“Ay ərzində on milyonlarla dollar üzərində qərar verirəm ki, bu da çox böyük diqqət və məsuliyyət tələb edir”

– Zəhmət olmasa, özün haqda məlumat ver

Rəşad Mehbaliyev, Bakıda ziyalı ailəsində anadan olmuşam. Macarıstanda yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat ixtisası üzrə magistratura məzunuyam, hazırda IBM (International Business Machines Corporation) şirkətinin “IBM Global Financing” bölümünün Budapeştdə yerləşən ofisində Kredit Risk Analisti vəzifəsində çalışıram. Bakalavr təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) İnzibati İdarəetmə ixtisası üzrə almışam, tələbələrik illərindən bu günə kimi ictimai sektorda müxtəlif təşkilatların (DİA-nin Tələbə Gənclər Təşkilatı, “Abşeron” İntellektual Oyunlar Klubu, Azərbaycan Gənclər Parlamenti, BarKamp Azərbaycan, ASAIF və s.) yuxarı strukturlarında təmsil olunmuşam, iki dəfə Avropa Gənclər Parlamentinin sessiyalarında iştirak etmişəm.

– Təhsilin necə idi? Çətinlik çox idimi?

Bakalavr illərində təhsilim başlanğıcda çətin idi, məktəb həyatından sonra universitet qaydalarına və təhsil sisteminə uyğunlaşmaq bir qədər vaxt aldı. Həmçinin ali məktəbə qəbul zamanı 674 bal topladığıma görə Prezident Təqaüdünə layiq görüldüyümdən bu adı qoruyub saxlamaq üçün bütün imtahanlardan əla qiymətlər almalı idim. Ali məktəbi əla qiymətlərlə fərqlənmə diplomu ilə bitirərək Prezident Təqaüdçüsü adını sona qədər qoruyub saxladım. Budapeştdə magistr illərim nisbətən daha çətin oldu, xüsusən də hərbi xidmətdən sonra Avropada ingilis dilində tədris almaq daha çox əzmkarlıq və zəhmət tələb etdi. O cümlədən təhsil sisteminin fərqliliyi, daha çox tələbkarlıq, dərs yükünün xeyli ağır olması ilk əvvəllərdə yorucu görünürdü. Lakin qısa davam edən adaptasiyadan sonra bütün bunlar arxada qaldı, ağır təhsil prosesi adi həyat tərzinə çevrildi. Sonda magistr tezisimi uğurla müdafiə etdim, mövzumun və tədqiqatımın yenilikçi olması, hərtərəfli yanaşma elmi rəhbərimin çox xoşuna gəldi. Tezisimin çap olunması ilə bağlı beynəlxalq nəşriyyatlardan birindən təklif aldım və təxminən iki ay öncə mənim magistr tezisim dünyanın əksər onlayn kitabxanalarında və 5 qitədə yerləşən müxtəlif nəşriyyatların 120-dən çox distribyutorunda satışa çıxarıldı (http://www.amazon.com/Determinants-Retirement-Status-Comparative-Evidence/dp/3848407809).

    Xaricdə təhsil almaq istəyən gənclərə hansı məsləhətləri verərərdin?

Xaricdə təhsil almaq istəyən gəncin başlıca məqsədi daha keyfiyyətli təhsil almaqdır, buna görə də həmişə əsas məqsədə nail olmaq hədəfləndiyi kimi bu halda da belə olmalıdır. Yüksək tədris yükünün öhdəsindən gəldikcə müxtəlif şəhərlərə və ölkələrə səyahət etmişəm, müxtəlif formalarda istirahət etmişəm, çünki yaxşı istirahət uğur qazanmaq üçün olduqca vacibdir. Ona görə də əsas tövsiyəm odur ki, oxumaqla istirahətin vaxtını və nisbətini düzgün planlaşdırsınlar. Bu zaman istirahət etməkdə də əsas məqsəd özünü növbəti uğura və yeni nailiyyətlərə nail olmaq üçün enerji toplamaq olmalıdır. Bununla yanaşı fənləri seçərkən daha tələbatlı ixtisaslara üstünlük versinlər, çünki gələcəkdə mütəxəssis qıtlığı olan sahələrdə yaxşı və gəlirli iş tapmaq daha asan olacaq. Digər tövsiyəm isə odur ki, xaricdə təhsilini bitirmiş gənclər həmin ölkədə müəyyən qədər işləyərək təcrübə toplasınlar, çünki müxtəlif ölkələrdə, xüsusən gənclərin təhsil aldığı qabaqcıl ölkələrdə qazanılmış iş təcrübəsi əvəzsizdir, mən bunu öz işim zamanı çox hiss edirəm. Daha bir tövsiyəm isə ondan ibarətdir ki, təhsillə yanaşı diaspora işləri və lobbiçiliyə də vaxt ayırsınlar, belə ki, bu dolayısı ilə həmin tələbələrin həyatını asanlaşdırmağa xidmət edir. Ona görə xaricdə təhsilin sadəcə dəb və ya prestij üçün olmasını düşünmək düzgün olmazdı.

