“Kanadada tələbəni dərsə zorla gətirmirlər”

fidan_2Modern.az saytı xaricdə oxuyan Azərbaycanlı tələbələrlə  müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz Kanadanın Karlton Universitetində oxuyan yeganə azərbaycanlı tələbə Fidan Kərimlidir.
Fidan Kərimli 1992-ci il iyul ayının 5-də Bakı şəhərində anadan olub. Təhsilini davam etdirmək məqsədilə Kanadanın paytaxt şəhəri Ottavaya köçüb. Bu, Fidanın ikinci ali təhsilidir. O, ilk ali təhsilini Bakı Dövlət Universitetində alıb.

– Karlton Universitetinin hansı fakültəsində təhsil alırsınız? Neçənci kursda oxuyurusunuz?

– Kanadanın paytaxt universiteti olan Karlton Universitenin Elm Fakültəsində Ətraf Mühit Elmi ixtisası üzrə təhsil alıram və hal-hazırda 1-ci kursu başa vurmuşam.

– Nə üçün xaricdə oxumağa qərar verdiniz? Niyə məhz Kanadını,  Karlton Universitetini seçdiniz?

– Ətraf mühitin mühafizəsi, enerji təhlükəsizliyi, ekoloji problemlər Azərbaycan vətəndaşı olaraq məni hər zaman narahat edib. Bu sahə ilə yaxından maraqlanmışam, beynəlxalq layihələrin keçirilməsində təşəbbüs göstərmişəm və iştirak etmişəm. Bu sahədə bilik və bacarıqlarımı artırmaq məqsədilə universitet seçimi edərkən ekologiya sahəsində beynəlxalq təcrübə, nailiyyət və imkanları nəzərə alaraq məhz Kanada ali məktəblərinə üstünlük verdim.

Karlton Universitetində bu ixtisas üzrə təklif olunan imkanlar mənim fikrimi cəlb etdi və seçimim məhz bu universitet oldu. Universitet nəzdində olan Ətraf Mühit Elmi İnstitutu tələbələrin bu sahədə nəzəri və praktiki biliklər qazanması üçün yaxşı təcrübəyə malikdir.

Seçdiyim universitetdə təhsilimi davam etdirməklə gələcəkdə mütəxəssis olaraq ölkəmizə qayıtmağı və bu sahədə ən yaxşı təcrübə və bilikləri tətbiq etməyi qarşıma məqsəd qoymuşam.

– O universitetə hansı xətlə, necə qəbul oldunuz?

– Kanada universitetləri tərəfindən tələb olunan sənədləri hazırlayıb universitetə qəbul üçün müraciət etdim. Çox keçmədən 3 universitet tərəfindən qəbulla bağlı müsbət cavab aldım. Bundan sonra öz şeçimim əsasında Karlton Universitetinin təklifini qəbul etdim. Dövlət təqaüdü almaq məqsədilə Azərbaycan Təhsil Nazirliyinə  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda iştirak etmək üçün müraciət etdim. Bundan sonra Təhsil Nazirliyi tərəfindən bir sıra qurumların nümayəndələrinin iştirakı ilə keçirilən xüsusi müsahibə mərhələsinə dəvət olundum. Bu müsahibə iştirakçılara xarici dil biliklərini və təhsil almaq üçün motivasiya, özünə inam, məqsədyönlüklərini, həmçinin şəxsi keyfiyyətlərini əyani olaraq nümayiş etmək imkanı yaradırdı. Müsabiqənin bu mərhələsində iştirakçılar fərdi müsahibələri əsasında nümayəndələrin obyektiv rəylərinə görə müsbət və ya mənfi dəyərləndirilirdi. Müsahibə mərhələsini uğurla keçdikdən sonra bir müddət Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən yekun rəylərin təqdim olunmasını səbirsizliklə gözləyirdim. Nəhayət, proqram xətti ilə xaricdə təhsil almaq hüququ qazananlar siyahısında mənim də adım çıxdı. Deyə bilərəm ki, bu xəbəri aldığım an, mənim həyatımın ən xoşbəxt anlarından biridir və bu anı yaşamağı digər Azərbaycan gənclərinə arzu edirəm.

Dövlət proqramı tələbələrin xaricdəki bütün təhsil və yaşayış xərclərini qarşılayır. Doğrudan da, bu proqram dövlətin ən uğurlu siyasətləri sırasındadır və minlərlə azərbaycanlı gənc bu imkandan yararlanır. Qeyd etmək istərdim ki, mənimlə universitetdə paralel təhsil alan beynəlxalq tələbələrin ölkələrində belə təcrübə yoxdur və mövcud olsa da təhsilin qismən maliyyələşdirilməsi xarakterikdir. Bu baxımdan xaricdə təhsil üzrə dövlət proqramı Azərbaycanın unikal bir təcrübəsidir.

