Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

“Azərbaycanın da Almaniyadakı kimi səhiyyə sisteminə ehtiyacı var”

xaricde_t_DSC_2477Modern.az saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz Almaniyanın Heidelberg Universitetində təhsil alan Vüqar Qənbərzadədir.

Vüqar Qənbərzadə 1987-ci ildə Masallı rayonunda ziyalı ailəsində dünyaya gəlib.  Almaniyaya gedişi diplomdan sonrakı tibb təhsilinin davam etdirməsi ilə bağlıdır.

– Almaniyanın Münhen şəhərində hansı universitetdə, fakültədə, neçənci kursda təhsil alırsınız? Harada qalırsınız?

– Hazırda Almaniyada Heidelberg Universitetinin Münhen Universitet klinikasinin cərrahiyyə klinikasında həkim-assistent pilləsinin 2-ci ilində təhsil alıram. Bu, ölkəmizdəki rezidentura təhsil pilləsi ilə müqayisə edilə bilər. Kirayə evdə qalıram. Ümumən, mənzil kirayəsi kifayət qədər yayılmış bir fenomendir. Yerlilərin belə əksəriyyəti kirayə evlərdə qalırlar. Amma qiymətləri yüksəkdir.

– Xaricdə təhsil almaq arzunuz necə yarandı?

– Xaricdə təhsil arzusu Tibb Universitetində oxuduğum ilk illərdən yarandı. 3-cü kursu bitirdikdən sonra tam təsadüfən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Abituriyent” jurnalında xaricdə təhsil üzrə dövlət proqramına dair məqalə ilə rastlaşdım. O zaman sənədlərin qəbulunu və ümumən qəbul prosesini TQDK həyata keçirirdi. 2007-ci ilin iyul ayında orada 3 mərhələli müsabiqə keçirildi. <p”>1.Psixoloji testlər (Lüşer testi və s.) 2. Psixoloqla fərdi söhbət və 3. <p”>TQDK sədri Məleykə xanımın rəhbərlik etdiyi seçim komissiyası ilə fərdi danışıq.

Nəticədə toplanılan bal, universitet qiymətləri və ümumi rəyə əsasən harada oxumaq istədiyimi soruşdular. Proqramın ilk ili olduğundan ümumi mexanizmlərin tam hazır olmaması fonunda bir neçə universitetlə Təhsil Nazirliyi artıq tələbə mübadiləsi üzrə danışıqlar aparırdı. Mənə Fransada mikrobiologiya ixtisası və Rusiyada cərrahiyyə ixtisası üzrə təhsilimi davam etdirmək imkanı olduğunu söylədilər. Rus dili biliyimi nəzərə alaraq Moskvadakı Seçenov adına Tibb Akademiyasında təhsil almaq istədiyimi bildirdim. Bir neçə ay çəkən sənədləşmədən sonra nəhayət, 2008-ci ilin fevral ayında 6 nəfərlik bir qrupla Təhsil Nazirliyinin dəstəyi ilə Moskvaya yola düşdük.  

Oradakı təhsilimi 2010-cu ildə başa vurub cərrahiyyə üzrə klinik internaturada davam etdirdim. İnternatura müddətində klinik təhsilin daha yüksək səviyyəyə çatdırılması barədə düşünürdüm. Postsovet məkanında tibb sahəsində sanki daha çox nəzəri istiqamətə üstünlük verilir. Almaniyaya sənəd qəbulunun Təhsil Nazirliyi xətti ilə açılması və orada təhsil alan dostlarla aparılan fikir mübadiləsi fonunda məhz bu ölkədə təhsilimi davam etdirməyə qərar verdim.

download (2)
– Valideynləriniz xaricdə təhsil almaq istəyinizi necə qarşıladılar?

– 2007-ci ildə TQDK-da seçim komissiyası ilə müsahibənin sonunda seçim imkanlarımı bildirib valideynlərimlə əlaqə saxlamamı və onların razı olub- olmadıqlarını soruşdular. Atamla danışdım. Rusiyada təhsil fikrinə skeptik yanaşdığını, amma məni dəstəklədiyini bildirdi. Ümumən, təhsil müddətində daim ailəmin dəstəyini hiss etmişəm.

–  Dünyanın öndə gedən dövlətlərindən birində təhsil almağa getmisiniz. Vətəndən, ailədən uzaq durmaq müəyyən çətinliklər yaradır. Tamamilə fərqli bir mühitə uyğunlaşma prosesini necə keçirdiniz?