– Hal-hazırda Budapeştdə nə işlə məşğulsan?

Hal-hazırda müqavilə əsasında IBM şirkətində kredit risk analisti vəzifəsində çalışıram. Bundan başqa bu yaxında baş tutmuş ASAIF-in Budapeştdə keçirilmiş forumuna hazırlıq prosesinə də töhvə verməyə çalışdım. Ümumiyyətlə isə işdən kənar vaxtlarımda burada fəaliyyət göstərən diaspora təşkilatımız olan Macar-Azərbaycan Dostluq Cəmiyyətinə bacardığım qədər kömək etməyə çalışıram, səfirliyimizin tədbirlərində iştirak edirəm. Universitetimizin burada tələbə və məzunları üçün təşkil etdiyi müxtəlif tipli tədbirlərdə (festival, yığıncaq, gəzinti, əyləncə və s.) iştirak etməyə də çalışıram. Macarıstanda olduğum müddət ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Dünya Azərbaycanlı Gənclərin Birinci Konqresinə (Frankfurt, 27-28 noyabr, 2010) və Dünya Azərbaycanlı Gənclər Birliyinin Təsis Qurultayına (Bakı, 12 mart, 2012) dəvət almışam və iştirak etmişəm.

– IBM şirkətinə necə işə düzəldin?

IBM şirkətində işləmək bir çoxları kimi mənim də marağımda olub. Ən azından onu qeyd etmək yerinə düşər ki, “CNNMoney” tərəfindən hazırlanmış üzrə ən çox arzulanan şirkətlərin reytinqində bu il IBM 7 pillə irəliləyərək dünya üzrə 5-ci yerdə qərarlaşıb. IBM bizim universitetimizin məzunlarına xüsusi diqqət yetirir və universitetimizdə karyera sərgilərində iştirak edirdi. Onlayn formada müraciət etdim, intervyuya dəvət aldım və bütün mərhələləri keçərək iş təklifi aldım. Qeyd edim ki. IBM şirkətinə işə düzəlmək mənə Azərbaycanda yerli şirkətlərimizə işə düzəlməkdən daha asan göründü. Pozisiyamın çox məsuliyyətli olmasına baxmayaraq, IBM məndən çoxillik iş təcrübəsi tələb etmədi, iki mərhələli intervyu zamanı biliklərimin görəcəyim işə uyğunluğunu yoxlamaq üçün xeyli suallara cavab verməli oldum. Bununla başa düşdüm ki, IBM işçinin əvvəlki təcrübəsindən daha çox hazırki biliklərinə və həmin vəzifə üçün potensialına fikir verir.

– İşin haqqda qısaca məlumat verə bilərsən?

IBM-in məhsulları, xidmətləri və layihələri kifayət qədər bahalı olduğu üçün şirkət “IBM Global Financing” bölümünü yaradıb. Bu bölüm IBM və qeyri-IBM məhsul və xidmətlərini daha effektiv, mərhələli ödəməklə, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Belə ki, şirkət dövlət və qeyri-dövlət qurumlarına onların müxtəlif xüsusiyyətlərinə müvafiq olan şərtlər və maliyyələşdirmə metodları ilə istədikləri məhsul və xidmətləri əldə etməyə şərait yaradır. Kredit risk analisti olaraq mənim vəzifəm müştəri şirkətlərin istəyinin onların maliyyə göstəricilərinə nə dərəcədə uyğun olmasını analiz etmək, həm IBM-ə, həm də onlara müvafiq olan şərtlərlə məhsul və xidmətlərin onlara təklif olunmasını barədə qərar qəbul etməkdir. Qeyd edim ki, məbləğlərin iri həcmli olması işçidən bu həcmli risklər qarşılığında şirkətin dövriyyəsini və satışlarını artırmağı da nəzərə almağı tələb edir. Ay ərzində on milyonlarla dollar üzərində qərar verirəm ki, bu da çox böyük diqqət və məsuliyyət tələb edir. Əfsuslar olsun ki, şirkət sirri olduğundan iş prosesi barədə daha detallı məlumat verə bilməyəcəm.

–    Sən IBM kimi şirkətin maliyyə qərarlarının qəbulunda iştirak edirsən, bu işin özəlliyi və xüsusiyyəti nədən ibarətdir?

Gündəlik işim zamanı maliyyə sahəsində biliklərə sahib olmaq, risklərin idarə olunması prosesini qavramaq, dünyadakı maliyyə tendensiyalarını izləmək, yüksək diqqət və dil bilikləri tələb olunur. Bütün yazışmalar, biznes danışıqları və şirkətdaxili sənədlər ingiliscə olduğundan bu dili mükəmməl biznes və akademik səviyyədə bilmək, korporativ etikaya uyğun şəkildə istifdə etmək vacib şərtdir. İngilis dili ilə rus və türk dillərini biznes səviyyəsində bilməliyəm, çünki mən əsas etibarilə rusdilli ölkələrdən, bəzən isə Türkiyədən gələn təklifləri və maliyyə göstəricilərini analiz edirəm. Mən isə bir Azərbaycanlı kimi türk mənşəli olduğumuzdan, post sovet məkanında yaşadığımdan və uşaq bağçasında rus dilində təhsil aldığımdan, eləcə də çoxsaylı türk və rusdilli millətlərlə ünsiyyətdə olduğumdan onların mədəni özəlliklərini və işgüzar biznes dilini tapmaqda çətinlik çəkmirəm. Bu dillərdə mütaliə, televiziya və radio verilişlərini izləmək də mənə yardımçı olub. İşə başladığım zaman menecerim mənə işimin nəzərə çarpacaq dərəcədə stresli, biznes baxımından işgüzar ortaq dil tapmaqda çox problemlərin olacağını demişdi. Departamentimizdə ən gənc kredit risk analisti olduğumdan onu başa düşmək olardı. Amma vaxt keçdikcə menecerim gördü ki, əslində bu xalqların mədəni və biznes dilini bildiyim üçün hər şey onun gözlədiyindən daha rahat oldu və mən uğurla bu vəzifənin öhdəsindən gəlməyə başladım. Bu cür xüsusiyyətlərimə görə qısa müddət ərzində mən və menecerim bir neçə dəfə IBM-in ən yuxarı səviyyəsində təmsil olunan şəxslərdən təşəkkür məktubu almışıq. İlk dəfə təşəkkür məktubunu alanda mən ikinci ay idi ki, şirkətdə işə başlamışdım. Qərar verdiyim məbləğlərin çox böyük olmasına baxmayaraq analizlərin demək olar ki, hamısını özüm edirəm və yalnız istisna və problemli biznes təkliflərini menecerimlə müzakirə etməyə ehtiyac qalır. Bu isə işçiyə qərarvermə azadlığı verməklə bərabər, onda böyük pulların idarə olunması ilə bağlı özünə inam yaradır.

– Azərbaycanda şirkətlər kadr potensialının zəifliyindən şikayət edirlər, Səncə bunun səbəbləri nədədir?

