Çingiz Mehbalıyev: Yazıçılar və rəssamlar gələcək həyatın sinoptikləridir

Chingiz MehbaliyevHazırkı məqaləTelebe.az və Rexona-nın birgə layihəsi çərçivəsində dərc olunmuşdur. Bu məqalədə əks olunan məlumatlardan yararlanın və hər gün DAHA ÇOX EDİN, daha yaxşısına layiq olun!

Bugünkü müsahibəmiz gənc yazar, “Miras: Bakının sirri” kitabının müəllifi Çingiz Mehbaliyevdir. Çəkdiyi rəsmlərə görə Çingiz bəy həm də istedadlı rəssam kimi diqqət çəkməyi bacarıb. Biz də yazara bu iki sənəti bir araya necə sığışdırması barədə, bizi və oxucuları maraqlandıran sualları ünvanlayıb maraqlı cavablar aldıq.

 

 Kitab yazmaq ideyası necə yarandı?

Mən belə düşünürəm ki, kitab yazmaq insanın mənəvi yetişkənliyi ilə bağlı olan məsələdir. Masa arxasına oturub “kitab yazıram” – deyə düşünən insan bunun üçün özünü tam hazırlıqlı hesab etməlidir. Həm də yazacağım kitabın mövzusu məni, sözün həqiqi mənasında, bir yerdə durmağa imkan vermirdi. Doğrudanmı, Bakı ətrafında gedən qanlı hadisələrin səbəbi neftdir? Axı, Şah İsmayıl Bakını fəth edəndə,  imperator I Pyotr Bakını işğal edib bunun şərəfinə Peterburqda yaylım atəşi açdıranda Bakı nefti indiki kimi sənaye əhəmiyyətli deyildi. Deməli, dünyanı Bakı neftindən başqa daha nəsə maraqlandırır…

Kitabı indiyə qədər mövcud olan ənənəvi üslublarda deyil, tamamilə yeni üslubda-intellektual detektiv üslubunda yazdım. Buna görə də təsadüfi hal deyil ki, bir çox oxucular “Miras:Bakının sirri” kitabını dünyaca məşhur yazıçı Den Braunun “Da Vinçi Şifrəsi” və Orxan Pamukun “Məsumiyyət muzeyi” və “Qara kitab” əsərləri müqayisə etdilər. Mən isə bunu, çəkdiyim zəhmətə oxucular tərəfindən verilən yüksək dəyər kimi qəbul etdim.

 Siz həm gözəl rəsmlər çəkirsiz, həm kitab yazırsınız. Bunlar bir-biri ilə ziddiyət təşkil etmir ki?

 

Məncə təbiət və qalaktika necə vəhdətdə çalışırsa, insan da eləcə bütün elmlərlə vəhdətdə olmalıdır. Allah insanı bütöv yaradıb. Mən bu iki sənəti bir vəhdətdə düşünürəm və qəbul edirəm. Bunlar, sanki, mənim ruhumun tərkib hissələridir.  Yaradıcı olmaq: mənim həyata yanaşma tərzim budur!

 Rəssamlıq və yazıçılıq arasında fərqli və oxşar cəhətlər hansılardır? Hansını özünüzə daha yaxın görürsünüz?

 Yazıçılar və rəssamlar gələcək həyatın sinoptikləridir. Məşhur yazıçı Jül Vern uçan aparatları necə təsvir etmişdirsə, bugün onlar məhz o cürdür. Keçən əsrin ortalarında rəssamlar evləri və mebelləri necə çəkirdilərsə, indi binaların quruluşu və mebellərimiz də məhz belədir. Bu mənada hər iki sənət çox oxşardır. Rəssamlığı və yazıçılığı uzaqgörənlik birləşdirir. Bundan əlavə deyim ki, yazıçılıq və rəssamlıq həyata baxış tərzidir. Yaradıcı insan kimi düşünmək hələ çox azdır, bu cür yaşamağı öyrənmək bir ömrə bərabərdir. Yazıçılıq və rəssamlığın ikisi də həyatın təsviridir. Fərq ondadır ki, biri sözlərlə təsvir edir, digəri isə boyalarla. Ona görə də, bu iki sənət bəşəriyyətə bu dərəcədə yaxındır. Yazıçılıq və rəssamlıq bəşəriyyəti ilhamlandırır. Məhz bu iki sənət uşaqlıqdan bizim necə bir insan olmaq istəməyimiz barədə beynimizdə fikirlər oyadır.

