Budapeşt Biznes Məktəbi Macarıstanda ingiliscə turizm təhsili verən ən yaxşı universitet olduğu üçün bu ali məktəbi seçdim

 Kamal_Huseynzade_2Növbəti müsahibimiz Budapeşt Biznes Məktəbində (Budapest Business School) Turizm və katerinq üzrə bakalavr proqramında Macarıstan dövlətinin təqaüdü ilə təhsil alan soydaşımız Kamal Hüseynzadədir.

 – Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

İngilis dili biliyimi daha da təkmilləşdirmək üçün Valetta şəhərinə gedərkən, Azərbaycandan Maltaya olan uçuşlar arasında ən optimal seçim macar hava yolları Wizz Air olduğu üçün mən Bakı – Budapeşt və Budapeşt – Valetta təyyarə reysləri ilə ora getməli oldum. Biletləri alarkan bu iki reyslərin arasında Budapeşti gəzib-görmək üçün 10 gün ayırmışdım, Bu 10 gündə Budapeşti qarış-qarış gəzdikdən sonra bu şəhərin gözəlliyi, əsrarəngiz gecə həyatı məni cəlb etdi və bundan sonra qərara aldım ki, mən bakalavrı məhz bu şəhərdə oxumalıyam.

 -İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

İlk dəfə Macarıstana gələndə məndə xoş təssüratlar oyatdı. İlk olaraq bunu deyim ki, Budapeşt özündə qədimliyini, tarixi keçmişini saxlaya bilib. Burada gəzərkən, binalara, heykəllərə, tarixi abidələrə baxarkən bir növ nəinki şəhərin, hətta ölkənin tarixi ilə də tanış olmaq olur.

– İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? Bakalavr təhsili üçün Budapest Business School-u seçməyinizin əsas səbəbləri nə idi?

Turizm və katerinq üzrə bakalavr proqramını (BA in Tourism and catering) seçməyimin əsas səbəbi daha çox azad təbiətimdən irəli gəlir. Standart saat 9-dan 6-dək Microsoft ofis proqramları arxasında keçən və saatlar tələb edən işlərə heç vaxt həvəsim olmayıb. Daha öncə beynəlmiləl tələbə və personalın olduğu yerlərdə oxumağım və bu atmosferadan həzz almağım seçdiyim fakültəyə məni daha da bağlayır. Şübhəsiz ki, Budapeşt Biznes Məktəbi Macarıstanda ingiliscə turizm təhsili verən ən yaxşı universitet olduğu üçün bu ali məktəbi seçdim.

– Siz Macarıstan dövlətinin büdcəsindən maliyyələşən təqaüd proqramı ilə təhsil alırsınız. Bu təqaüd proqramını qazanmaq nə dərəcədə çətin oldu?

Daha öncə təhsildə əldə etdiyim nailiyyətlər bu proqramda özümü namizəd kimi irəli sürməyimə və uğur qazanacağıma inam yaratmışdı və bu proqram şəffaf seçim qaydaları əsasında təşkil olunduğuna görə həm Azərbaycan, həm də Macarıstan tərəfi məni bu təqaüdə layiq gördü.

 – Budapeştdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən Budapeştə gələn digər əcnəbi tələbələr öz asudə vaxtlarını necə keçirirlər?

Məncə, bu sualın cavabı “əcnəbi tələbə hansı tip tələbədir?” sualından asılıdır. Doğrusu, Budapeşt Şərqi Avropanın ən yaxşı gecə həyatına sahib olan şəhəridir. Bir çox hallarda həftə sonu hətta Avropanın digər şəhərlərindən də məhz bu məqsədlə buraya gəlirlər. Ancaq şəhərimizin əcnəbi tələbələrə təklif etdiyi imkanlar bununa bitmir, belə ki, burada çox gözəl parklar, kafelər və çox ucuz restoranlar var. Yaz və yay aylarında şəhər daha da canlanır, avqust ayında burada dünyaca məhşur DJ və müğənnilərin çıxış etdiyi Siqet (Sziget) festivalı olur. Mən Macarıstana gəldikdən sonra asudə vaxtımı daha çox dostlarla şəhərin müxtəlif kafe və restoranlarına getməklə, üzgüçülük və dərs oxumaqla keçirirəm.

 – Sizin tövsiyələriniz oxucularımıza maraqlıdır. Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

İlk öncə, universitetin verdiyi təhsil önəmlidirElə bir yerlər seçməlidilər  ki, özlərini inkişaf etdirməkləri üçün uyğun şərait olsun. Universitet haqqında ali məktəbə yollandıqdan sonra öyrənməkdənsə, daha öncədən araşdırıb getmələrini məsləhət görərdim. Bundan əlavə, onu da qeyd edim ki, tələbəçilik uğura aparan, ağır, əziyyətli yol kimi dərk edilməməlidir. Bu daha çox insanın özünə, şəxsi inkişafına, sosial bacarıqlarının təkmilləşdirilməsinə ayırmaq üçün daha çox vaxtı olduğu vaxtlardır. İnsan gərək həyatının hər mərhələsini layiqincə yaşasın, ona görə hansı ölkədə oxuyacağınızı seçərkən həyat tərzinizi də nəzərə alın.

 – Maraqlı müsahibəyə görə təşəkkür edirik.

– Dəyməz, mən də Sizin redaksiyaya təşəkkür edirəm.

Kamal_Huseynzade_1Kamal_Huseynzade_3

 

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group