Bakı Slavyan Universiteti

Bakı Slavyan Universiteti 1946-cı ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Nazirlər Kabinetinin 15 may tarixli qərarı əsasında M.F.Axundov adına Azərbaycan Dövlət ikiillik Müəllimlər İnstitutu yaradılmışdır. İnstitutun rəhbəri dosent A.S.Loginov təyin edilmişdir. İlk tədris ilində instituta 108 nəfər qəbul olunmuşdur. Ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi. 

30 iyul 1948-ci il tarixdə Azərbaycan məktəblərində rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş tələbələrin ilk buraxılışı keçirildi.

1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi. Beləliklə, Azərbaycanda sonralar rusistika üzrə iri tədris və elmi mərkəzə çevrilmiş ali təhsil ocağı – respublikanın orta məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimlərinin hazırlanması üzrə ixtisaslaşdırılmış ali məktəb yaradıldı.

1952-ci ildə qəbul planı 300 nəfərə çatdırıldı. 1952-1953-cü tədris ilində institutda 40 müəllim işləyirdi; onlardan 12 nəfəri elmlər namizədi dərəcəsi olan dosent, 3 nəfəri elmi dərəcəli baş müəllim, 10 nəfəri elmi dərəcəsi olmayan baş müəllim, 15 nəfəri isə müəllim idi.

1956-1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi. Öz zəngin tarixinin ilkin mərhələsində (1952-1959) M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu respublikanın ümumtəhsil məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri hazırlayan iri ixtisaslaşdırılmış ali təhsil ocağına çevrildi. Bu müddət ərzində institutda 4000-ə yaxın rus dili və ədəbiyyatı müəllimi hazırlanmışdı.

14 aprel 1959-cu ildə Azərbaycan KP MK və Nazirlər Sovetinin “Azərbaycan SSR-nin ali pedaqoji məktəblərinin istiqamətləri haqqında” qərarı qəbul edildi. Bu rəsmi sənədə əsasən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.

1959-cu ildə M.F.Axundov adına APDİ-də tərkibində 188 professr-müəllim hey’əti olan 15 kafedra fəaliyyət göstərirdi. Bu dövrdə institutda 3700 tələbə təhsil alırdı. 1966-1967-ci tədris ilində kafedralar yenidən təşkil edildi, yeni fakültələr yaradıldı. Rus dili və ədəbiyyatı fakültəsi iki istiqamətdə – Rus dili və Azərbaycan dili istiqamətlərində fəaliyyət göstərirdi, burada ispan və Azərbaycan dilləri şö’bələri də yaradılmışdı.

1972-ci ildə respublikanın rəhbəri, Azərbaycanın ümummilli lideri H.Ə.Əliyevin təşəbbüsü və respublika hökümətinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitunun bazasında eyni adlı Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu bərpa edildi. İnstitutda bütün tə’lim-tərbiyə və elmi-tədqiqat işlərini 18 kafedra həyata keçirirdi; həmin dövrdə bu təhsil ocağında 280 müəllim, o cümlədən, 6 elmlər doktoru, professor və 84 elmlər namizədi, dosent işləyirdi.

1974-cü ildə institutda iki fakültənin – orta məktəbi rus dilində bitirmiş tələbələr üçün 1 saylı Rus dili və ədəbiyyatı, Azərbaycan dilində bitirmiş tələbələr üçün isə 2 saylı Rus dili və ədəbiyyatı fakültələrinin yaradılması haqqında qərar qəbul edildi. Elmi-tədqiqat işi pedaqoji institutun məqsəd və vəzifələrinə tam cavab verir, məqsədyönlü xarakter daşıyır və Azərbaycan Respublikası Elmlər Akademiyasının Koordinasiya Şurasının planı üzrə həyata keçirilirdi. Fəaliyyət göstərdiyi dövr ərzində institutun professor-müəllim hey’əti respublika, ümumittifaq və beynəlxalq miqyaslarda keçirilən elmi-metodik konfranslarda, seminar və simpoziumlarda fəal iştirak etmişdir. 1994-cü ildə institut beynəlxalq standartlara uyğun olaraq bakalavr hazırlığı üzrə dördillik yeni tədris planına keçirildi.

1997-ci ildə M.F.Axundov adına APRDƏİ-də magistratura şö’bəsi yaradıldı.

2000-ci il respublikanın ictimai həyatında əlamətdar hadisə ilə yadda qalmışdır. Azərbaycan Respublikasının prezidenti H.Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında öz istiqaməti üzrə unikal bir tədris ocağı kimi tanınan və bütün Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali məktəb – Bakı Slavyan Universiteti yaradılmışdır.

