“Dövlət proqramına müraciət etdiyimdə özümdə elə də çox əmin deyildim”

Ramin

“2007-2015 – ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na qəbul olunan tələbələrdən biri Ramin Cəfərovun telebe.az-a müsahibəsi.

Zəhmət olmasa, özün haqda məlumat ver.

Qafqaz Universitetinin Kompyuter Mühəndisliyi üzrə təhsil alıram. Naxçıvan Türk Liseynin məzunuyam. Arzum təkcə xaricdə təhsil almaq deyil, həmçinin yeni şəhərlər gəzmək, yeni mədəniyyətlər kəşf etmək, yeni insanlar tanımaq və ən əsası özümə dost qazanmaq və özümü kəşf etməkdir. Eyni zamanda öz ölkəmi başqa bir ölkədə təmsil etməkdən zövq alacam. Əvvəlcə, xaricə getməyi çox böyük maneə kimi görürdüm, yalnız müəyyən bir yaşa çatandan sonra buna nail olacağımı zənn edirdim. Amma dövlət proqramından xəbər tutduqdan sonra bu barədə ciddi düşündüm. Və sonra xaricdə təhsil almaq üçün çalışmağa başladım. Nəticə müsbət oldu və dövlət proqramına seçildim.

Mümkünsə, daxil olduğun universitet barədə bir az məlumat ver.

 

Qəbul olduğum universitet (Mançester Universiteti) Kompyuter Elmləri sahəsində Birləşmiş Krallığın ilklər siyahısında 5-ci yeri alır. Universitet 1824-cü ildə fəaliyyətə başlayıb və hazırda 40 minə yaxın tələbə təhsil alır. İngiltərədə və dünyada perspektivli universitet kimi tanınır. İxtisasım üzrə mütəxəssisləşə biləcəyim universitet olduğunu düşünürəm.

Dövlət proqramına müraciət edəndə qəbul olacağına əmin idin?

Dövlət proqramına müraciət etdiyimdə özümdə elə də çox əmin deyildim. Göstəricilərim nisbətən yüksək idi, amma qəbul prosesinin ciddi aparılmağı məni biraz narahat edirdi. Yəni qarşılaşa biləcəyim və həll edə bilməyəcəyim hansısa maneənin qarşıma çıxmasından çəkinirdim. Amma ilkin cavablar elan olunmağa başladıqdan sonra özümə əminlik yaranmağa başlamışdı, bu da məni çox həyəcanlandırırdı.

Sənədləri toplamaq və digər prosedurlar çətin deyildi ki?

Sənədləri toplamamışdan qabaq bir çox şayələr eşitmişdim, sənədləri toplamaq çox vaxt alır, çətindir və s. kimi. Amma başladıqdan sonra gördüm ki, prosedurlar elə də çətin deyil, düzgün seçim üçün lazım olunan minimal sənədlər tələb olunur. Və mən bu sənədləri toplayıb dövlət proqramı üçün müraciət etdim. Məncə, proseduru bildikdən sonra heç nə çətin deyil. Əsas universitetə qəbul olmaqdır. Dövlət proqramına müraciət edə bilmək üçün xüsusi bacarıq tələb edilmir.

Bu prosedurlarla bağlı tələbələrə hansı məsələhətləri verə bilərsən?

Tələbələrə əsas məsləhətim müraciət vaxtını sona saxlamamaqdır. Çünki bəzən elə olur ki, səndən asılı olmayan problemlərlə rastlaşırsan. Gələn il xaricdə oxumaq istəyənlər elə bu ilin sonundan hazırlıqlara başlasalar, dövlət proqramı üçün vaxtında müraciət edə biləcəklər. Daha əvvəl qeyd etdiyim kimi, ilk növbədə universitetə qəbul olmalıdırlar. Bunu üçün müxtəlif imtahan nəticələri tələb edilir. Məsələ, TOEFL, IETLS, SAT. Bu imtahanlara əvvəlcədən müvafiq qaydada qeydiyyatdan keçməli və sonra ciddi şəkildə hazırlaşmalıdırlar. Əgər hazırlaşan tələbə hansısa universitetdə təhsil alırsa, o zaman öz təhsil aldığı universitetdəki gedişatına da diqqət yetirməlidir. Çünki xarici universitetlərə sənəd göndərərəkən bəzən oxuduğunuz universitet haqqında da sənədlər və transkript tələb edilir.

One Comment

  1. Cfrlee Könül says:

    🙂

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan