Almaniyada təhsil almış tələbə: “Mən orda heç vaxt əsəbləşmirdim və buna görə də həmişə təəccüblənmişəm”

403930_2688592787266_1394378141_nÖzünüzü təqdim edin və oxuduğunuz universitet haqqda məlumat verin

Mən Rəhimli Mansur Nizami oğlu Bakı Dövlət Universitetinin Tarix fakultəsində, daha sonra Fridrix Şiller Universitetində, sonra isə Fern universitetində (Hagen, Almaniya) təhsil almışam.

 

Niyə məhz Almaniya? Sizi cəlb edən nə idi?

Almaniyada təhsilin səviyyəsi həm yüksəkdir, həm də şərtlər çox yaxşıdır. Eyni zamanda dünyanın aparıcı dövləti olan Almaniyada inkişaf edə bilmək üçün hər cür şərait var. Sadaladıqlarım vacib amillər olsa da mənim üçün ən önəmli olan faktorlar olmayıb. Mən Almaniyanı, alman dilini və mədəniyyətini hələ lap uşaqlıqdan sevmişəm.  Məhz buna görə də universitetə daxil olduqda təklif olunan 6 xarici dil arasında sevərək alman dilini seçdim. Sonralar isə alman dili bacarığımı təkmilləşdirərək orada oxumaq üçün sənəd verdim və ilk dəfə təqüd alaraq Fridrix Şiller Universitetində qısa müddətli təhsil aldım.

Həmişə maraqlı olub ki, axı necə ola bilər ki, iki böyük müharibədə ağır zərbə alan bir dövlət qısa müddət ərzində dirçələrək lider ölkə ola bildi. Uşaqlıqdan bu maraq sonralar məndə bir “alman sevgisi” yaratmış oldu.

 

Xaricdə təhsil almaq üçün hansı keyfiyyətlər olmalıdır?

Hərhansı bir xarici ölkədə təhsil almaq üçün  xarici dil faktoru önəmli rol oynayır. Hazırda demək olar ki bütün dünyada ingilis dillli universitetlər mövcuddur və yalnız ingilis dilini bilərək burada təhsil almaq mümkündür. Ancaq eyni zamanda həmin ölkənin yerli dilini bilmək əlavə üstünlük təşkil edir. Bundan əlavə, universitetlərin tələbləri oxuyacağın ixtisasdan asılı olaraq müxtəlif olur. Bir çox hallarda iş təcrübəsi də tələb olunur. Bundan əlavə, öz ölkəndə oxuduğun təhsil müəssisəsində aldığın qiymətlər  də vacibdir. Çünki bir çox hallarda ümümi referans qiymət (bal) tələb olunur ki, bu da sənin öncəki təhsilinlə bağlıdır.


Hansı proqramla getmişdiniz Almaniyaya?

68757_1549528951382_1029903_nİlk getdiyim program DAAD idi. Sonrakı təhsilimi isə öz hesabıma maliyyələşdirdim.

 

Almaniya universitetlərində daha hansı əcnəbilər təhsil alır? Münasibət necə idi Azərbaycana qarşı?

Sırf hansı ölkə vətəndaşlarının üstünlük təşkil etdiyini söyləmək çətindir. Belə ki, Aİ vətəndaşları eyni hüquqlara malik olduqları üçün onların nisbətən üstünlük təşkil etdiklərini demək olar. Azərbaycanı nadir hallarda tanıyırlar. Avroviziyadan sonra Azərbaycan daha da məşhurlaşdı və artıq hansı ölkədən olduğunu söyləyəndə izah etmək nisbətən asan olurdu.

 

Azərbaycan və Almaniya təhsilini fərqləndirən ən başlıca cəhət?

Almaniyada digər inkişaf etmiş ölkələrdə olduğu kimi, təhsilə sərbəst yanaşırlar. Bizlərdə daha çox davamiyyət, mühazirə dəftərlərinə önəm verildiyi hallarda, bu Avropa təhsili üçün sıfır əhəmiyyət daşıyır. Avropa təhsilində praktik iş daha çox vacibdir, nəinki bizlərdə. Bundan əlavə, Almaniyada texniki təhsil mühüm və vacib sahələrdən sayıldığı üçün bu sahəyə maraq daha çoxdur. Bizdə isə əksinə, texniki sahənin nə qədər vacib olduğu amilini hələ də nəzərə almırıq.

 

Almaniyada hansısa çətinliklə qarşılaşdınızmı?

Mən təbiətcə ünsiyyətcil və hər şeyə maraqlı birisi olduğumdan olduğum heç bir yerdə çətinliklə rastlaşmamışam. Sadəcə mən orda heç vaxt əsəbləşmirdim və buna görə də həmişə təəccüblənmişəm J

 

1910110_1134678860389_5303869_nƏksər gənclər təhsillərini başa vurduqdan sonra, Azərbaycana qayıtmaq istəmirlər. Siz təhsilinizi bitirdikdən sonra Bərdəyə qayıtdınız. Sizin üçün çətin qərar idi?

 

Mənim üçün həyatımda ən çətin qərarlardan biri olub. Ancaq hazırkı işim və həyat tərzim məni qane etdiyinə görə qayıtdığıma görə peşman deyiləm.

 

Hal-hazırda işləyirsinizmi? Ümumiyyətlə regionda iş tapmaq çətin oldumu sizin üçün? Rayonda xaricdə təhsil alanlar üçün iş tapmaq imkanı necədir?

 

Bu bir az provokativ sualdır əslində. Məncə Azərbaycan reallığında, ələlxüsus regionlarda xaricdə təhsil almaq iş tapmaq üçün o qədər də vacib amil deyil. Xaricdə təhsil almaq daha çox biznes və humanitar yönümlü xarici təşkilatlarda yaxşı qarşılanır. Dövlət işində nə qədər vacibdir, bunu deyə bilmərəm, çünki bu haqda heç bir bilgim yoxdur.

 

Arzularınızı reallaşdıra bilmisinizmi?

Arzularım tam reallaşıb desəm yanılmış olaram. Bəlkə də bu ona görədir ki, insan bir arzuya çatdıqda digərini arzu edir. Ancaq hazırki vəziyyətdə tam olaraq arzularıma çatmadığımı əminliklə deyə bilərəm.

 

Gənclərə məsləhətiniz?

Gənclərə məsləhətim çoxdur. Ən başlıcası, istərdim ki, təhsilli, savadlı olsunlar. Təhsilli insan mədəniyyətdə, davranışında ə digər xüsusiyyətlərdə həmişə öndə olur. Bundan əlavə, vaxtlarını faydalı fəaliyyət sahələrinə sərf etsinlər. Zaman insan üçün ən dəyərli amildir. Gəlin ölkəmizi təhsilimizlə, yüksək bilik və bacarğımızla dünyada tanıdaq, irəliyə aparaq. Bu dövlətin sahibi bizlərik, biz sahib çıxmazsaq o zaman bizə sahib çıxarlar.

 

Təşəkkür edirik!

Dəyərli vaxtınız üçün mən sizə təşəkkür edirəm.

164500_1667316415995_4146284_n 168918_1667327816280_845158_n 281856_2082769682067_2501325_n

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button