2017-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanının keçirilməsi qaydaları haqqında məlumat

Müasir dünyada müşahidə olunan inkişaf tendensiyaları bir çox sahələrin, o cümlədən təhsilin və onun fəlsəfəsinin dəyişilməsinin zəruriliyi ilə nəticələnmişdir. Artıq “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilmişdir. Təhsilin məzmununun yeni standartlar əsasında formalaşdırılması məqsədilə 1999-cu ildə “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”, 2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” təsdiq edilmişdir. Bu sənədlərə əsasən, 2007-ci ildə ibtidai (I-IV), sonrakı illərdə V-XI siniflər üçün yeni təhsil proqramları (kurikulumlar) işlənib hazırlanmışdır. Bunun davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” təsdiq edilmişdir.

Yuxarıda qeyd olunan sənədlərə əsasən, 2008-ci ildən başlayaraq, artıq 9 ildir ki, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.

Təbii ki, yeni təhsil proqramlarının tətbiqi ilə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsi aktual məsələyə çevrildi. Başqa sözlə, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yarandı. Bu ehtiyacın aradan qaldırılması istiqamətində görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verdi. Həmin Fərmanla TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK bu Fərmandan irəli gələn məsələləri yerinə yetirmək məqsədilə 2013-cü ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflər) monitorinq imtahanları keçirdi. TQDK-da monitorinq imtahanlarının nəticələri üzərində aparılan elmi-tədqiqat işləri əsasında yazı işlərinin, eləcə də esselərin qiymətləndirilməsi prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Yazı işlərinin bu və buna oxşar üsullarla qiymətləndirilməsinə beynəlxalq təcrübədə də (Böyük Britaniya, ABŞ, Rusiya, Gürcüstan və s.) rast gəlinir. Bu mexanizm respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilən yeni bir metoddur. Monitorinq imtahanlarının yazı işlərinin qiymətləndirilməsində bu metod artıq 4 ildir ki, tətbiq edilir və alınan nəticələr bu metodun yazı işlərinin qiymətləndirilməsi sahəsindəki müxtəlif subyektiv təsirləri (buraya yazı işlərini yoxlayanların öz fərdi yanaşmaları da daxildir) aradan qaldırmasındakı effektivliyini göstərir. Həmçinin bu mexanizm respublikanın ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında şagirdlərin bacarıq və vərdişlərinin qiymətləndirilməsində yazı işlərindən istifadə edilməsinə imkan verir.

Hazırda 9-cu sinifdə təhsilalanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır.

Bunları nəzərə alaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil (9‑cu sinif) səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcəkdir.

Buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla iki mərhələdə keçiriləcəkdir.

Birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən oxuyub‑anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim ediləcəkdir. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə 60 test tapşırığı təqdim ediləcəkdir. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.

Birinci mərhələnin 2017-ci ilin fevral və mart, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək.

Pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq bu yeni qaydalarla tanış olması məqsədilə ilk olaraq 22 oktyabr 2016-cı il tarixində Gəncə şəhərində seminar keçirilmişdir. Müəyyən olunmuş qrafik üzrə Naxçıvan, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvanda bölgə seminarları keçiriləcəkdir. Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin  qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı  proqramları, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları, tapşırıq nümunələri və onların qiymətləndirmə meyarları nəşr ediləcəkdir. Həmçinin həmin fənlərdən respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır./tqdk.gov.az

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group