Bazar iqtisadiyyatı dövründə şirkətlərə rəqabətdə qalib gəlmək üçün yüksək təhsilli, ağıllı qərarlar verə biləcək, işləri operativ görəcək kadrlar lazımdır. Məhz buna görə də bütün şirkətlər daha yaxşı işçi axtarışındadırlar. Yaxşı işçinin tapılmaması və ya çətin tapılması probleminin bir neçə səbəbi var. Düşünürəm ki, kadr zəifliyinin ilk səbəbi Azərbaycanda əksər universitetlərdə təhsilin səviyyəsinin yerli və beynəlxalq əmək bazarındakı tələbata nisbətən xeyli aşağı olmasıdır. Digər səbəb isə yüksək təhsilli şəxslərin qərbdə və ya bəzi ərəb ölkələrində daha yaxşı şərtlərlə iş təklifi alması səbəbindən ölkəni tərk etməsi və ya geri dönməməsidir. Digər əhəmiyyətli bir səbəb isə iş axtaran və işə götürən arasında ünsiyyət platformalarının zəifliyidir. Məsələn, mən Macarıstanda əksər universitetlərdə ildə ən azı bir dəfə karyera sərgilərinin, müxtəlif şəhərlərdə karyera axtarışı və yüksəlişi ilə bağlı çoxsaylı tədbirlərin keçirilməsinin şahidi oluram. Bundan başqa burada iş axtarışı üçün bir çox effektiv iş elanları saytları var ki, onlar həm iş axtarana, həm də iş təklif edənə onların istəklərinə uyğun açar sözlərinə əsasən elektron poçt ünvanlarına müvafiq məlumatları göndərirlər. Beləcə həm iş axtaran, həm də iş təklif edən bir-birini tapmaqda çətinlik çəkmir. Şirkətlər də öz növbəsində yüksək ixtisaslı kadrlara diqqətlə yanaşmalıdırlar. Qərb şirkətlərində işə qəbul prosesi daha şəffafdır ki, bu da daha yaxşı kadrları tapmaqda böyük rol oynayır. İşçiyə təklif olunan maaş və digər müavinətlər işçinin keçmiş təcrübəsi, hazırkı uğurları, şəxsi bacarıqları və gələcək potensialına əsasən müəyyən olunur. Bu isə dolayısı ilə o deməkdir ki, eyni şöbədə eyni pozisiyada çalışan daha yaxşı və əhəmiyyətli kadr nisbətən yüksək maaş və imtiyazlara səbəb olur, bu isə həmin şəxs üçün çox böyük motivasiyadır. Bizim şirkətlər də bu mənada yaxşı kadrlara qarşı diqqətli və əliaçıq olmalıdırlar, çünki onlar şirkətə digər işçilərə nisbətən daha çox gəlir gətirirlər.

– Qərb şirkətlərində işçilərarası münasibətlərlə bizim şirkətlərdəki münasibətlər arasında fərqlər varmı?

Bu suala cavab olaraq ofisimizdə işçilərarası münasibətlərlə bağlı bir neçə məqamı vurğulamaq istərdim.
IBM-in üç başlıca dəyərindən biri “Bütün münasibətlərdə inam və şəxsi məsuliyyət” adlanır, bu da o deməkdir ki, şirkət daxilində hər bir işçi digər bir işçiyə elə ilk andan inamla yanaşmalıdır, şübhə yaratmamalı və sona qədər də bu münasibətlər inamla müşayiət olunmalıdır. Hər hansı məqamda anlaşılmazlıq olduğu halda isə problem hər iki tərəfin iştirakı ilə birlikdə həll olunaraq yoluna qoyulur. Mənim ən çox xoşuma gələn isə şəxsi məsuliyyətin vurğulanmasıdır. Bu o deməkdir ki, hər kəs yalnız öz vəzifələri çərçivəsində olanlara cavabdehdir, ondan artıq işçidən nəsə tələb oluna bilməz, çünki vəzifələrin bölgüsü aydın olaraq müəyyənləşdirilib. Ona görə də bütün işçilər öz işlərini görürlər və daxil olmuş göstərişlərə əməl etməklə biznes təkliflərini analiz edirlər. Başqalarının işinə müdaxilə və ya öz işinin başqasına yönəldilməsi bir qayda olaraq qəbulolunmaz sayılır. Qeyd edim ki, şirkətdə individual məsuliyyət çox yüksəkdir, heç kəs öz işini görməkdən yayına bilməz. Digər bir maraqlı məqam isə həm işçinin, həm müdirinin bir-biri ilə eyni səviyyədə ünsiyyət qurmasındadır. Belə ki, müdir hətta işçisinin görməli olduğu işi ondan xahiş edir, iş görüldükdə isə ona təşəkkür edir. Eləcə də, işçi öz müdirinə onun səlahiyyətində olduğu üçün ona ötürülən işi görülməsini xahiş edir və buna görə müdirinə təşəkkür edir. Xatırlayıram ki, bu yaxınlarda Macarıstanda dövlət bayramları olduğu üçün işləmirdik, lakin menecerimiz iş yükünün çox olması ilə əlaqədar bizdən daimi maaşımızdan əlavə ödəniş almaqla işləməyimizi xahiş etdi (bizə xaricdən gələn biznes təklifləri həmin günlər də gəlməkdə davam edirdi, çünki həmin ölkələrdə bayram günü deyildi), iş gününün sonunda isə bizə bu təkliflə razılaşdığımız üçün təşəkkür etdi. Bu isə işçinin əlavə gördüyü işə görə həm maddi, həm də mənəvi cəhətdən qiymətləndirilməsi deməkdir.