– Ümumiyyətlə, 10 ildir məktəbi bitirib evdən çıxmışam və tək yaşayıram. Yeniliklərin burulğanı və ailəmin tam mənəvi dəstəyi fonunda uyğunlaşma ilə bağlı hər hansı bir sıxıntım olmayıb.

–  Tələbə, rezident yoldaşlarınızın arasında azərbaycanlılar var?

– Münhen şəhərində çoxlu Azərbaycanlı tələbə və rezidentlər var. Mütəmadi olaraq əlaqə saxlayırıq. Bundan başqa, Münhen universitet klinikasının cərrahiyyə klinikasının Azərbaycan-Almaniya tibbi əməkdaşlıq cəmiyyəti ilə sıx əlaqələri var. Bu əlaqələr, o cümlədən, doktor Vüqar Yaqublunun müstəsna rolu sayəsində neçə-neçə gəncimiz cərrahiyyə klinikasında tanışlıq və praktika keçmə imkanı əldə ediblər. Professor-müəllim heyətinin ölkəmizə səfərləri və tibbi elmi konfranslarda iştirakı mütəmadi hala çevrilib.

download (1)– Digər millətlərin nümayəndələri ilə necə dil tapırsınız? Dostlarınız arasında hansı millətdən olanlar üstünlük təşkil edir?

– Təhsil aldığım 10 il ərzində müxtəlif tələbə yataqxanalarında və kirayə evlərdə çoxlu sayda digər millətlərin nümayəndələri ilə, onların mədəniyyəti və adətləri ilə tanış olmuşam. Ümumən, bunu çox vacib bir təhsil komponenti hesab edirəm. Təkcə otaq yoldaşlarım içərisində çinli, suriyalı, özbəkistanlı və digər millətlərin nümayəndələri olublar.

–  Almaniya təhsil sistemini necə qiymətləndirirsiniz?

– Almaniyada təhsil sistemi çox yüksək səviyyədədir. Bu barədə uzun danışmaq olar. Zənnimcə, ən vacib cəhəti həmişə pozitiv və neqativ tərəflərin olmasıdır. Məktəbli, tələbə ilə yetkin bir insan kimi davranılmasını təqdirəlayiq sayıram. Müxtəlif yanaşmaların tam normal olması fikrinin aşılanması və diskussiya mədəniyyətini yüksək qiymətləndirirəm.

Almaniyada tibb üzrə təhsil almaq istəyən üçün zənnimcə, mütləq olaraq bütün şərait yaradılıb. Hətta xarici vətəndaşlar belə burada pulsuz təhsil ala bilərlər. Diplomdan sonrakı təhsil isə ən yüksək səviyyədə qurulub. Xəstə problemin mərkəzində durur. Tibb təhsili sonsuz davam edir və bu təhsil müddətində öyrənən daima onun mümkün səhvini düzəldə biləcək biri ilə təmasdadır. Ümumən, hesab edirəm ki, ölkəmizin belə bir səhiyyə sisteminə ehtiyacı var. Burada məsələ təkcə bu və ya digər cərrahi taktikanın seçilməsindən getmir, həmçinin xəstə həkim münasibəti və xəstənin cəmiyyətdə yeri, həkimə olan sosial münasibət və digər məsələlər daim diqqət mərkəzindədir. Bu, özünü təkmilləşdirən, açıq sistemdir və onun səhv etmə ehtimalı çox azdır.

– Avropa ölkəsində, Avropa cəmiyyətində yaşamaq necədir? Bəyəndiyiniz və bəyənmədiyiniz tərəfləri hansılardır?

– Zənnimcə, bütün dünya Avropa cəmiyyətində yaşayır və ya buna doğru can atır. Burada bir millətin yox, onlarla millətlərin dəyərlərinin məcmusu baş rolda çıxış edir. Zəngin tarixi keçmiş fonunda cilalanmış bu dəyərlər universallaşıb və bütün dünyaya yayılıb. Ehtiyatla yanaşdığım məqamlardan biri insanın sosial tərəfinin hədsiz qabardılmasıdır.

download– Orada ən çox nə və kim üçün darıxırsınız?

– Darıxmağa, adətən vaxt qalmır. Amma Tibb Universitetində oxuduğum müddətdə qaldığım 1 nömrəli yataqxana üçün ara-sıra darıxıram. Halbuki o vaxtlar orada şərait çox çətin və ümumi təhsil perspektivi çox dumanlı idi.

–  Alman yeməkləri xoşunuza gəlir?

– Almanlar deyirlər ki, Almaniya çörək, sosiska və pivə ölkəsidir. Xoşladığım yerli yeməklərdən biri Bavariya tipli sosiska və şirin ev xardalıdır. 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button