Azərbaycanın tanınmış alimi və yazıçısı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) respublika prezidentinin fərmanı ilə BSU-nun rektoru təyin edilmişdir. Onun rəhbərliyi altında geniş islahatlar proqramı hazırlanıb həyata keçirilmiş, universitetin tədris, tə’lim-tərbiyə, maddi-texniki bazası tamamilə yeniləşdirilmiş, BSU respublikanın ən qabaqcıl tədris müəssisələrindən birinə çevrilmişdir.

Qısa bir müddət ərzində BSU yüksək ixtisaslı, peşəkar kadrlara, tədris və elmi potensiala, müasir infrastruktura malik çoxşaxəli tədris müəssisəsinə çevrildi. Bu gün Bakı Slavyan Universiteti unikal təhsil və mədəniyyət mərkəzi kimi bölgədə slavyan xalqlarının mə’nəvi dəyərlərini tədqiq və təbliğ edir. Burada rus, slavyan dilləri və ədəbiyyatı üzrə ciddi tədqiqatlar həyata keçirilir, təkcə respublikamız üçün deyil, həm də bir çox Şərq ölkələri üçün yüksək ixtisaslı kadrlar hazırlanır.

2000-ci ildən e’tibarən BSU-da beş fakültə fəaliyyət göstərir.

Filoloji fakültə rus və Azərbaycan filologiyası və jurnalistika üzrə kadr hazırlığını həyata keçirir. Fakültəyə universitetin 7 kafedrası daxildir. Hal-hazırda fakültədə 600-dən çox tələbə təhsil alır.

Pedaqoji fakültədə respublikanın orta və ümumtəhsil məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri, həmçinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavrlar hazırlanır. Fakültədə tədris prosesinin təşkilinə 6 kafedra cəlb edilmişdir. Tələbələrin sayı 700 nəfərdən yuxarıdır.

Beynəlxalq münasibətlər və regionşünaslıq və Tərcümə fakültələri bir çox ixtisaslar üzrə kadr hazırlığını həyata keçirirlər: burada beynəlxalq münasibətlər üzrə mütəxəssislər, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Bolqarıstan, Çexiya, Slovakiya və Yunanıstan üzrə geniş profilli regionşünaslar, həmçinin tərcüməçilər hazırlanır.

İxtisasartırma və yenidən hazırlama fakültəsi yeni pedaqoji kadrların hazırlanması və onların ixtisaslarının dəyişdirilməsini təşkil edir. Fakültədə respublikanın ali və orta məktəb müəllimləri “Rus dili və ədəbiyyatı” üzrə ixtisaslarını artırır və dinləyicilər müxtəlif sahələr üzrə yeni ixtisasa yiyələnirlər.

Universitetdə “Dilşünaslıq” və “Filologiya” istiqamətlərində 10 ixtisas – ümumi dilçilik, rus, çex, polyak, bolqar, ukrayna dilləri, tərcümə, ədəbiyyat nəzəriyyəsi, rus ədəbiyyatı, rus dili və ədəbiyyatının tədrisi metodikası ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir. Fəaliyyət göstərdiyi beş il ərzində universitetin magistratura şö’bəsində 4 buraxılış olmuş, 200-dən çox məzun müxtəlif ixtisaslar üzrə magistr diplomuna layiq görülmüşdür. Son iki il ərzində BSU adi təhsil ocağından elmi slavistika və slavyan mədəniyyəti mərkəzinə çevrilmişdir. Bu gün Bakı Slavyan Universitetində 26 kafedra fəaliyyət göstərir. Universitetin professor-müəllim hey’ətinə 38 elmlər doktoru, professor, 184 elmlər namizədi, dosent və 200-dən yuxarı baş müəllim və müəllim daxildir.

BSU-da “Lügət mərkəzi”, “Türk-slavyan əlaqələri”, “Tərcümə problemləri”, “Beynəlxalq münasibətlər” elmi-tədqiqat laboratoriyaları, “Azərbaycanşünaslıq” elmi-tədris mərkəzi yaradılmışdır.

Universitetdə yüksək ixtisaslı bakalavr və magistr hazırlığını həyata keçirən fakültə və kafedralardan, həmçinin ümumi və tədris leksikoqrafiyasının, psixolinqvistika və bilinqvizmin, türk-slavyan ədəbi və mə’nəvi əlaqələrinin, azərbaycanşünaslığın aktual problemlərini tədqiq edən elmi-tədqiqat laboratoriyalarından başqa, Xarici əlaqələr şö’bəsi, ümumtəhsil tədris proqramlı humanitar lisey, Ukrayna bazar günü məktəbi, Nəşriyyat-poliqrafiya mərkəzi, Tələbə teatrı, “Səfir saatı” klubu, Qiyabi təhsil şö’bəsi, Magistratura şö’bəsi, aspirantura və doktorantura fəaliyyət göstərir.