– Xaricdə oxumaq istəyənlərə məsləhətiniz nədir?

– Xaricdə təhsil almaq istəyən gəncləri gələcəkdə təhsillə bağlı etdikləri seçimlərə həssas yanaşmağa çağırıram. Bildiyimə görə, bir çox gənclər gedəcəkləri ölkə və ya təhsil alacaqları müəssisələr barədə öncədən ətraflı araşdırma etmədikləri üçün sonradan çətinliklərlə üzləşirlər. Çox zaman reallıq gözləntilərdən fərqli ola bilər. Bu səbəbdən getdikləri ölkə, yaşayacaqları cəmiyyət, iqlim, təhsil müəssisəsinin qaydaları və tələbləri haqqında ətraflı məlumat almaq və qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən gəlmək üçün hazırlıqlı olmaq vacibdir.

– İlk vaxtlar hansı çətinliklərlə üzləşdiniz? Kanada ilə bağlı ilk təəssüratınız necədir?

– Adaptasiya dövrü mənim üçün heç də çətin olmadı. Düşünürəm ki, bu Kanadanın mənim ilk xarici ölkədə olmaq təcrübəm olmadığından irəli gəlir. Bundan öncə ictimai fəaliyyətim çərçivəsində bir çox Avropa ölkələrində olmuşam. Ancaq etiraf etməliyəm ki, Şimali Amerika çox fərqlidir. Kanada ilə bağlı ilk təəssüratım da məhz onun fərqliliyi və hər mənada “çox böyük” olması idi.

download (1)

– Azərbaycanla müqayisdə yaşam tərzində, cəmiyyətin fikrində hansı fərqləri gördünüz?

– Kanadalılar azərbaycanlılarla müqayisə olunmaz dərəcədə tam fəqli düşüncə və yaşam tərzinə malikdirlər. Bizdən fərqli olaraq, kanadalılar soyuqqanlıdırlar. Bunu yalnız ailə və ya dostluq əlaqələrində yox, müxtəlif situasiyalara yanaşmalarında hiss etmək olur. Ancaq Şimal ölkəsi olduğunu nəzərə alsaq, bu normaldır.

– Azərbaycan təhsili ilə ordakı təhsil arasındakı hansı fərqləri hiss etdiniz?

– Azərbaycandan fərqli olaraq Kanada ali məktəblərində tələbələrə çox sərbəstliklər verilir. Sərbəstlik deyəndə, tələbələrin hər istədiklərini etməyini nəzərdə tutmuram. Bu sərbəstliklər hər tələbənin üzərinə düşən məsuliyyəti dərk etməsini təmin edir. Məsələn, bizdən fərqli olaraq bir ay dərsə gəlmədiyi üçün heç bir tələbənin valideyni universitetə çağrılmır. Əgər tələbə dərslərdə iştirak etmirsə, deməli, təhsil onu maraqlandırmır və bu artıq onun seçimidir. Universitet rəhbərliyi onu dərslərdə iştirak etməyə xüsusi “dəvət” etməyəcək. Yanaşma belədir. Universitetə qəbul olan tələblər artıq üzərlərinə düşən məsuliyyətlərdən xəbərdar olur və bunu onlara kiminsə xatırlatmasına ehtiyac qalmır.

Daha bir fərqli təcrübə isə tələbələrin illik dərs yükünü özlərinin müəyyən etmək imkanına malik olmalarıdır. Əslində bu təhsili çox asanlaşdırır və tələbələri çərçivəyə salmır. Tələbələr semestrdə öhdəsindən gələ biləcəkləri qədər fənn seçə bilərlər. Məsələn, işləyən tələbələr üçün bu çox əlverişlidir. Digər tərəfdən isə bu seçim ümumi yüku azaltsa da təhsil müddətini uzadır.

– Oxuduğunuz universitetdə yeganə azərbaycanlı tələbəsiniz. Bu necə bir hissdir?

– Əslində ümumilikdə Ottava şəhərində iki azərbaycanlı tələbədən biriyəm. Düzdür, universitetdə öncəki illərdə olsa da, hal-hazırda yeganə azərbaycanlı tələbə mənəm. Mən tək olsam da, bayrağımızın universitetin atriumunda dalğalanması qürürverici hissdir. Qeyd edim ki, yaşadığım şəhərdə Azərbaycan icmasının üzvləri bayram və digər əlamətdar günlərdə Kanadadakı səfirliyimizin təşkilatçılığı ilə bir araya gəlirlər və bu görüşlərdə mən də iştirak edirəm.