– Müsahibədən öncə söhbətimiz zamanı Avropalıların internetə marağının səviyyəsindən danışdın, mənə maraqlıdır orada da günü ən azı 12 saatı gənclər internetdə keçirir?

Çox maraqlı məqamdır, qeyd edim ki, burada internet Azərbaycandakından daha əl çatandır, demək olar ki, hamıda evdə yüksək sürətli və limitsiz fiber optik internet var, restoranlarda, kafelərdə və digər ictimai yerlərdə pulsuz simsiz internet şəbəkəsi olur. Amma müşahidələrim göstərir ki, Azərbaycanlı gənclərdə internet asılılığı Avropalılardan daha çoxdur.

– Səncə nəyə görə Azərbaycanda vəziyyət əksinədir?

Bunun bir çox səbəbləri ola bilər. Məsələn, Azərbaycanda internetin ən zəngin və plüralist informasiya mənbəyi olması, Azərbaycanlıların daha çox sosial xasiyyətli və yaxınları ilə ünsiyyətə meylli olması və s. Ən diqqətimi çəkən məqamlardan biri odur ki, Bakıda Azərbaycanlılar hər hansı bir ictimai yerdə simsiz internet olarkən elektron poçtlarını və ya sosial şəbəkələrdəki hesablarını yoxlayırlar, Avropalılar isə çox nadir hallarda belə edirlər. Bunun bir səbəbi Avropalıların Azərbaycanlılardan fərqli olaraq bu xidmətləri dəstəkləyən bahalı telefonları çox işlətməməsidir. Digər səbəbi isə əyləncə yerinə gəlmiş insanın öz vaxtını internetdə yox, məhz əyləncə üçün dostları ilə keçirməsini qarşısına məqsəd qoymasıdır. Avropada internet adətən bir vasitədir, Azərbaycanda isə çox insanlar üçün internet artıq həyat tərzidir.

– Çox formal sual olduğundan bu sualı çoxdandır heç bir jurnalist vermir. Ona görə yaddan çıxıb. Gələcək planların nədir? 🙂

(Gülür…) Sözün düzü, dünyada dəyişən tendensiyalara və gələn təkliflərə uyğun olaraq qərar verməyi sevdiyimdən çox illik planlar qurmağı sevmirəm. Məsələn, 2 il öncə mənim ağlıma gəlməzdi ki, Budapeştdə IBM-də işləyəcəm. Zaman keçdikcə və insan inkişaf etdikcə layiq olduğu müəyyən mövqelərə iddia edir. Məndə də bu belə oldu. Gələcək planlarım çoxdur, hazırki anda ən əsas məqsədim öz təhsil aldığım istiqamətlər və hazırki təcrübəm üzrə peşəkar mütəxəssisə çevrilməkdir, çünki mən bu təhsil və nailiyyətlər üçün xeyli vaxt və enerjimi sərf etmişəm.

Mürsəl Əliyev /Telebe.az/

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group