Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Fariz Rzayev: “3000-dən çox insan xaricdə təhsil haqqı əldə edib”

1419505013_1Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Fariz Rzayevin ANN.Az portalına verdiyi müsahibəni oxucularımıza təqdim edirik. Bu müsahibə dövlət xətti yoluyla xaricdə təhsil almaq istəyən gənclər üçün xüsusilə faydalıdır. 
– 2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na keçirilmiş qəbul artıq başa çatıb. Dövlət Proqramının həyata keçirilməsi, bu ilki qəbul zamanı tətbiq olunan yeniliklər barədə qısa məlumat verməyinizi xahiş edirəm.
– Bu gün ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində uğurla icra olunan müasirləşmə siyasətinin təməlində ölkə Prezidentinin irəli sürdüyü konsepsiya dayanır: “Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik. Çünki müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirsək, görərik ki, burada tərəqqini müəyyən edən neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir. Ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik”. Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı əsasında minlərlə gəncin inkişaf etmiş ölkələrin qabaqcıl ali məktəblərinə göndərilməsidir.
Qeyd etməliyəm ki, 2007/2008-ci tədris ilindən etibarən həyata keçirilən Dövlət Proqramına qəbul cari tədris ilində öncəki illərlə müqayisədə daha yüksək rəqabət mühitində keçmiş və seçimlər nəticəsində 572 nəfər azərbaycanlı tələbə təhsillərini dünyanın nüfuzlu ali təhsil müəssisələrində davam etdirmək hüququ qazanmışdır. Bu il Dövlət Proqramına qəbul ilə əlaqədar bir sıra islahatlar və yeniliklər həyata keçirilmişdir ki, bu barədə sizə qısa məlumat verməyə çalışacağam.
Əvvəlki illərdən fərqli olaraq, 2014-2015-ci tədris ili üçün Dövlət Proqramı çərçivəsində təhsil nəzərdə tutulan xarici ali təhsil müəssisələrinin siyahısı və təhsil proqramının prioritet ixtisas istiqamətləri Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən artıq 2014-cü ilin fevral ayında təsdiq olunub ki, bu hal tələbələrə vaxtında və düzgün seçim etmək imkanı yaradıb. Gözlənildiyi kimi, bu il həyata keçirilən müsabiqə zamanı müvafiq siyahının elan olunması vaxtının tələbələrin seçiminə mənfi təsiri ilə bağlı heç bir şikayət halı müşahidə olunmayıb.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı çərçivəsində aparılan islahatların bir hissəsi olaraq, bu ilki seçim prosesi zamanı ilk dəfə sənəd qəbulunun və dövriyyəsinin elektronlaşdırılması həyata keçirilib. Bu hal isə öz növbəsində tələbələrə qısa müddət ərzində sənədlərini təqdim etmək, lüzumsuz kağız əməliyyatı xərclərindən yayınmaq imkanı yaratmış və eyni zamanda sənədlərin yoxlanılmasının effektiv təşkilinə yardım edib. Tələbələr həmçinin bu il ilk dəfə tətbiq olunan məlumat izləmə sistemi nəticəsində müraciətlərinin sonrakı mərhələlərdə baxılması ilə əlaqədar elektron poçt vasitəsilə mütəmadi məlumat əldə etmək imkanına sahib olmuşlar.
Tələbələrin xaricdə təhsil almaq üçün müraciət etdiyi ixtisaslar üzrə mütəxəssislərin müsahibələrə cəlb olunması və müsahibələrin videoçəkilişinin aparılması tələbələrin biliklərinin düzgün və ədalətli qaydada qiymətləndirilməsinə olan inamı daha da gücləndirib. Nəticədə əminliklə deyə bilərik ki, Dövlət Proqramına müraciət və qəbul prosedurları tələbələrimiz üçün bir çox xarici ali təhsil müəssisələrinə qəbul prosedurlarından daha asan başa gəlib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 mart 2014-cü il tarixli qərarına əsasən cari tədris ilindən etibarən yaşayış xərci üzrə ödəmələrin tələbələrin təhsil səviyyələrinin standart tədris müddətinə uyğun olaraq həyata keçirilməsi nəticəsində isə tələbələrin təhsillərinin maliyyələşdirilməsi mexanizminin sadələşdirilməsinə və tələbələrin təhsil yerinə çatdığı gündən təqaüdlə təmin olunmalarına imkan yaranıb.
