ABŞ təhsili tələbni birbaşa iş həyatına hazırlayır və bu yolda tələbənin “gözünün yaşına” da baxmır.

ulker kazimova - 1  Bu dəfəki müsahibimiz ABŞ-ın Florida ştatında yerləşən Florida universitetində (University of Florida, College of law), beynəlxalq vergitutma (LLM in İnternational Taxation) proqramı üzrə magistraturada təhsil alan həmyerlimiz Ülkər Kazımovadır. O, ABŞ-ın təhsil sistemi, ABŞ universitetində tələbə həyatı və digər mövzularda  suallarımıza cavablar vermişdir. Həmin müsahibəni Sizə təqdim edirik.

-Məlumdur ki, Siz təhsil almaq üçün ABŞ-a getməzdən öncə Bakıda nüfuzlu dövlət qurumlarının birində işləyirdiniz. Necə oldu ki, karyeranızı yarıda qoyub ABŞ-da təhsil almağa getdiniz?

Təhsil almaq, öyrənmək, biliyi daha da dərinləşdirmək əsas öncəliklərimdəndir. Karyera və ya təhsil almaq? Bu iki seçim qarşısında qalsaydım, birmənalı olaraq təhsil almağı seçərdim. Xaricdə təhsil mənə əlçatmaz  kimi görünən  yeganə istəyim idi. Sadəcə, bəlkə də bu il elə də əlçatmaz deyil deyə düşündüyüm üçün cəhd etdim və ilk cəhdim də çox uğurlu alındı. Ancaq onu da etiraf etməliyəm ki, bu addımı atmaqda məni cəsarətləndirən insanlar oldu ki, onların israrı olmasaydı bəlkə də bu qərarı verməzdim.

-ABŞ-da təhsil almaq və ya yaşamaq bir çoxlarının istəyidir və bunu bəzən “Amerika arzusu” (American dream) kimi ifadə edirlər. Bəs, Sizin üçün ABŞ-da təhsil almaq nə məna kəsb edir: öz arzularının ölkəsinə getmək yoxsa işlədiyi ixtisasda təhsil alıb özünü daha da təkmilləşdirmək?

Mənim üçün önəmli olan xaricdə Beynəlxalq vergitutma ixtisası üzrə təhsil almaq idi, məhz hansı ölkənin olması kimi bir kriteriyam yox idi. Amma yuxarıda qeyd etdiyiniz kimi karyeramı yarıda qoymağıma dəyəcək bir seçim etməli idim. Ona görə müraciət zamanı daha çox nüfuzlu ölkələrə önəm verməli oldum. Florida Universiteti yeganə müraciət etdiyim universitet idi və oradan da müsbət cavab aldığım üçün ABŞ-da təhsil almaq qismət oldu.

– Hazırda orada oxuyan bir tələbə kimi Sizin fikrinizi bilmək istərdik ki, ABŞ təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Fərqlər və üstünlüklərdən günlərlə danışa bilərik. Amma fikrimcə, əsas fərq və üstünlük ABŞ təhsil sisteminin tələbəni düşünməyə məcbur etməsidir. Tələbə dərsə müzakirə olunacaq mövzu ilə bağlı hazırlıqlı gəlməli və müəllimlə yanaşı öz fikrini də maddələrlə əsaslandıraraq söyləməlidir. ABŞ təhsili səni birbaşa iş həyatına hazırlayır və bu yolda tələbənin “gözünün yaşına” da baxmır. ABŞ təhsil sisteminin güzəşti yoxdur, iki seçimin var oxumaq və yenə də oxumaq. İlk gəldiyim günlərdə bir müəllimim mənə gündə 12 saat oxumalısan demişdi və mən bunu ilk vaxtlar elə də ciddi qəbul etməmişdim.

ulker kazimova -İlk dəfə olaraq Florida ştatına gələndə bu ölkə Sizdə hansı təəssüratları oyatdı?

Sadə, göstərişdən uzaq, süni problem yaratmayan insanlar diyari…

– ABŞ-da oxuyan əcnəbi tələbələr öz asüdə  vaxtlarını necə keçirirlər?

Smestr zamanı asudə vaxtdan söhbət belə gedə bilməz. Amma smestrlər arası tətili Amerikanı az da olsa kəşfə həsr elədim deyə bilərəm. Səyahətə üstünlük verərək New York, San Francisco və Las Vegas şəhərlərində oldum.

-Xaricdə təhsil almaq istəyən tələbələrə nə məsləhət görə bilərsiniz?

Bunu istəkdən reallığa keçirtsinlər. Məncə, xaricdə təhsil oxumağa həvəsli olan hər bir gəncin atmalı olduğu addımdır. Bir daha vurğulayıram atmalı olduğu, yəni, məncə, bu  mütləqdir, buna əsgərlik kimi də baxa bilərik. Öncəliklə,  daha fərqli və sənə çox qapılar açacaq təhsil alırsan. Eyni zamanda özünütanıma, özünüinkişaf, təkbaşına çətinliklərin öhdəsindən gəlmə imkanı əldə edirsən və düşünürəm ki, bu kifayət qədər önəmli məsələdir.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Göstərdiyiniz diqqətə görə mən də sizə minnətdarlığımı bildirirəm.

Sizə də təşəkkürlər.

 

 

Daha çox göstər

Oxşar xəbərlər