdən biri könüllülük aksiyasının bir sosial aksiya olmasıdır. İnsanların bağlı olduqları cəmiyyətlərdə digər insanlara, qurumlara və ya hərəkatlara heç bir maddiyat gözləmədən, məcburiyyət qarşısında qalmadan kömək etməyə çalışmaları könüllülük aksiyasının sosial bir iş olduğunu göstərir. Könüllülük deyərkən qəti olaraq bir tərif verməyimiz doğru olmaz, çünki könüllü oluna biləcək qurumlar və insanların bu qurumlardakı rolları çox çeşidlidir.

Könüllülük cəmiyyəti dəyişdirməyə, irəli aparmağa söykənən bir fəaliyyətdir

İnsanlar bir neçə səbəbdən könüllü olurlar. Məsələn, şəxsi səbəb, cəmiyyətdə faydalı iş görmək həvəsi, həyatında dəyişiklik etmək istəyi, özünün cəmiyyətdə lazım olduğunu hiss etməsi, özünü inkişaf etdirmək, lider olmaq, təcrübə toplamaq, yeni dostlar qazanmaq, müxtəlif qruplarda, eyni cür düşünən insanlarla görüşmək, hər hansı problemin həllində iştirak etmək, özünü ifadə edə bilmək, özünü doğrultmaq, vaxtını faydalı keçirtmək, bir qrup halında olmaq və s.

Könüllülük bizlərə çox şey verə bilər; ünsiyyət qurma bacarığı, özünü ifadə etmək, məlumat və bacarıqlar mübadiləsi, təşkilat bacarığı, təcrübə, yeni dostlar və s. Biz hər hansı bir iş üçün müraciət edəndə, bizim CV–mizə nəzər yetirirlər. Əgər CV–də könüllü fəaliyyətimiz varsa, deməli, bu bizim üçün müsbətdir və xeyrimizədir.

Azərbaycanda təşkilatların demək olar ki, əksəriyyəti, könüllü fəaliyyətindən yararlanırlar. Məsələn, IREX, UNİCEF, BMT. Könüllülük bütün dünyada yayılmış bir aksiyadır və bununla bağlı Azərbaycan Respublikasında da qanun vardır (“Könüllülük haqqında qanun”).

“Könüllülük haqqında qanun”da qeyd olunur ki, könüllülük fəaliyyəti – Qanunla qadağan edilməyən, əsas iş yeri ilə bağlı olmayan, işlərin görülməsi, xidmətlərin göstərilməsi və digər dəstəyin verilməsi ilə bağlı ictimai faydalı məqsədlər güdən fəaliyyətdir. Qanun hər bir fiziki şəxsin öz iradəsi və sərbəst seçimi əsasında hər hansı bir sahədə könüllü fəaliyyət göstərməsinə şərait yaradır. Könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər:

Əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi; Uşaqlar və gənclərlə işlərin aparılması; Mədəni tarixi sərvətlərin qorunması; Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması; İnsan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği.

Könüllülüyün insanın həm özünə, həm də cəmiyyətə verə biləcəyi faydaları saymaqla bitməz. Könüllülük sayəsində biz insanlara və ətrafa daha duyarlı baxmağı bacara bilməyi, qrup işi, motivasiya və ünsiyyət qurma bacarıqlarını qazanmaq və s. kimi bacarıqlara yiyələnirik.  Könüllülük toplumda insanlar arasındakı sosial əlaqələrin təkmilləşməsində, dəyərlərin meydana gəlməsində, sosial problemlərin ortaya çıxmasında, fərqli həlli yollarının ortaya çıxmasında çox vacib bir amildir.

Cəmiyyətdə faydalı işlər görmək, həyatımızı daha maraqlı etmək, və özümüzü təkmilləşdirmək üçün, KÖNÜLLÜ olmaqdan çəkinməyin, dostlar.

Ülviyyə Babasoy