Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Bu şagirdlərin nəticələri “0” balla qiymətləndiriləcək- Buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi  sabah Bakı, Şirvan və Naxçıvan məktəblərinin 9-cu sinif şagirdləri üçün  buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

AzEdu.az xəbər verir ki, imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini  tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməlidir.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı təqdim edə  bilərlər. Belə ki, arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir.

“İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlmək lazımdır.  Telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır.

İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşmək, qaydalarına və sakitliyə tam riayət etmək lazımdır.

IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün bəzi tövsiyələri təqdim edirik.

Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin,  uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin.

Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin.

Sual kitabçasını və cavab vərəqlərini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin.

Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır.

“Sual kitabçası”nda 45 test tapşırığı təqdim olunur: 1-15 nömrəli tapşırıqlar xarici dil, 16-35 nömrəli tapşırıqlar Azərbaycan dili, 36-45 nömrəli tapşırıqlar riyaziyyat fənninə aiddir.
Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır.

Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır.

“Cavab vərəqləri” 2 hissədən ibarətdir:

– I hissə– qapalı tipli tapşırıqlar üçün;

– II hissə –ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqlar üçün.

Birinci hissə xarici dili fənnindən 1-4 və 7-11, Azərbaycan dili fənnindən 16-20 və 26-30 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.

İkinci hissə xarici dili fənnindən 5-6 və 12-15, Azərbaycan dili fənnindən 21-25 və 31-35, riyaziyyat fənnindən 36-45 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.

İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir.

Səhv cavabların nəticələri düz cavablara təsir etmir.

1-4, 7-11, 16-20, 26-30 nömrəli tapşırıqlar qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlarda 5 cavab variantından yalnız biri doğrudur. Doğru bildiyiniz variantı seçib “Cavab vərəqləri”nin I hissəsində həmin sualın nömrəsinə uyğun sətirdə müvafiq dairəni qaralayın. İki və daha artıq dairə qaralanarsa, cavab səhv hesab edilir.

5-6, 12-15, 21-25, 31-35, 36-45 nömrəli tapşırıqlar ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqların həllərini və cavablarını “Cavab vərəqləri”nin II hissəsində həmin tapşırıqların cavablandırılması üçün ayrılmış hissədə səliqəli və oxunaqlı xətlə yazın.

Dinləmə mətni üzrə təqdim olunmuş 1-6 nömrəli tapşırıqları cavablandırmazdan əvvəl audioqurğuda səsləndirilən mətni diqqətlə dinləyin.

Dinləmə mətni üzrə verilən tapşırıqlarla tanışlıq – 2 dəqiqə,  mətninin ilk dəfə səsləndirilməsi,  mətninin ilk dəfə səsləndirilməsindən sonra tapşırıqlara bir daha baxılması – 2 dəqiqə, mətninin ikinci dəfə səsləndirilməsi, mətn üzrə verilən tapşırıqların yerinə yetirilməsi mərhələlərindən ibarətdir.

Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək.

Riyaziyyat fənni üzrə hər bir tapşırığı cavablandırarkən onun həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) qeyd etmək lazımdır. Nəzərə alın ki, həlliyazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək.

43-45 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər.

Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın.

Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button