– Kanadalılar, ümumiyyətlə amerikalılar  bizim ölkəni tanıyırmı? Tanıyırlarsa, necə tanıyırlar?

– Təbii ki, ölkəni tanıyanlar və tanımayanlar da var. Orta statistik kanadalı yox, ancaq siyasi coğrafiyadan anlayışı olan və ya savadlı kanadalı Azərbaycanı tanıyır. Ölkəni əsasən post-sovet və neft ölkəsi kimi tanıyırlar.

Bəzi hallarda haradan gəldiyimi məndən soruşanda coğrafi tərəfdən başa salmağa çalışıram. Qonşu sərhədlərdən Rusiya, Gürcüstan, Tükiyə və İranı sadaladıqda ilk olaraq “Ermənistandansan?” sualını eşidirəm. “Yox” cavabı eşidəndən sonra, təəccüblə baxırlar. Erməni diasporunun xarici ölkələrdə necə operativ işlədiyinin bir daha şahidi oluram. Çünki coğrafiya anlayışı olan insanın Ermanistanı tanıyıb, eyni regionda ərazicə daha böyük olan Azərbaycanı tanımaması artıq şübhəlidir.

Azərbaycan vətəndaşı olaraq, xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə düşən vəzifələrdən biri də məhz yaşadıqları xarici ölkələrdə Azərbaycanla bağlı təbliğatın aparılması, insanlar arasında ölkəmizlə bağlı olan yanlış məlumat və ya mövcud stereotiplərin aradan qalxmasına çalışmaq və həqiqətlərimizi çatdırmaqdır. Özüm də daxil olmaqla xaricdə təhsil alan gənc həmvətənlilərim istər kiçik, istərsə də böyük miqyasda təbliğat işləri aparır, bunun üçün çalışır və inanıram ki, gələcəkdə də çalışacaqlar.

– Amerikalıların hansı adətinə, vərdişinə öyrəşə bilmirsiniz?

-Ümumiyyətlə, insanlarla ünsiyyət qurmağa çətinlik çəkmirəm və inanıram ki, kommunikativ insanam. Fərqli dünya görüşü, adət və ənənələr, dinə və s. sahib olan müxtəlif insanlarla ünsiyyət qura bilirəm.

İmmiqrantlar yox, məhz kanadalıların öyrəşə bilmədiyim xüsusiyyətləri digər millətlərdən olan şəxslərin ingiliscə ləhcə ilə danışmalarını qəbul etməmələridir.  Mən özüm bu problemlə rastlaşmasam da dəfələrlə bunun şahidi olmuşam. Məsələn, mənimlə oxuyan bir çox kanadalı tələbə hindli riyaziyyat müəllimimizin ləhcəsini “başa düşmədikləri” üçün bu dərsdən imtina etdilər. Halbuki mən də daxil olmaqla, digər tələbələr müəllimin danışdıqlarını asanlıqla anlayırdıq. Sözsüz ki, müəllimin aksenti var idi, ancaq anlamaq üçün onlardan biraz diqqət tələb olunurdu. Daha bir misal Kvebek əyalətindən olan fransız kanadalı biologiya müəllimizdən gətirə bilərəm. Tələbələr onun da ingilis aksentini anlamadıqlarını deyirdilər.

Fikrimcə, bu əsasən, əksər kanadalıların bildikləri yeganə dilin ingilis dili olmasından irəli gəlir. Xarici dil bilmədikləri üçün digər aksentləri anlamağa çətinlik çəkirlər. Digər tərəfdən anlamağa səy göstərmədikləri üçün də anlaya biləcəklərini inkar edirlər.

Azərbaycandakı hadisələri izləyirsinizmi, yoxsa qərib diyarda ölkənizdən bixəbər qalmısınız?

– Əlbəttə ki, ölkədə baş verən hadisələri yaxından izləyirəm. Mütəmadi olaraq KİV-lərindən ölkədə baş verən proseslərlə bağlı məlumatları oxuyuram. Ölkədə olmamaq, ölkəndə baş verənlər haqda bixərbər olmağa bəraət qazandırmır. Düşünürəm ki, informasiyanın asanlıqla əldə olunduğu indiki dövrdə nədənsə bixəbər olmaq ümumiyyətlə, gülməli sayılmalıdır.

download

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button