Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir

Hazırda Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın V sinif şagirdi “İnformatika” fənnini yeni formatda öyrənir.


Bunu Trend-ə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov deyib.


T.Məmmədovun sözlərinə görə, inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas müasir trendi hesab olmekunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir:

“Bunları nəzərə alaraq, cari tədris ilinin əvvəlindən Təhsil Nazirliyi şagirdlərə proqramlaşdırmanın tədrisi məqsədi ilə “İnformatika” fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlayıb. Layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Algoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Pilot layihə şagirdlərə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır”.

T.Məmmədov bildirib ki, layihə çərçivəsində “İnformatika” fənni üzrə rəqəmsal tədris sisteminin uğurlu tətbiqi üçün sözügedən 45 məktəb üzrə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib, 42 yeni kompüter otağı istifadəyə verilib, 1500-ə yaxın yeni kompüterlə təchiz edilib, internet şəbəkəsinə yüksək sürətli bağlantı təmin olunub.

T.Məmmədov qeyd edib ki, informatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını artıracaq:

“İnkişaf etmiş ölkələrin məktəb proqramlarında rəqəmsal bacarıqların formalaşdırılmasına xüsusi önəm verilir. Sevindirici haldır ki, artıq Azərbaycanın ümumtəhsil müəssisələri də bu trendə qoşulur. Layihə şagirdlərin kompüter biliklərinin yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması baxımından çox önəmlidir. Şübhəsiz ki, bu layihə gələcəkdə yüksək ixtisaslı kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərəcək. Bu baxımdan Təhsil Nazirliyinin “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi layihəsini tam olaraq dəstəkləyir və olduqca düzgün addım hesab edirik”.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group