Təbii ki, Dövlət Proqramının icrası ilə əlaqədar atılan bu kimi uğurlu addımlar ictimaiyyət tərəfindən təqdirlə qarşılanmış və xoş əks-səda doğurmuşdur. Lakin görülən müsbət işlərlə yanaşı, Dövlət Proqramının daha səmərəli həyata keçirilməsi ilə bağlı bəzi çatışmazlıqların olduğunu düşünürük ki, mövcud nöqsanların, sualların aradan qaldırılması istiqamətindəki çalışmalarımızı fasiləsiz olaraq davam etdiririk.
– Bu ilki seçim prosesinə mütəxəssislərin cəlb olunduğunu qeyd etdiniz. Onların iştirakı necə təmin olunurdu və ümumiyyətlə müsahibələr hansı məqsədlərlə həyata keçirilirdi?
Bu ilki seçim prosesində ötən ilin təcrübəsindən yararlanaraq, tələbələrin təhsil almaq üçün müraciət etdiyi ixtisaslar üzrə dövlət qurumlarının, ali təhsil müəssisələrinin mütəxəssislərinin iştirakı Təhsil Nazirliyinin müvafiq qurumlara müraciəti əsasında təmin edilib. Müsahibələrin həyata keçirilməsində əsas məqsəd, namizədlərin bilik və bacarıqlarının, xarici dil biliklərinin və eyni zamanda məqsədyönlü bir şəkildə xaricdə təhsil almaq üçün müraciət etdiklərini müəyyən etməkdən ibarətdir. Təəssüf ki, bir sıra hallarda tələbələrin əldə etdikləri akademik göstəricilərin onların bilik səviyyələrini bütünlüklə yansıtmadığı və xarici dil bacarıqlarının tədris proqramlarını mənimsəyəcək səviyyədə olmadığı təsbit edilib. Ötən illərdə tələbələrin seçimi ilə əlaqədar müsahibələrin təşkil olunmaması bəzi tələbələrin sonradan xarici ali təhsil müəssisələrinin tədris proqramlarını vaxtında yerinə yetirə bilməmələri və akademik təhsillərində dil çətinlikləri ilə üzləşmələri halları ilə müşahidə olunub. Bu məqam isə  bizləri daha məsuliyyətli davranmağa vadar edir, çünki tələbə üzrsüz hesab edilən səbəblərə görə Proqramdan çıxarıldıqda, onun təhsilinə çəkilən bütün faktiki xərcləri geri qaytarmalı olur. Arzuolunmayan belə halların qarşısının alınması baxımından mütəxəssislərin iştirakı ilə müsahibələrin keçirilməsinin çox faydalı olduğuna inanırıq.
Fürsətdən istifadə edərək, AR Səhiyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, ARDNŞ, ARDNF, Mərkəzi Bank, TQDK, ADA Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və adını çəkə bilmədiyim bütün digər qurum və təhsil müəssisələrinin əməkdaşlarına seçim prosesində yaxından iştiraklarına görə bir daha dərin təşəkkürümü bildirirəm.
 
– Bəs sizcə Dövlət Proqramına ideal namizəd hansı keyfiyyətlərə malik olmalıdır?
– Dövlət Proqramının ideal namizədi yüksək akademik göstəricilər, müvafiq xarici dil bilikləri, gələcəyə yönəlik baxış və hədəflərə sahib olmaqla yanaşı, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan Azərbaycan vətəndaşıdır. Qeyd etməliyəm ki, Proqrama müraciət edən tələbələrin yalnız faktiki bilikləri deyil, eyni zamanda kritik düşünmə və fikirlərini sərbəst ifadə etmək bacarığı tərəfimizdən qiymətləndirilir. Tələbələrimizdə bu bacarıqların formalaşması mühüm əhəmiyyət kəsb edir, çünki xaricdə təhsil aldıqları müddətdə tez-tez bu bacarıqlara müraciət etmələri lazım gəlir.