Universitetdə “BSU-nun elmi əsərləri”, “Azərbaycanda rus dili və ədəbiyyatı” elmi metodik jurnal, alim və müəllimlərin, aspirant və magistrantların elmi məqalələr məcmuələri nəşr edilir, “Tələbə dünyası” qəzeti çap olunur.

2002-ci ildən e’tibarən BSU-da elmi namizədi və doktorluq dissertasiyaların müdafiəsi üzrə İxtisaslaşdırılmış Şura fəaliyyət göstərir. BSU-da ali məktəb tələbələri üçün elmin müasir tələblərinə cavab verən yeni dərsliklər və tədris vəsaitlərinin, lüğət və məlumat ədəbiyyatının, tədris proqramları və metodik tövsiyyələrin hazırlanmasına xüsusi diqqət yetirilir.

2000-ci ildə Bakı Slavyan Universitetinin Fəxri doktoru adı təsis edilmişdir. Ölkələr və xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elm, təhsil və mədəniyyətin inkişaf etdirilməsi işində xüsusi xidmətlər göstərmiş bir sıra görkəmli dövlət və ictimai-siyasi xadim BSU Elmi Şurasının qərarı ilə bu fəxri ada layiq görülmüşdür. Bu gün Rusiya Federasiyasının Prezidenti V.V.Putin, Moskva və Bütün Rusiya Patriarxı II Aleksiy, Ukrayna Radasının spikeri V.Plyuş, Rusiya Federasiyası Federal Şurasının sədri S.M.Mironov, Bolqarıstanın Prezidentləri J.Jelev (1990-1997) və G.Pırvanov, Yunanıstan Prezidenti K.Stefanopulos və Ukrayna Prezidenti V.Yushenko Bakı Slavyan Universitetinin Fəxri doktorlarıdır.

BSU bir çox xarici ölkələrin ali məktəbləri ilə çoxşaxəli əlaqələr qurmuşdur. Universitetin xarici əlaqələri Rusiya, Fransa, Ukrayna, Bolqarıstan, Çexiya, Polşa, Yunanıstan və digər dövlətlərin nüfuzlu ali məktəbləri, elmi və ictimai təşkilatları ilə imzalanmış müqavilə və sazişlərlə tənzimlənir. Bakı Slavyan Universiteti A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu (Rusiya, Moskva), Regionlararası Hey’ətin İdarəedilməsi Akademiyası (Ukrayna, Kiyev), Slavyan Universiteti (Ukrayna, Kiyev), “Ovidius” Universiteti (Yunanıstan, Konstanta), Şumen Universiteti (Bolqarıstan, Şumen), B.Xmelnitski adına Çerkask Dövlət Universiteti (Ukrayna, Çerkask), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti (Rusiya, Moskva), İNALKO Şərq Dilləri və Mədəniyyətləri İnstitutu (Fransa, Paris) ilə müqavilələr imzalamışdır.

Xarici dövlətlərin ictimai-siyasi dairələrinin nümayəndələri, tanınmış elm, təhsil və mədəniyyət işçiləri universitetlə sıx əməkdaşlıq edirlər. Son iki il ərzində bir çox ictimai xadimlər, siyasətçilər və alimlər – Rusiya Federal Şurasının sədri S.M.Mironov, Rusiya Dumasının spikeri Q.N.Seleznyov, Moskva şəhərinin I vitse-meri L.Şvetsova, Rusiya Federasiyasının Təhsil naziri V.Filippov, yazıçı və tənqidçi L.Y.Lavrova, Fransanın “İNALKO” Şərq dilləri Universitetinin vitse-prezidenti K.Aliber, Bolqarıstan respublikasının prezidenti (1990-1997) J.Jelev, Şumen Universitetinin fakültə dekanı dosent E.Dobreva, xarici ölkələrin bir sıra mətbuat orqanlarının nümayəndələri və görkəmli mədəniyyət xadimləri universitetin qonağı olmuşlar. Universitet tələbə və magistrantlarının Rusiya, Ukrayna, Bolqarıstan, Polşa və digər xarici ölkələrin tanınmış ali məktəblərində elmi-tədqiqat təcrübəsinə cəlb olunmaları, ixtisasartırma kurslarında təhsil almaları, bu tədris müəssisələri ilə müəllim-tələbə mübadiləsi ənənəvi hal almışdır.

Universitetdə Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Rusiya Tədris-Mədəniyyət Mərkəzi (“Moskva auditoriyası”), Türkiyə Araşdırmaları mərkəzi, Müasir Yunan dili və mədniyyəti mərkəzi, Bolqar dili və mədniyyəti mərkəzi və Polyak dili və mədəniyyəti mərkəzi aktiv fəaliyyət göstərirlər.

Comments are closed.