Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Kirayə ev tapmağın iki mühüm məqamı-tələbə problemi

kiraye_ev_telebeArtıq ali məktəbə daxil olmuş tələbələrin hər birinin adı məlumdur. İndi isə onların bir problemi qalır – kirayə mənzil problemi. Hər il də yeni tədris ili başlayanda kirayə mənzillərin qiyməti qalxır. Əksər valideynlər övladına uyğun və rahat mənzil axtarır. Rahat və uyğun mənzillərin qiyməti isə valideynlərin cibinə uyğun gəlmir. Ümumiyyətlə, bu mövzu aktuallığını hələ də itirməyib, çünki ali məktəblərin yataqxanalarında yer yoxdur və bu sahədə ciddi tədbirlərə çox böyük ehtiyac var.
Tələbələrin qarşılaşdığı kirayə mənzil probleminin həlli əksər hallarda qiymət məsələsinə görə baş tutmur. Bəzən kirayə mənzil tapan tələbələr bir neçə ay orada yaşadıqdan sonra ev sahiblərinin kaprizləri baş qaldırır və onlar kirayəhaqqını artırırlar. Ekspertlər isə deyirlər ki, bu kimi hallara son qoymaq üçün kirayə ev tutarkən müqavilə bağlamaq lazımdır.
Kirayə ev taparkən ən çox çətinlik çəkən isə oğlan tələbələr olur. Çünki hər ev sahibi evinə oğlan tələbələri götürməyə razı olmur. Səbəblərsə müxtəlifdir: mentalitet, oğlan uşaqlarının evi səliqəsiz saxlamaları və s.

İndi kirayə evlərin qiymətinin kəllə-çarxa çıxması tələbə və valideynləri çıxılmaz yolda qoyub. Valideyn məcbur olur ki, boğazından kəsib baha da olsa, övladı üçün normal şəraitli bir ev tutsun. Bugünkü tələbələrin o qazancı, imkanı yoxdur ki, ayda 250-400 manat kirayəyə pul ödəsin.

“Yeni dərs ili ilə əlaqədar kirayə evlərə axın çoxalıb. Bizim alıcılarımız, müştərilərimiz ən çox qızlardır. Ata-anaları gəlirlər 3-3, 4-4 birləşib ciblərinə uyğun kirayə ev tuturlar”. Bunu makler, “Real” daşınmaz əmlak firmasının nümayəndəsi Ceyhun Qənbəri deyir. Onun sözlərinə görə, indi kirayə evlərin qiyməti 300 manatdan 400 manata kimidir.

”Valideynlər bu civarda pul ödəyə bilirlər. Amma bu dəqiqə ev tapmaq çətindir. Bildiyimiz kimi, evlərin sezonu başlayıb, ona görə də qiymətləri süni şəkildə qaldırmağa çalışırlar. Məsələn, 300 manatlıq mənzili 450, 460 manata təklif edirlər. Biz də vasitəçi olaraq çalışırıq bazarda qiyməti tənzimləyək. Elə edək ki, bazarda həm alıcılıq qabiliyyəti yüksək olsun, həm də satıcılıq. Çalışırıq qiymətləri balanslaşdıraq ki, həm icarəçi, həm də icarədarlara sərf etsin. Amma icarədarlar bizə çətinlik yaradır. Çünki qiymətləri çox süni şəkildə qaldırırlar”.

Makler deyir ki, kirayə mənzil bazarında axtarışa çıxan kirayənişinlər 150-200 manata ev istəyirlər.
”Çünki rayonlardan, bölgələrdən üz tutan valideynlərin çox vaxt cibinə uyğun olan qiymətlər bunlar olur. Qarşılığında isə biz heç cür ev tapa bilmirik, çünki 200 manata artıq evlər yoxdur. Bakı şəhərində harda universitet, institut, təlim-təhsil mərkəzləri varsa, orda evlər çox bahadır”.

