Ali məktəblərə builki keçid balları açıqlanıb

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2011/2012-ci tdris ili üçün tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni, həmçinin qəbul aparılacaq ixtisasların siyahısı “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.
TQDK-dan  bildirilib ki, jurnal 2011-ci il iyunun 1-dən etibarən abituriyentlərin istifadəsinə veriləcək. “Abituriyent” jurnalının 3-cü sayında  aşağıdakı materiallar əksini tapacaq.
– 2011/2012-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan.
– Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün ödənişli təhsil forması üzrə müsabiqə şərtləri (Qabiliyyət İmtahanı Komissiyaları üzrə)
– Qəbul aparılan ixtisasların siyahısı.
– Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu
– Ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında nümunəvi fərdi müqavilə.
– Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları.
– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı.
– Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin – sifarişi əsasında).
Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakultəsinə tələbə qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında).
– Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakultəsinə tələbə qəbulu qaydaları (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi əsasında).

İxtisas seçimi

İxtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.
Müsabiqəyə:

– I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər;

– III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaq.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Azərbaycan Diplomatik Akademiyasının “Beynəlxalq münasibətlər” və “Biznesin idarəedilməsi” ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd etmiş və ümumi balı 400-dən az olmayan abturiyentlər seçə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.

Bakı İslam Universitetinin ixtisaslarını ümumi balı 150-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və iyulun 7-dən 13-dək bu təhsil müəssisəsində yaradılmış dini-psixoloji komissiyadan müvəffəqiyyətlə keçən abituriyentlər seçə bilərlər.
Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcəkdir.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək.

Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları yalnız qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə (bu tələblərə dair cədvəl “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunub) uyğun olan abituriyentlər seçə bilərlər. Test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur. Abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

Qəbul aparılan ixtisasların siyahısı

Bu bölmədə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla qəbul aparılmasından asılı olmayaraq ali təhsil müəssisələrinin ixtisaslar siyahısında hər bir ixtisas üzrə ümumi plan təqdim edilib. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil almaq istəyən abituriyent o ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.
TQDK tərəfindən dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələbləri ödəyə bilməyən abituriyentlər yalnız ödənişli əsaslarla təhsil ala bilərlər. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında fərdi müqavilənin nümunəsi

Ali təhsil müəssisəsinə dövlət sifarişi əsasında qəbul olan abituriyent müəyyən olunmuş vaxtda qəbul olduğu təhsil müəssisəsinə tələb olunan sənədləri təqdim edib qeydiyyatdan keçməlidir. Bu zaman ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında müqavilə bağlanır. Abituriyentlər həmin nümunəvi müqavilə ilə jurnalın bu sayında tanış ola bilərlər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına 2010/2011-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə (bakalavriat səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edilib:
1. Filologiya;
2. Tətbiqi riyaziyyat; Kimya; Psixologiya.
Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan sınaqlarda TQDK-nın 2011-ci ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentlər iştirak edə bilərlər. Jurnalın bu bölməsində abituriyentlər qəbul aparılan ixtisaslar üzrə plan yerlərinin sayı, sənəd qəbulu və müsabiqə şərtləri ilə ətraflı tanış ola bilərlər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında), Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakultəsinə tələbə qəbulu qaydaları barədə məlumatlar da jurnalda təqdim olunub.

Telebe.az