11997337_10203330035566775_891378741_nMacarıstandan olan növbəti müsahibimiz Budapeşt Biznes Məktəbində (Budapest Business School) Maliyyə və Mühasibatlıq üzrə bakalavrda təhsil alan Şahin Qocayevdir. Onunla maraqlı müsahibəmiz baş tutub.

– Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

Xaricdə təhsil imkanları ilə maraqlanırdım və internetdə təsadüfən Macarıstanda təqaüd proqramı ilə qarşılaşdım. Maraqlısı budur ki, bu elanı müraciət tarixinin bitməsinə 3 gün qalmış gördüm və heç fikirləşmədən sənədlərimi təqdim etdim. Düzü, bu ölkə haqqında əvvəllər çox az məlumatım var idi, amma sonradan burada yaşayan insanlarla tanış oldum və onların ümumi təhsil və yaşayış haqqında dediklərindən sonra seçimimdə yanılmadığımı anladım.

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

Hava limanından universitetə gələrkən şəhərdə gördüyüm yaşıllıq məni valeh etdi. Həmişə belə bir şəhərdə yaşamağı arzulamışdım,  hündür binalar və yeni tikililərin olduğu bir şəhərdə yaşadıqdan sonra belə bir məkanda yaşamaq həqiqətən sevindirici hissdir. İlk dəfə şəhəri gəzməyə çıxanda Dunay çayını görmək bu şəhər haqqında fikirlərimi daha da yaxşılaşdırdı. Gün keçdikcə müxtəlif yerlərə getdim və bu şəhərə baglandım.

– İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? Bakalavr təhsili üçün Budapest Business School-u (BBS) seçməyinizin əsas səbəbləri nə idi?

Əslində, müraciət edərkən universitetdən daha çox ixtisasa diqqət yetirmişdim, yəni ki, axtarışı maliyyə və mühasibat üzrə etmişdim. Qarşıma bu ixtisasla çixan ilk universitet BBS oldu və internetdə həmin universitet haqqında  axtarışdan sonra müraciətimi təsdiqlədim. Azərbaycanda ali təhsilə başlayandan (2013-cü ildən) bu ixtisas üzrə təhsil almağı qarşıma məqsəd qoymuşdum və sonda istəyimə nail ola bildim.

– Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Çox fərqlərin və üstünlüklərin olduğunu deyə bilərəm. Əvvəla, Azerbaycanda lazımsız ixtisas və fənlər tələbələrin dərsə olan marağını azaldır. Özüm 2 il Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışam və aldığım ixtisasın (Dünya iqtisadiyyatı) hələ mahiyyətini anlaya bilməmişəm. Bundan əlavə tələbə müəllim münasibəti də fərqlidir. Burada müəllimlər tələbələrlə dost kimi davranırlar ki, belə olanda tələbədə nəyisə soruşmağa kompleks olmur.

– Siz Macarıstan dövlətinin büdcəsindən maliyyələşən təqaüd proqramı ilə təhsil alırsınız? Bu təqaüd proqramını qazanmaq çətin olmadı ki?

Bəli, bu təqaüd proqramı ilə təhsil alıram və kifayət qədər uğurlu bir əməkdaşlığın olduğunu deyə bilərəm. Hədəf, özünə inam və cəhd olandan sonra nəyisə qazanmaq çətin olmur, məncə. Məndə də bu amillərin olması adımın təqaüd proqramını qazananlar sırasında olmasına şərait yaratdı.

– Budapeştdəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən Budapeştə gələn digər əcnəbi tələbələr öz asudə  vaxtlarını necə keçirirlər?

Asudə vaxtlarımı demək olar ki, tələbə yoldaşlarımla birlikdə  kinoya baxmaqla, müxtəlif oyunlar oynamaqla və söhbət edib bir-birimizi daha yaxından tanımaqla keçirirəm. Yataqxananın yaratdığı şərait asudə vaxtın maraqlı və səmərəli keçməsinə çox kömək edir və əksər tələbələr bu üstünlüklərdən istifadə edirlər.

– Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Universitetin dünya reytinqinə baxılması məqsədəuyğun olar və həmçinin müraciət edilən ölkədəki vətəndaşlarımızla da əlaqə saxlayıb oradakı təhsil haqqında daha ətraflı öyrənmək olar. Hazırlaşmazdan əvvəl xüsusi məqsədin və özünə inamın olması vacibdir. Bacarığınız daxilindəki hər şeydən istifadə edin və daxili motivasiyanızı gücləndirin.

– Macarıstanı, Budapeşti və universitetinizi hansı səbəblərə görə xoşlayırsınız?

Bu ölkə tələbələr üçün çox münasib yerdir və deyərdim normal yaşayışın və təhlükəsizliyin olduğu bir yerdir. Budapeşt Avropanın ən gözəl şəhərlərindən biridir və mən  artığ buranı doğma bir yer kimi sevirəm. Budapest Business School bu ölkənin top universitetləri sırasındadır və oxumaq üçün kifayət qədər yaxşı mühitə malikdir.

11997037_10203340313183709_1448783080_n12033555_10203381031681646_1800163904_n11994210_10203333595175763_1641991417_n

 

 

Leave a Reply

Your email address will not be published.