Makler C.Qənbərinin sözlərinə görə, kirayə ev axtaranlar əksər hallarda çoxmərtəbəli binalardan mənzil istəyirlər: ”Həm də şəratili mənzillər istəyirlər”.
Müsahibimiz deyir ki, təmsil etdiyi “Real” əmlak agentliyi çalışır ki, kirayə mənzil tapılarkən müştərilərlə ev sahibi arasında müqavilə bağlanılsın.

“Müqavilədəki şərtlər daşınmaz əmlakla bağlı rəsmi qanunvericiliyə uyğun tərtib olunur. Həmin şərtlərlə razılaşmayan insanlara da biz ev vermirik, çünki bu, bazar qanunundan kənara çıxmadır. Biz müqavilə bağlayır, dövlətə vergi veririk”.

Makler tələbə adını qazananlara məsləhət görüb ki, evlərin baha olmağını nəzərə alaraq, tanışlarla birləşsinlər, 3-3, 4-4 olmaqla razılaşıb, bir ev tutsunlar.

Kiraye ev sahib Səmayə Həsənova bul qiyməti qaldırdığını etiraf edir: “Çünki tələbat artıb. Eyni zamanda tez-tez mənzili təmir etdirmək lazım gəlir. İndi hamı bir-birinin hesabına dolanır. Dövlətdən təminat yoxdur. Ev sahibi məcburdur ki, balaca bir yeri kirayə versin, dolanışığına kömək olsun. Mən kirayə müqaviləsi bağlamıram. Çünkü bunun üçün gərək dövlətə vergi ödəyəsən. Nə qazanırıq ki. nə də ödəyək”

Ev sahibi deyir ki, kirayəyə götürdüyü tələbələr qarşısına heç bir tələb qoymur: “Sadəcə, ən çox tərbiyəyə fikir verirəm. Tələbə qızlardır, bir də görürsən məhləyə oğlan gətirirlər. Mənim də qızım, gəlinim var, kim bilir ki, o oğlan kimin dalınca gəlib. Ən əsas da, evi təmiz saxlasınlar.

Kirayə verərkən tələbənin oğlan və ya qız olmasının fərqi var. Mən evimə oğlan tələbə götürmürəm. Çünki həyətdə qız var, gəlin var. Həm də təmizliyə riayət etmirlər. Bəzən qızlar da evi pis gündə saxlayırlar, zibillərini də elə olur, özüm atıram”.

Texniki Universitetin 2-ci kurs tələbəsi Mehdi Axundzadənin məsələyə münasibəti:

“Kirayə ev tapmaq mənim üçün çox çətindir. Çünki əksər hallarda mənzilləri qızlara, ya da ailələrə verirlər. Səbəb kimi isə ən çox səliqəsizlik, evi dağınıq saxlamağı göstərirlər. Mən özüm dağıdıb-tökən deyiləm, sadəcə, adın çıxınca, canın çıxsın məsəli. Hətta maklerlər də bizə ev tapa bilmir. Qiymətlər isə son vaxtlar çox qalxıb.

Texniki Universitetin 2-ci kurs tələbəsi Musa Ağayev:

“2-ci ilə keçir ki, kirayə qalıram. Əvvəlki illə müqasiyədə bu il qiymətlər çox qalxıb. Məsələn, “Gənclik”də keçən il 300 manata hər şəraitli ev tutmuşdum, müəyyən səbəbdən oradan çıxdım, amma bu il o cür şəraitli evi 400-450 manata təklif edirlər. Hazırda ev axtarırıq, amma təəssüf ki, oğlanlara ev tapmaq çətindir. 1 tələbəyə 300-350 manat kirayə pulu ödəmək çətindir. Çünki tələbənin yeməyi, geyimi də var”.

Modern.az

QEYD: Əziz tələbələr! Telebe.az saytı sizin kirayə ev tapmaq probleminizi aradan qaldırmaq üçün sizə yeni bir xidmət təklif edir. http://telebe.online/t%C9%99l%C9%99b%C9%99l%C9%99r-ucun-kiray%C9%99-evl%C9%99r/ linkinə daxil olaraq, siz kirayə ev tapa bilərsiniz.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button