Yazıçılığı yoxsa rəssamlığı özümə daha yaxın görməyə gəldikdə deyə bilərəm ki, hazırda bunların hər ikisi mənə yaxındır və bu iki yaradıcılıq növü arasında ögey-doğmalıq salmaq istəməzdim. (gülür…)

 Son zamanlar tez-tez eşitdiyimiz “Azərbaycanda hal-hazırda gənc yazarlar yaşlı nəsildən daha populyar və oxunaqlı əsərlər yazır” fikirləri, sizcə, nə dərəcədə həqiqətə uyğundur?

Əgər oxucular belə düşünürsə, deməli, burda həqiqət var. Mən bunu gənc yazıçıların daha aktual mövzulara toxunması və müasir texnologiyalardan istifadə edərək öz kitablarını daha geniş oxuculara çatdırması ilə izah edərdim. Nisbətən yaşlı yazıçılar isə təəssüf ki, bu iki əsas amildən bir qədər kənarda qalırlar.

Düşünürəm ki, sevgi romanları yazmaq ənənəsi artıq keçmişdə qalıb. Çünki, biz sevgi barədə nə qədər yazsaq da onsuz da Məhəmməd Füzulidən, Mövlanədən və yaxud da Ömər Xəyyamdan artıq heç nə deyə bilməyəcəyik. Bu mövzu ədəbiyyatda artıq bağlanmış hesab edilə bilər. Bununla da yeni mövzu yazıçılığın əsas hərəkətverici qüvvəsinə çevrilir. Hər bir yazıçı yazdığı mövzu qədər dəyərə malikdir, ondan artığına deyil.

Kitab Miras “Miras: Bakının sirri” romanın hansı müddətə ərsəyə gəldi?

Bu kitabın ərsəyə gəlməsinə 3 ilə yaxın vaxt sərf etdim. Və indi özlüyümdə düşünürəm: nə yaxşı ki, mən bu kitabı yazdım. Çünki, “Miras: Bakının sirri” romanında  qeyd edilən bəzi məqamlar ilk olaraq məhz bu kitabda yazılıb. Məsələn, mən ilk dəfə olaraq bu kitabda qeyd etmişəm ki, Qız Qalası “qızıl bölgü” əsasında tikilib. Bu kitabda göstərilən onlarla maraqlı faktdan yalnız biridir. Maraqlı cəhət bundan ibarətdir ki, bu kitabı oxuyan əksər oxucular, o cümlədən, bloqqerlər Qız Qalasına baxmaq üçün yenidən ora gedəcəklərini öz bloqlarında yazıblar. Bunu isə bir yazıçı üçün uğur hesab etmək olar. Çünki, bu kitab sadəcə informasiya verməklə kifayətlənmir, eyni zamanda insanların Bakı və Qız Qalası barədə baxışlarını və münasibətini dəyişir, onları yenidən Qız Qalasını ziyarət etməyə, tarixi abidəmizin indiyə qədər görünməyən tərəflərini kəşf etməyə ilhamlandırır.

 “Yazar ac olmalıdır, bir tikə çörəyə möhtac olmalıdır!” fikrinə münasibətiniz necədir?

 

Mən bu fikirlə razı ola bilmərəm. Əvvəlki müsahibələrimdə dediklərimi bir daha qeyd etmək istərdim: yaradıcı insan mütləq təminatlı olmalıdır, fərqi yoxdur, istər rəssam olsun, istər yazıçı, istərsə də heykəltəraş. Yazarkən fikri qazanda olan yazıçılardan, ancaq elə “qazan səviyyəsi”ndə kitablar gözləmək olar. Belə yazıçıların kitablarında adətən həyatdan küskünlük olur. Bircə özünüz fikirləşin: belə kitabları gənclərə oxutdurub onları niyə bədbinləşdirək? Bu cür kitablardan insanlar nə motivasiya götürə bilər ki?

 

Növbəti kitabınız nə zaman işıq üzü görəcək?

 

Sözün düzü növbəti kitabın dəqiq nə vaxt oxuculara təqdim ediləcəyini demək istəməzdim. İstərdim ki, bu oxucular üçün xoş bir sürpriz olsun. Hazırladığım sürprizin adını isə deyə bilərəm. Onun adı “Şərqdə Fırtına” olacaq.

Çox sağ olun, müsahibə dəvətimizi qəbul etdiyinizə görə.

 Göstərdiyiniz diqqətə görə, mən də öz növbəmdə Sizə dərin təşəkkürümü bildirirəm.

REXONA-nın təqdim etdiyi faydalı məlumatlarla DAHA ÇOX EDİN, daha yaxşısına nail olun! Layihəmiz çərçivəsində təqdim olunacaq sonrakı materiallarla tanış olmağı unutmayın.

Ülviyyə Babasoy