Təəssüf ki, seçim prosesi zamanı bəzi tələbələrimizin sadaladığımız meyarlardan uzaq olduğu və yalnız həvəs xatirinə xaricdə təhsil almağa yönəldikləri müşahidə olunmaqdadır. Tələbələrimizin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi baxımından həm bizlərin, həm siz mətbuat işçilərinin, həm də yerli ali təhsil müəssisələrinin üzərinə böyük iş düşür.
 
– Dövlət Proqramına sənəd qəbulu zamanı bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verildiyi qeyd olunmuşdu, buna səbəb nədir?
– Bildiyiniz kimi, Dövlət Proqramının  əsas  məqsədi ölkənin  müasir tələblərə cavab verən kadrlara olan ehtiyacının təmin edilməsidir. Qarşıya qoyulan hədəfin qısa perspektivdə həyata keçirilməsi baxımından bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilir. Eyni zamanda qeyd etməliyik ki, bakalavriat təhsili almaq üçün xaricə üz tutmuş tələbələrimiz bir sıra hallarda yerli şəraitə alışmaqda, tədris proqramını vaxtında və düzgün yerinə yetirməkdə çətinlik çəkirlər. Bu isə onların yenicə orta məktəbi bitirmələri, gənc və təcrübəsiz olmaları, heç vaxt ailələrindən və ölkə hüdudlarından kənarda yaşamamaları ilə əlaqələndirilə bilər. Daha bir məqam isə, yerli ali təhsil müəssisələrinin 2, 3 və bəzən hətta 4-cü kurs tələbələrinin xaricdə yenidən bakalavriat təhsili almaq üçün müraciət etmələridir ki, bu halın məqsədəuyğunluğu bizi düşündürməyə bilməz. Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin 1-ci  kurs tələbələrinin artıq “Savadlı, Bacarıqlı və Hazırlıqlı (“SABAH”) tələbələr” qruplarına qatılmaq imkanı da mövcuddur. Bakalavriatdan sonrakı təhsil səviyyələri üzrə təhsil alan tələbələrimiz isə müvafiq təhsil bazasına və məsuliyyət hissinə sahib olmaqla, təhsil və ya tədqiqatlarını daha yüksək səviyyələrdə davam etdirirlər. Hər bir halda Dövlət Proqramı çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə müraciət edən tələbələrimizin də seçdikləri xarici ali təhsil müəssisələri, ixtisaslarının vacibliyi və müvafiq akademik hazırlıqlarının olması diqqətə alınır və hər il yüzlərlə tələbə bu təhsil səviyyəsi üzrə xaricdə təhsil almaq hüququ qazanır.
– Dövlət Proqramının həyata keçirildiyi bu illərdə onun hansı uğurlarından danışmaq olar və bu uğurlarda məzunların rolu nədir?
– Dövlət Proqramı artıq 8 ildir ki, uğurla həyata keçirilməkdədir və bugünə qədər Proqram çərçivəsində 3000-dən artıq nəfər xaricdə təhsil almaq hüququ qazanmışdır. Dövlət Proqramı məqsədlərinin reallaşdırılması baxımından ilkin bəhrələrini artıq verməkdədir. Belə ki, Dövlət Proqramı çərçivəsində bugünədək 790 tələbə məzun olmuşdur ki, bu məzunların bir çoxu ölkə daxilində  və xaricində müxtəlif dövlət qurumlarında, beynəlxalq  təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə  də özəl sektorda  çalışaraq Azərbaycanda idarəetmənin  və  mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafına öz töhfələrini verməkdədirlər. Tələbələrimiz Dövlət Proqramının əsas mahiyyətinin yalnız xaricdə təhsil ilə məhdudlaşmadığını, gənclərimizin xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqlarını ölkəmizin inkişaf etməkdə olan iqtisadiyyatının prioritet sahələrində tətbiq etmək olduğunu dərk edirlər.
Eyni zamanda qeyd etməliyik ki, Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil almış gənclərimizin məzun olduqdan sonra Azərbaycan Respublikasında  işlə  təmin olunması prosesinin tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi baza da təkmilləşdirilmişdir. Nəticədə Dövlət Proqramı məzunları dövlət qulluğuna müsabiqədən kənar qəbul olunmaq hüququna malikdirlər ki, bu da həmin gənclərə dövlət müəssisələrində çalışmaq üçün böyük imkanlar yaradır. Hazırda bizlər məzunların işlə təmin olunması prosesinin sistemli və daha səmərəli həyata keçirilməsi istiqamətində müxtəlif layihələr üzərində çalışırıq.
– Növbəti tədris ilinin Dövlət Proqramına qəbulun son ilinin olduğunu da diqqətə almaqla, bu çərçivədə hansı işlərin planlaşdırıldığı barədə məlumat verməyinizi xahiş edirik.
– İstedadlı  gənclərin  dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılması, təhsil alacaq gənclərin seçim meyarlarının düzgün müəyyənləşdirilməsi istiqamətində atılan uğurlu addımlar nəticəsində azərbaycanlı tələbələr arasında Proqrama olan etimad xeyli artmış və 2014/2015-ci tədris ilində Proqram çərçivəsində təhsil almaq üçün müraciət edən tələbələrin sayı 2 dəfəyə yaxın artıb.
Təhsil və elmin inkişafında beynəlxalq təhsil məkanına inteqrasiya, təhsil standartlarının unifikasiyası, professor-müəllim və tələbə heyətinin mübadiləsi kimi məsələlər xüsusi yer tutur.  Hətta ABŞ, Yaponiya, Cənubi Koreya və Avropa ölkələri bu təcrübədən istifadə edir. Ölkəmizdə bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac vardır və təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasına əsasən 2015–2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramının qəbul edilməsi qərarlaşdırılıb.
Yeni Dövlət Proqramının qəbul edilməsi qərarı təhsil sahəsinə ayrılan dövlət qayğısının və diqqətinin bariz nümunəsidir və azərbaycanlı gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanları baxımından yeni bir səhifə açacaqdır. Ötən illərdə əldə olunmuş təcrübə və nailiyyətlər yeni proqramın effektivliyinə olan gözləntiləri daha da artırıb. Yeni Dövlət Proqramında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq bir sıra vacib məsələlər, o cümlədən xaricdə təhsil almağa göndərilən istedadlı gənclərin seçim qaydalarının təkmilləşdirilməsi və bakalavriatdan sonrakı ali təhsil səviyyələrinə üstünlük verilməsi planlaşdırılır.
Çin, Türkiyə kimi ölkələrin uğurlu təcrübələrini araşdırmaqla, biz əcnəbi professor-müəllim heyətinin yerli təhsil müəssisələrinə cəlb olunması imkanları üzərində də düşünürük ki, bu hal təhsil sistemimizin, elmi tədqiqatların aparılmasının, “SABAH” qruplarının inkişafına öz töhfəsini verəcəkdir. Biz, təbii ki, üzərimizə düşən məsuliyyəti dərk edir və əldə olunmuş uğurlarla kifayətlənməyərək, belə tarixi əhəmiyyətli işin daha səmərəli təşkil olunması yönündə fəaliyyətlərimizi davam etdiririk.
Ölkə Prezidentinin Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumuna göndərdiyi 05.09.2014-cü il tarixli təbrik məktubunda tələbələrimizin elmin əsaslarına dərindən yiyələnmək üçün inadla çalışmaları ilə yanaşı, onların üzərinə düşən bir sıra öhdəliklərə diqqət çəkilib: “Biz həmin gəncləri həm də Azərbaycanın xaricdəki qeyri-formal elçiləri kimi görmək istəyirik. Hesab edirik ki, onlar yaşadıqları cəmiyyətlərin ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiya olunmalı, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı ilə bağlı məlumatları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri tələbə yoldaşlarına, yerli əhaliyə və dünya ictimaiyyətinə çatdırmaq istiqamətində məqsədyönlü iş aparmalıdırlar. Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhər və ölkələrdə təşkilatlanmalı, səfirliklərimiz və diaspor qurumları ilə yaxından əməkdaşlıq etməlidirlər”./ann.az

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button